Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

 

Rusiya Federasiyası Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 13-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə və ticarət sahələrində fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak etmişdir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumda çıxış edərək, Azərbaycan-Rusiya əməkdaşlığının inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulamışdır. Bildirilmişdir ki, bu məqsədlə möhkəm müqavilə-hüquqi baza yaradılmış, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanmışdır. Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox artmışdır. Ölkəmizin Sverdlovsk Vilayəti ilə ticarət dövriyyəsi isə 2,1 dəfə çoxalmışdır. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət vardır. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 milyon ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 milyon dollar investisiya yatırılmışdır. Son 10 ildə ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə 995,5 milyon dollar təşkil etmişdir.

Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətini müsbət qiymətləndirən nazir Şahin Mustafayev Rusiya Federasiyasının 4 subyekti və ölkəmiz arasında da hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Belə ki, son üç ildə Rusiya subyektləri ilə 13 biznes forum və işgüzar görüş keçirilmiş, sərgi təşkil olunmuşdur. Bugünkü biznes forum da Azərbaycan və Rusiyanın regionları arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Nazir forum iştirakçılarına ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.

Rusiya Federasiyası Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşev ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsindən danışmışdır.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Ural Ticarət və Sənaye Palatasının prezidenti Andrey Besedin iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində AZPROMO ilə Ural Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Tədbirdə Azərbaycan və Sverdlovsk barədə videoçarxlar nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında