Azərbaycanda sənayenin sürətli inkişafına xüsusi diqqət yetirilir

 

 

 

 

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaysanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.

Sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas tezislər öz əksini tapmışdır. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.

Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin  xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.

Ölkəmiz zəngin sənaye ənənələrinə malikdir. Dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizi Azərbaycanda hasil edilirdi. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə neftin çıxarılması da Azərbaycanın adı ilə bağlıdır. 1949-cu ildə sahildən 100 kilometr məsafədə yerləşən Neft Daşlarında ilk quyu fontan vurdu.  Bununla əlaqədar neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük yüksəliş baş verdi.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verildi. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirildi. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradıldı.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası irəli sürüldü və 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 25-dən artıq beynəlxalq saziş imzalandı. Məhz bu dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsası qoyuldu və ölkəmizin  müasir infrastrukturu formalaşmağa başladı.

Azərbaycanın neft maşınqayırma kompleksi vaxtilə Sovet İttifaqında neft və qazın hasilatı, quyuların cari və əsaslı təmiri avadanlıqlarının 70 faizini istehsal edirdi. Bu avadanlıqlar dünyanın 35 ölkəsinə ixrac olunurdu. Bu gün isə “Azneftkimyamaş” ASC 18 törəmə səhmdar cəmiyyətini, o cümlədən  90 addan artıq və 600 növdən çox nomenklaturada neft və qeyri-neft avadanlıqları istehsal edən 14 zavodu birləşdirir. Həmçinin buraya  elmi-tədqiqat, təcrübə-sınaq və layihə-texnoloji fəaliyyətlə məşğul olan 500-dən çox alimin, mühəndis-texniki işçilərin çalışdığı 4 elmi-tədqiqat və layihə institutu daxildir. ASC-nin müəssisələrində istehsal edilən bir çox məmulatlar üzrə Amerika Neft İnstitutunun monoqramları alınmışdır.

Son  illərdə bir sıra iri sənaye müəssisələri - Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcəkdir.

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunmuşdur. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Artıq Azərbaycan kosmik sənayeyə malik ölkələr sırasına daxil olmuşdur. İndi Azərbaycanın öz peyki vardır və bu, tarixi nailiyyətdir. Həmçinin ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılmışdır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. Müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.

Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodu ölkəmizin Xəzər regionundakı mövqelərinin güclənməsinə xidmət edir. Bu zavodda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulmuşdur. Yaxın illərdə inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların xarici bazarlara çıxarılması gözlənilir. Aparılan ilkin hesablamalara əsasən bu komplekslərə 14-15 milyard dollar həcmində sərmayə yatırılacaqdır. Yeni texnologiyalara əsaslanan bu strateji layihə Azərbaycana çox böyük dividentlər gətirəcəkdir.

Aqrar sektorun inkişafına yönəlmiş Karbamid zavodunun tikintisinə başlanması da önəmli hadisədir. Ölkəmizin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində inşa olunan bu zavod kənd təsərrüfatının yüksək keyfiyyətli gübrəyə tələbatını tam ödəyəcəkdir.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 250 hektardır və texnoparkda 4500-dən artıq işçi çalışır. Buradakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Zavodun məhsullarından məişət avadanlıqlarında, kontakt sistemində geniş istifadə olunur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur. STP-nin ikinci ən böyük müəssisəsi olan polimer məmulatlar zavodunda su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir.

Sumqayıt Texnologiyalar Parkının ağır maşınqayırma zavodunda tikinti-quraşdırma, elektroenergetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, hidroturbinlər, külək generatorları, dəqiq mexanika zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri və digər məhsullar hazırlanır. Texnoparkda Günəş kollektoru qazanları, həmçinin bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər zavodlar da fəaliyyət göstərir. Bu gün STP Azərbaycanın istənilən guşəsində tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabelləri və digər zəruri məmulatlarla təmin edir.

Texnologiyalar parkında dəmir yolu vaqonları zavodunun tikintisi başa çatmışdır. Hazırda sınaq işləri yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə Rusiya, Ukrayna üçün vaqonlar istehsal etmək məqsədilə bu dövlətlərlə danışıqlar aparılır. Heç şübhəsiz, bu zavod da Azərbaycan büdcəsinə böyük gəlir gətirən bir müəssisə olacaqdır. Yaxın vaxtlarda alkapon və transformator istehsal edən zavodlar da işə salınacaqdır. 

“Holcim-Azərbaycan” şirkəti dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim qrupu”nun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş qrup 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik aparıcı qlobal şirkətə çevrilmişdir. Bu şirkətin yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ölkədaxili tələbatın əksər hissəsini ödəyir. Hazırda “Holcim-Azərbaycan”nın istehsal etdiyi sementdən irimiqyaslı tikinti işlərində və qlobal enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur.

“Holcim-Azərbaycan” şirkəti respublikada yeganə klinker istehsalçısıdır. Sement istehsalı üçün yüksək keyfiyyətli klinker tələb olunur və şirkət istehsal prosesi zamanı ətraf mühit amilini diqqət mərkəzində saxlayır. Bu məqsədlə “Holcim-Azərbaycan” ənənəvi istehsal prosesi ilə yanaşı, daim alternativ mənbələr axtarışındadır. Məsələn, əsas xammal kimi yararsız əhəng daşından istifadə edilir və bu, daş karxanalarında yaranan tullantıların təmizlənməsinə, eləcə də təbii resursların qorumasına öz müsbət təsirini göstərir. Şlam, dəmir filizi, dəmir yanığı, boksit tullantıları, çirkab və kanalizasiya suları da potensial alternativ xammal resursları sırasındadır. Bu fəaliyyətlər Azərbaycanda ətraf mühitə müsbət təsir göstərir və təbii resurslara qənaət etməklə cəmiyyətə tullantıların təkrar istifadəsini təşviq edir.

Ölkə  Prezidentinin  2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin planda  sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz ifadəsini tapmışdır.

Sənayeləşdirmə siyasətinin həyata keçirilməsi  üçün bir sıra tədbirlərin reallaşdırılmasının vacibliyi vurğulanmışdır. Bura daxili bazarı xarici inhisarın ekspansiyasından qorumaq, sənaye məhsullarının ixracını dəstəkləmək, xarici texnologiyaların transferində yerli istehsalçıların maraqlarının müdafiəsi, nou-hauların alınması, təcrübi-konstruktor işləmələrinin birbaşa maliyyələşdirilməsi və onlardan istifadə hüququnun istehsalçıya verilməsi, müasir texnoloji durumun tələbləri səviyyəsində elmi, mühəndis-texniki, ixtisaslı fəhlə kadrları hazırlığını həyata keçirmək və digər tədbirlər daxildir.

2014-cü ilin “Sənaye ili” elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.

Ölkə Prezidenti cənab İlham Əliyev cari ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında