Azərbaycanın inkişaf strategiyasının prioritetləri nikbin proqnozlar vəd edir

 

 

 

Azərbaycanın sosial-iqtisadi inkişafı ilbəil sürətlənir, ölkə həyatının bütün sahələrində köklü dəyişikliklər baş verir. Bu inkişaf və tərəqqi meyilləri  beynəlxalq təşkilatlar tərəfindən də rəğbətlə qarşılanır. Məhz bunun nəticəsidir ki, dünyanın tanınmış, nüfuzlu maliyyə təsisatlarının tərtib etdikləri reytinq siyahılarında Azərbaycanın adı öncül yerlərdə göstərilir, ölkəmizin uğurları yüksək qiymətləndirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir.

Artıq ardıcıl beş ildir ki, Azərbaycan MDB ölkələri arasında liderliyini qoruyub saxlayır. Bundan əlavə, Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012” hesabatında Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutmuş, 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmləndirmişdir. Bir sözlə, beynəlxalq reytinq agentlikləri hətta qlobal iqtisadi və maliyyə böhranı illərində də Azərbaycanın reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişlər.

 Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası dünya birliyinin layiqli üzvünə, davamlı inkişaf edən və dayanıqlı iqtisadiyyata malik bir ölkəsinə çevrilmişdir. Dövlət başçısının rəhbərliyi ilə işlənib hazırlanmış məqsədli dövlət proqramlarının qəbul edilib icraya yönəldilməsi, sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi Azərbaycanda  güclü  maliyyə bazasının yaradılmasına səbəb olmuşdur. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 50 milyard dollardan artıqdır ki, bu da 22 illik müstəqillik tarixi olan bir dövlət üçün olduqca yüksək göstəricidir. Son on il ərzində Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrünü uğurla başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilmişdir. Ötən müddətdə qlobal enerji və nəqliyyat  layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmiş Azərbaycan artıq dünyanın kosmosa peyk çıxaran dövlətləri sırasına daxil olmuşdur.

Yeri gəlmişkən, beş il əvvəl  dünyanın əksər aparıcı ölkələrində başlanan ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik davam etmiş, enerji, ərzaq və ekoloji təhklükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmiş, əhalinin həyat səviyyəsinin yaxşılaşması  davam etmişdir.  Belə ki, bu müddət ərzində ölkəmizdə ümumi daxili məhsul 3,4 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi 9,5 dəfə, tikinti 5,6 dəfə, turizm 12 dəfə, nəqliyyat 2,6 dəfə, ticarət isə 3,2 dəfə artmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən müddətdə neft və qaz satışından əldə edilmiş gəlirlər  iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizin iqtisadi strategiyasının əsas hədəfi qeyri-neft sahələrinin sürətli inkişafına nail olunmasından ibarətdir. Bu məqsədə çatmaq üçün artıq bir neçə ildir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə iqtisadiyyatın qeyri-neft sahələri neft sektorunu üstələyir.

Ölkə iqtisadiyyatının dinamik inkişafında və yüksək nailiyyətlərin qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramları mühüm rol oynamışdır. Azərbaycanın tarazlı və regional inkişafı üçün möhkəm baza yaradan həmin proqramların reallaşdırılması ilə ölkənin iqtisadi potensialı xeyli güclənmişdir. Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin dövlətin dəstəyi ilə ardıcıl şəkildə həyata  keçirilməsi nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi xeyli artaraq 2013-cü ildə 10 faizə çatmışdır. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Hazırda  regionlarımız sürətlə inkişaf edir, bölgələrdə yeni sənaye müəssisələri inşa olunur,  əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair əhəmiyyətli tədbirlər görülür.

Hazırda Cənubi Qafqaz iqtisadiyyatının 80 faizə qədərinin cəmləşdiyi  Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri ölkədə yaradılmış əlverişli biznes və investisiya mühitidir. Ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və mənafelərinin müdafiəsi, mülkiyyət toxunulmazlığı, yerli və xarici iş adamlarına bərabər şəraitin yaradılması nəticəsində ötən illərdə iqtisadiyyata 160 milyard dollardan artıq investisiya yatırılmışdır. Sevindirici haldır ki, son illər iqtisadi qüdrəti xeyli artmış Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir. Yeri gəlmişkən, hazırda Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Son on  ildə ölkəmizin xarici ticarət dövriyyəsi 8,8 dəfə, ixrac 11 dəfə, o cümlədən qeyri-neft məhsullarının ixracı 5 dəfə, idxal əməliyyatları isə 5,8 dəfə artmışdır.

Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində son on il ərzində dövlət büdcəsinin sosial yönümlü xərcləri 8,1 dəfə, əhalinin gəlirləri 6,9 dəfə, orta aylıq əmək haqqı isə 6,3 dəfə artmışdır. Ötən on ildə Azərbaycanda 1 milyon 200 mindən artıq yeni iş yeri açılmış, işsizlik səviyyəsi iki dəfəyədək azalaraq 5,2 faizə düşmüşdür. 

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələr  regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq Trans Anadolu və Trans Adriatik qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin kontraktı adlandırılan “Şahdəniz-2” layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Bu da, heç şübhəsiz,  xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

2014-cü il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir. Cari ilin əsas hədəflərini isə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev müəyyən etmiş, bununla bağlı müvafiq dövlət qurumlarına konkret tapşırıqlar vermişdir. Bu il ölkəmizdə böyük investisiya proqramı həyata keçiriləcək. Həmin proqram çərçivəsində paytaxt Bakıda, eləcə də regionlarda mühüm infrastruktur layihələri icra olunacaq. Azərbaycanın sosial-iqtisadi tərəqqisinin təmin olunmasına, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən özəl bölməyə dövlət dəstəyinin gücləndirilməsi iqtisadi strategiyamızın əsas hədəflərindən biri olacaq. Belə ki, cari ildə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinə 300 milyon manata yaxın güzəştli kreditin verilməsi nəzərdə tutulur. Həmin vəsait hesabına ölkədə yeni iş yerlərinin açılması və rəqabət qabiliyyətli məhsul istehsalının stimullaşdırılması təmin olunacaq. 2014-cü ilin inkişaf hədəflərindən biri də Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının ilk ilinə dair fəaliyyət planı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına nail olmaqdan ibarətdir. Həmin tədbirlər isə olduqca genişdir və onların reallaşdırılmasına böyük həcmdə maliyyə vəsaiti tələb olunur.

Qeyri-neft sektorunun prioritet istiqamətlərindən sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi də bu ilin başlıca hədəflərindən biri olacaq. Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi ilə hazırda ölkəmizdə mühüm ərzaq proqramı həyata keçirilir. Proqramın əsas məqsədi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi,  bu sahədə rəqabət qabiliyyətli məhsul istehsalına nail olunmasından ibarətdir. 2014-cü ilin hədəflərini bəyan edən Prezident İlham Əliyev Azərbaycanın özünün bütün ərzaq məhsulları ilə təmin etməyi qaşıya mühüm bir vəzifə kimi qoymuşdur. 2014-cü ildə iqtisadi islahatların daha da dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair proqramların həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Son illər ölkəmizdə sosial infrastrukturun yeniləşdirilməsi, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının xüsusi göstərişi ilə cari ildə bu istiqamətdə işlər bir qədər də intensivləşdiriləcək, adıçəkilən sahələrdə mühüm infrastruktur layihələri reallaşdırılacaq. 2014-cü ildə ölkəmizdə yol-nəqliyyat sektorunda da işlər davam etdiriləcək, avtomobil yollarının, o cümlədən kənd yollarının tikintisi xeyli sürətləndiriləcək. Bu il, həmçinin Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulur. Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də ölkəmizin iqtisadi həyatı üçün  son dərəcə uğurlu addım olacaq. Belə ki, Avropanı Asiya ilə birləşdirən əsas dəmir yolunun  istifadəyə verilməsi ilə Azərbaycan nəqliyyatında böyük inkişaf baş verəcək, ölkədə yüklərin daşınması prosesi sürətlənəcək. Bakı şəhərininin mühüm nəqliyyat vasitəsi sayılan metro tikintisi bu il bir qədər də intensivləşəcək və metronun bir neçə stansiyası istifadəyə veriləcək. Bundan əlavə,  paytaxtımızın simasına əlavə yaraşıq gətirəcək unikal şəhərsalma layihəsi sayılan “Ağ şəhər”in tikintisi və Bakı bulvarının bu istiqamətdə genişləndirilməsi işləri sürətlə davam etdiriləcək. 2014-cü ilin Azərbaycanda “Sənaye ili”  elan olunması iqtisadiyyatın sənayeləşdirilməsi baxımdan son dərəcə vacib bir addımdır. Bu, Azərbaycanda iqtisadi inkişaf mərhələsinin sona çatması, eyni zamanda, sənayeləşmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. 2014-cü il üçün makroiqtisadi, eləcə də büdcə göstəricilərində qeyri-neft sektorunun payının artması,  ÜDM-də bu sektorun payının 62 faizə yüksəlməsi və bir sıra amillər Azərbaycan iqtisadiyyatının  şaxələndirilməsi istiqamətində tədbirlərin intensivləşdiriəcəyindən xəbər verir. İqtisadiyyatın şaxələndirilməsi üçün isə qeyri-neft sektorunda sənayenin inkişaf etdirilməsi xüsusilə vacibdir. Yeri gəlmişkən, ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi iqtisadiyyatın neftdən asılılığını azaldaraq qeyri-neft sektorunu maksimum dərəcədə inkişafına nail olmaqdır. Qeyri-neft sektorunun dinamik inkişafı isə, heç şübhəsiz, sənayenin inkişaf səviyyəsindən keçir.

Azərbaycanda neft və qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Neft və qazdan əldə edilən gəlirlər isə qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, son iki ildə Azərbaycan qazının Avropa bazarlarına ixracını nəzərdə tutan “Şahdəniz-2” layihəsinə dair sənədlərin imzalanması ölkəmizin dünyada əhəmiyyətini bir qədər də artırmışdır. 2014-cü ildə  “Şahdəniz-2” yatağının tikintisinə start veriləcəkdir. Son nəticədə isə 2019-cu ildə Azərbaycan qazı TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı Avropaya çıxarılacaq.

Dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən birini də yoxsulluğun səviyyəsinin daha da aşağı salınması təşkil edir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son on ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enmişdir, bu da dünya ölkələri üzrə yüksək göstərici hesab olunur. Bu istiqamətdə həyata keçirilən digər işlər, eləcə də  iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində Azərbaycanın inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir.

Yeri gəlmişkən, dünyanın bir sıra mötəbər maliyyə təşkilatları da 2014-cü ildə ölkəmizin iqtisadi inkişafı ilə bağlı nikbin proqnozlar vermişlər. Məsələn, Beynəlxalq Valyuta Fondu  bu il Azərbaycanda iqtisadi artımın 5,6 faiz  təşkil edəcəyini proqnozlaşdırır. Dünya Bankının “Qlobal iqtisadi perspektivlər”  adlı məruzəsində  isə il ərzində ölkəmizdə ümumi daxili məhsulun  5,3 faiz artacağı qeyd olunur.

2014-cü il üçün qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi  iqtisadiyyatımızın davamlı inkişafını təmin edəcək, ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq.  Bütövlükdə isə Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin  uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi isə Azərbaycana böyük perspektivlər vəd edir.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında