Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatda bu barədə ətraflı bəhs edilmişdir
Prezident İlham Əliyevin rəhbərliyilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.
Azərbaycan iqtisadiyyatı dünyada son illərdə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf edir. Aparıcı ölkələr hələ də böhran problemini aradan qaldırmağa çalışdığı bir vaxtda, respublikamız dinamik inkişafa yönəlmiş yeni strateji vəzifələri uğurla reallaşdırır. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Azərbaycanda yüz minlərlə yeni iş yeri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.
Bütün bunlar barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti barədə hesabatda ətraflı bəhs edilmişdir. Qeyd olunmuşdur ki, 2013-cü il dünya iqtisadiyyatında bir qədər səngiyən, lakin davam edən iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlamışdır. Makroiqtisadi sabitlik qorunmuş, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyiş baş vermişdir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam etmişdir.
Hesabat dövründə ölkə iqtisadiyyatında qazanılmış ən uğurlu nəticələrdən biri ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faizdir. Bununla yanaşı, ən mühüm göstəricilərdən biri də iqtisadiyyatın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz bəndi artaraq 56,6 faiz olmuşdur.
Ötən il Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatmışdır. Ölkədə həyata keçirilən pul- kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları 2013-cü ildə 21 faiz artaraq 14,1 milyard dollar təşkil etmiş, manatın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır. Hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır.
Hesabat ilində sahibkarlığın inkişafına, qeyri-neft sektoruna, sosial infrastruktur layihələrinə investisiya qoyuluşu üçün əlverişli şərait yaradılmışdır. Prezident İlham Əliyevin göstərişinə əsasən, əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Sözügedən dövrdə sahibkarlıq, qeyri-neft sektoru inkişaf etmiş, ölkə üzrə 28 milyard dollar sərmayə qoyulmuşdur. Sərmayələrin 62 faizindən çoxu daxili mənbələr hesabına təmin edilmişdir.
İqtisadiyyatda işçilərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatmışdır. İlin yekununa görə, yoxsulluğun səviyyəsi 5,3 faiz təşkil etmişdir.
Yuxarıda sadalananlarla yanaşı, ötən il sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipləri təmin edilmişdir.
Hesabat ilində bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb edilmişdir. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınmışdır. Əhalinin gəlirləri 8 faiz artmış, onun adambaşına düşən hissəsi 4 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Minimum əməkhaqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq məvacib 6,2 faiz artırılaraq 423 manata çatdırılmışdır.
Hesabatda bildirilir ki, qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır.Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək 19,5 milyard manat təşkil etmişdir. Eyni zamanda, dövlət büdcəsinin xərclərində sosial təyinatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat məbləğində olmuşdur.
Sözügedən dövrdə regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası təmin edilmişdir. Proqramlar çərçivəsində yollar çəkilmiş, əhalinin qaz, elektrik enerjisi, su təchizatı və sosial infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bölgələrin prioritet inkişafını nəzərə alaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin 70 faizindən çoxu regionlara istiqamətləndirilmişdir. Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işləri xüsusilə vurğulamaq lazımdır. Belə ki, görülmüş işlərin məntiqi nəticəsi olaraq, ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Məcburi köçkünlərin yaşayış şəraitinin və sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ötən ildə də davam etdirilmişdir. İl ərzində 29 min nəfərə yaxın məcburi köçkün hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşdür. Bundan başqa, məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat vəsait xərclənmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə son on ildə bu məqsədlərə 3,6 milyard manat maliyyə vəsaiti sərf edilmişdir.
Ötən il neft-qaz sahəsinin gələcək inkişafı üçün önəmli addımlar atılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə yekun saziş imzalanmışdır. Azərbaycan qazının dünya bazarına çıxarılması məqsədi ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri ilə bağlı müqavilələr imzalanmış və onların həyata keçirilməsinə başlanılmışdır.
Respublikaya böyük həcmdə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına imkan verəcək bu layihələr ölkənin və xalqın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin davamı olaraq, hesabat ilində elektrik stansiyalarının ümumi gücü 12,9 faiz artırılmış və 7 min meqavatı ötmüşdür. Ümumən, son on ildə 17 elektrik stansiyası tikilərək istismara verilmiş, 15 min kilometrdən artıq elektrik xətti çəkilmiş, 1600-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.
Nazirlər Kabinetinin hesabatında qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar-sənaye kompleksində də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, sözügedən dövrdə kənd təsərrüfatında istehsal 4,9 faiz artmış, əsas məhsulların istehsalında müsbət nəticələr əldə edilmişdir. Yaradılmış iri taxılçılıq təsərrüfatlarında qeydə alınmış yüksək məhsuldarlıq ardıcıl həyata keçirilən ərzaq təhlükəsizliyi kursunun düzgünlüyünü təsdiq etmişdir.
Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olaraq mövcud vergi azadolmalarının müddəti daha 5 il uzadılmışdır. Dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına sahənin texniki təminatının yaxşılaşdırılması üzrə mühüm işlər görülmüşdür.
Ötən il Taxtakörpü kompleksinin istifadəyə verilməsi əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su ehtiyatlarının artırılmasına və elektrik enerjisi istehsalına imkan yaradacaqdır.
Adıçəkilən hesabatda 2013-cü ildə yol-nəqliyyat kompleksində yük və sərnişin daşınmalarında artıma nail olunması, nəqliyyat parklarının yenilənməsi ilə bağlı konkret addımlar atılması da vurğulanmışdır. Həmçinin göstərilmişdir ki, sözügedən dövrdə avtomobil yollarının tikintisi və təmiri işləri davam etdirilmiş, çoxlu sayda körpülər və keçidlər inşa olunmuşdur.
Nazirlər Kabinetinin hesabatında yuxarıda sadalananlarla yanaşı, “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, sahənin inkişafının keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, “Elektron hökumət portalı”nın fəaliyyətinin təkmilləşdirilməsi, çoxsaylı sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi, təhsilin müasir tələblərə uyğun yeniləşdirilməsi, pedaqoji kadrların hazırlığının təkmilləşdirilməsi, yeni maliyyə mexanizmlərinin tətbiqi ilə bağlı konkret işlər görülməsi də xüsusi xatırladılmışdır.
Hesabatda həmçinin vurğulanmışdır ki, ötən il 300-ə qədər məktəb binası inşa edilmiş və əsaslı təmir olunmuşdur. Səhiyyə sahəsində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri yaradılmış, əhaliyə göstərilən xidmətin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artırılmışdır. Bir çox xəstəliklər üzrə ölüm hallarının göstəriciləri kəskin aşağı düşmüş, orta tibb mütəxəssislərinə olan tələbatın ödənilməsi məqsədi ilə yeni təhsil müəssisələri açılmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Nazirlər Kabineti ölkənin hərbi gücünün artırılmasına, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Silahlı Qüvvələrin ən müasir hərbi texnika və silahlarla təmin edilməsinə prioritet istiqamət kimi xüsusi diqqət yetirmişdir. Orduda aparılan quruculuq işlərinə uyğun olaraq, hərbçilərin döyüş hazırlığının və peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmişdir. Ümumilikdə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat vəsait ayrılmışdır.
Proqnozlara görə, bu il milli iqtisadiyyatımız yüksək sürətlə artaraq, artım tempinə görə qlobal iqtisadiyyatın və MDB ölkələrinin orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili tələb ilə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun artmasını sürətləndirəcəkdir. Artım və şaxələnmə proseslərinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edəcəkdir. Bunun üçün adıçəkilən bank inflyasiyanın hökumətin proqnozu - birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək verəcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.