Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsi uğurla davam etdirilir. Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda “mavi yanacağa” olan tələbatının ödənilməsinə çalışan bir sıra Avropa ölkələri Şahdəniz qazına daha çox ümid bəsləyirlər. Bu da ölkəmizin regionda etibarlı tərəfdaş kimi mövqeyini getdikcə möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub” qaz dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında 2014-cü il fevral ayının 25-də imzaladığı sərəncam bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, nizamnamə kapitalı 100 milyon dollar təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan qapalı səhmdar cəmiyyəti təsis edilmişdir ki, bundan da məqsəd layihənin səmərəli idarə olunmasını təmin etməkdən ibarətdir. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsinin təmin olunması isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılmışdır.
“Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 18 ilə yaxın vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 11 il əvvəl – 2003-cü ilin fevral ayında start verilmişdir. Xatırladaq ki, birinci mərhələdə “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”də quraşdırılmış unikal platformadan yeddi ildən artıqdır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Bu isə Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələr sırasındakı mövqeyini getdigcə möhkəmləndirir. Göründüyü kimi, ölkəmiz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sıra nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da Azərbaycanı ən potensial qaz təchizatçısı hesab edirlər.
“Şahdəniz” layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. 2013-cü ildə layihə üzrə fəaliyyətlərə 200 milyon dollar, əməliyyat xərclərinə isə 1 milyard 700 milyon dollar əsaslı vəsait sərf olunmuşdur. 2014-cü il üçün isə bu rəqəmlərin müvafiq olaraq 200 milyon dollar və 4 milyard təşkil edəcəyi proqnozlaşdırılır. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində həyata keçiriləcək tikinti-quraşdırma tədbirlərinə, o cümlədən dənizdəki quraşdırma işlərinə və Səngəçal terminalının genişləndirilməsinə sərf olunacaq.
Ötən il “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində Azərbaycan (ARDNŞ-ə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Belə ki, il ərzində yataqdan 9,8 milyard kubmetr qaz və 2 milyon 480 min ton kondensat hasil edilmişdir. Hesabat ilində burada gündəlik qaz və kondensat hasilatı müvafiq olaraq təxminən 26,8 milyon kubmetr və 53 min 740 barrel təşkil etmişdir. Bütövlükdə isə 2006-cı ilin sonlarında “Şahdəniz” yatağında hasilata başlanan gündən 2013-cü ilin sonunadək Avropa bazarlarına təqribən 47,3 milyard kubmetr qaz və təqribən 12,6 milyon ton kondensat ixrac edilmişdir.
Ötən müddətdə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” layihəsi üzrə hasilat sisteminin gündəlik maksimum gücü 970 milyon standart kub fut qaz və 55 min barrel kondensat səviyyəsinə qaldırılmışdır. Yeri gəlmişkən, bu yaxınlarda “Şahdəniz” layihəsinin tərəfdaşları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 2014-cü ilin sonuna qədər gündəlik hasilatın təxminən 1 milyard 40 milyon standart kub futa qədər artırılması ilə bağlı şərtlər razılaşdırılmışdır.
2013-cü ildə “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilmişdir. Belə ki, ötən il SDA-03y yanaqazma quyusunda başlanmış qazma əməliyyatları hazırda tamamlama mərhələsindədir. Həmin quyunun istismara verilməsi isə cari ilin birinci rübünə planlaşdırılır. Bununla yanaşı, adıçəkilən layihənin ikinci mərhələsi üzrə də bir sıra uğurlu qazma əməliyyatları aparılmışdır. 2013-cü ilin sentyabrında “İstiqlal” qazma qurğusu vasitəsilə SDC-02 quyusunda qazma işləri başa çatdırıldıqdan sonra SDC-03 quyusunda analoji əməliyyatlara start verilmişdir. Həmin quyunun isə 2014-cü il ərzində təhvil veriləcəyi gözlənilir. Ötən ilin sentyabr ayında Heydər Əliyev adına qazma qurğusu SDX-07Ay quyusunda qazma əməliyyatlarını başa çatdırdıqdan sonra qurğunun texniki modifikasiya və sertifikatlaşması proqramı həyata keçirilmişdir. Bu il, həmçinin layihə çərçivəsində SDD-02 quyusunda qazma əməliyyatlarının başlanması və quyunun təhvil verilməsi planlaşdırılır.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına “mavi yanacaq” təchizatını və enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcək. Bu, eyni zamanda, hazırda dünya üzrə işlənməkdə olan ən böyük qaz layihələrindən biridir. Xatırladaq ki, layihənin ümumi dəyəri Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi də daxil olmaqla 28 milyard dollar civarında olacaq. “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. Bu mərhələ çərçivəsində ilk qazın Gürcüstan və Türkiyəyə ixracına 2018-ci ilin sonlarında başlanacaq. Avropa bazarına isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, həmçinin Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.
Artıq “Şahdəniz” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri, hasilat və qazın Avropa bazarlarına çatdırılması üçün tələb olunan zəruri sənədlər imzalanmışdır. Belə ki, 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu layihənin ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarını təsdiq etmişdir. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan vermişdir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi yaradacaq. Yeri gəlmişkən Bakıda–Heydər Əliyev Mərkəzində keçirilən “Şahdəniz” mərhələ-2 üzrə yekun investisiya qərarının rəsmi imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu addımı əlamətdar hadisə kimi dəyərləndirərək demişdir: “Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. “Şahdəniz” dünyanın ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir". “Şahdəniz” sazişini XXI əsrin müqaviləsi adlandıran dövlət başçısı imzalanma mərasimini müstəqil Azərbaycanın energetika tarixində vacib bir mərhələ kimi dəyərləndirmişdir. Bu da təsadüfi deyil. Çünki “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi və “Cənub” qaz dəhlizi boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir. Yeri gəlmişkən, mərhələ-2 layihəsi “Şahdəniz” qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan əlavə, bu mərhələ çərçivəsində hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər isə Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.
Yekun investisiya qərarı imzalandıqdan sonra konsorsium podratçı şirkətlərlə bir neçə müqavilə, o cümlədən Bakı yaxınlığındakı Səngəçal terminalında “Şahdəniz” layihəsinin ikinci mərhələsi üçün lazım olan qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri, iki platforma üçün üst modulların inşası, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, eləcə də dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi üzrə müqavilələr imzalamışdır. Yerdə qalan müqavilələr isə bu il bağlanacaq. Həmin sənədlərə sualtı boruların quraşdırılması, dənizə daşınması və quraşdırma işləri daxildir. Bu il dayaq blokları və üst modulların inşası üçün tikinti-quraşdırma sahələrində, həmçinin qurudakı terminal tikinti sahələrində işlərə başlanılacaq, “İstiqlal” və Heydər Əliyev qazma qurğuları vasitəsilə isə qazma işləri davam etdiriləcək.
2013-cü ildə “Şahdəniz” layihəsinin birinci mərhələsi çərçivəsində hasil edilən qazın Cənubi Qafqaz boru kəməri ilə ixracı da uğurla davam etdirilmişdir. Yeri gəlmişkən, ötən il adıçəkilən boru kəməri ilə bağlı fəaliyyətlərə 50 milyon dollar əməliyyat və 250 milyon dollar əsaslı xərclər sərf edilmişdir. 2014-cü il üçün isə bu işlərə 50 milyon dollar əsaslı vəsaitin xərclənməsi nəzərdə tutulur. Cari ildə kəmərin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi ilə əlaqədar olaraq əsaslı xərclər bir milyard 250 milyon dollara qədər artacaq. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından etibarən isə həm də Türkiyəyə “Şahdəniz” yatağının birinci mərhələ qazını çatdırır. Ötən il Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 13,4 milyon kubmetr qaz və ya gündə 81 min 600 barel neft ekvivalenti təşkil etmişdir.
Sözügedən boru kəmərinin obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operatoru bp, biznes icrası üzrə məsul kommersiya operatoru isə Statoyl şirkətidr. Boru kəmərinin genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 2013-cü il dekabr ayının 17-də “Şahdəniz” layihəsinin ikinci mərhələsi üçün qərar verilməsi ilə eyni zamanda qəbul edilmişdir. Bu il ərzində bir sıra müqavilələrin, o cümlədən ilkin işlər və boru kəməri qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin bağlanması planlaşdırılır. Cari ildə, həmçinin ilk borular Azərbaycana gətiriləcək.
Qarşıdakı illərdə Azərbaycan dövləti “Şahdəniz” layihəsindən 200 milyard dollar gəlir əldə edəcək. Bütün bu amillər isə Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu bir qədər də artıracaq, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.