Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi

 

 

 

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri sayılır.

Aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdə durur. Kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet məsələ kimi qalacaqdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyində bu məqsədlə struktur dəyişiklikləri aparılır. Yeni struktur müasir tələblərə cavab verməlidir.

Qeyd etmək lazımdır ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası ötən əsrin 90-cı illərinin ortalarında qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu  proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb.

2003-cü ildən sonra Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması ilə əlaqədar aqrar sahənin daha da intensivləşdirilməsi üçün görülən tədbirlər genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edir. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.

Aqrar sahənin inkişafı, yoxsulluğun azaldılması regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında da aparıcı yer tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və qəbul olunmuş digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2009-2013-cü illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmişdir.

Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir  texniki vasitələrin cəlb edilməsi həlledici əhəmiyyətə malikdir. Məlumdur ki, yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsait tələb edir. Dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün deyil. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması barədə sərəncam verib. “Aqrolizinq” ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və digər funksiyalar həvalə edilib.

“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttilə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası alınaraq məhsul istehsalçılarına çatdırılmışdır.

2005-2013-cü illərdə ölkəyə gətirilən həmin texnikalara dövlət büdcəsindən 650 milyon manat vəsait xərclənmişdir. Eyni zamanda, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmış, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün 2009-cu ildən etibarən 9306 baş ətlik və südlük istiqamətli damazlıq qaramal və 1321 baş yüksək məhsuldarlıq qabiliyyətinə malik cins keçilər alınıb lizinqə verilmişdir. Yaxın 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” markalı 600-dən artıq traktor alınaraq istifadəyə veriləcəkdir. 

Aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarı idxaldan asılı olmasın, xaricdən gətirilən ərzaq məhsullarının miqdarı maksimum azaldılsın, ölkədə ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ilin may ayında ölkə Prezidenti tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib.

2008-2015-ci illəri əhatə edən həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab edilir. Proqramın qəbul olunmasının ardınca orada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək üçün büdcədən kənd təsərrüfatına ayrılan xərclər 2009-cu ildə əhəmiyyətli dərəcədə 44 faiz artaraq 388,2 milyon manata çatdırılıb. Bu artım tendensiyası sonrakı illərdə də davam edib və gələcəkdə də belə olacaq.

Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq 2003-cü ildən sonra aqrar sektorda inkişaf davamlı şəkil almışdı. 2003-2007-ci illər ərzində aqrar bölmədə real artım orta hesabla ildə 4,5 faiz təşkil edirdi. Bu ənənə sonrakı illərdə də davam edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Həmin dövrdə kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manat əvəzinə 2013-cü ildə 2 milyard 617 milyon manat olmuşdur. Başqa sözlə desək, son 10 ildə bu sahədə artım 3,8 dəfə təşkil etmişdir.

Statistik göstəricələrə görə, kənd təsərrüfatı məhsullarının həcmi Azərbaycanın ümumi daxili məhsulunda hələlik 5,4 faizlik yer tutur. Burada əsas fondların 7,9 faizi, məşğul əhalinin isə 38 faizi cəmlənib. Hazırda bu sahədə 24 min kiçik müəssisə, 2800 fərdi sahibkar, 10 min ailə fəaliyyət göstərir. Son on ildə 550 yeni emal müəssisəsi işə salınıb.   

Kənd təsərrüfatında artım sürətini saxlamaq üçün dövlət tərəfindən hər il bu sahəyə milyonlarla vəsait xərclənir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda deyildiyi kimi, fermerlərə verilən subsidiyalarda və kreditlərdə hələlik istənilən şəffaflıq nəzərə çarpmır. Məlumdur ki, dövlət başçısının sərəncamına əsasən fermerlərə yanacaq 50 faiz endirimlə satılır, onlar mineral gübrələrin dəyərinin 50-75 faizini ödəyirlər. Bu maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən hər il təqribən 600 min kənd təsərrüfatı istehsalçısına maddi kömək olunur.

Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatı (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə isə böyük ölçüdə) ödəməyə imkan verir. Ekspertlərin rəyinə görə, ölkəmiz əhalinin etibarlı ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük potensiala malikdir. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”nda da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Bir sözlə, müstəqillik illərində kənd təsərrüfatının inkişafına dair qəbul olunmuş dövlət sənədlərində əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ kimi qarşıya qoyulur. Əsas ərzaq məhsulu hesab edilən buğda istehsalını indikindən azı iki dəfədən çox artırmaq üçün iri taxılçılıq kompleksləri yaradılır. Ölkə rəhbərinin tapşırığına əsasən, yaxın illərdə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır. Məhsul istehsalının artırılmasında qabaqcıl texnologiyalara geniş meydan açılması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, taxılçılığı ildən-ilə inkişaf etdirən rayonlarımız az deyildir. Şəki, Cəlilabad, Neftçala, Füzuli rayonlarını və Naxçıvan Muxtar Respublikasını misal göstərmək olar. Həmin yerlərdə hər il 100 min tondan çox taxıl məhsulları istehsal olunur.

Son on ildə Şəki rayonu fermerlərinin taxılçılıq sahəsində əldə etdikləri nailiyyətlər hamıya nümunə olmalıdır. 2003-cü ildə burada 72775 ton taxıl istehsal edilmişdisə, keçən il bu rəqəm 263 min tondan çox olmuşdur. Son on ildə Şəki rayonunda 1 milyon 540 min 431 ton taxıl istehsal edilmişdir. Bunun 1 milyon 102 min 683 tonu buğda məhsulu olmuşdur ki, bu da 177,5 min nəfər əhalisi olan Şəkinin ərzaq təhlükəsizliyini qat-qat artıqlaması ilə təmin etmişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı yekun nitqində ölkə başçısı cənab İlham

Əliyev demişdir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələlərdir. Bunların həllinə bütün dövlət qurumları kömək göstərməlidir.

Son illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə böyük həcmdə təmin edə bilmişdir. Fermerlərimiz əhalini tərəvəz, bostan məhsulları ilə 100 faiz, meyvə və giləmeyvəylə 126 faiz, şəkər və şəkərdən hazırlanan məhsullarla 174 faiz təmin edirlər. Kartofun, ət və ət məhsullarının özünü təminetmə səviyyəsi 100 faizlik həddə çatmaq üzrədir.

Azərbaycan bazarı dinamik və böyüyən bazardır. Bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Elə etmək lazımdır ki, öz bazarımızda özümüzün yerli məhsullarımız hegemonluq etsin. Söz yox ki, bütün bu deyilənlər yaxın illərdə öz həllini tapacaqdır. Azərbaycan fermerləri ərzaq məhsulları istehsalını o dərəcəyə çatdıracaqlar ki, ölkəmiz idxalçıdan ixracçı ölkəyə çevriləcəkdir. Bunun üçün onlara hər cür imkan və şərait yaradılır.

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında