Azərbaycan İKT sahəsində liderliyini qoruyur
Bir qədər mübahisəli olsa da, nüfuzlu alimlərin böyük əksəriyyəti hesab edir ki, bəşər tarixində üç mühüm kəşf insanın dünyagörüşündə inqilabi dəyişikliklərə səbəb olub. Nikolay Kopernik heliosentrik sistemi kəşf etməklə Yer kürəsinin kainatın mərkəzi olması haqqındakı inamı rədd edib. Həvəskar-təbiətşünas Çarlz Darvin isə öz təlimilə insanın heyvanlar aləmində xüsusi mövqeyə malik olması haqqındakı inamı aradan qaldırmağa çalışıb. Nəhayət, Ziqmund Freyd cəsarətlə ortaya atdığı təlimilə sübut edib ki, insan nəinki xarici aləmdə, hətta öz daxilində baş verənləri bütün təfərrüatı ilə dərk edə bilmir.
Bu üç kəşfi alimlər "kosmik", "bioloji" və "psixoloji" zərbələr adlandırırlar. Amma üçüncü minilliyin yeni əsrində insan daha bir "zərbənin" hədəfinə çevrilib. Bu "zərbənin" adı İKT-dir, yəni informasiya-kommunikasiya texnologiyaları. Qlobal şəbəkənin-İnternetin kəşfilə inkişafı böyük sürət götürmüş informasiya-kommunikasiya texnologiyaları erasında insan bu "zərbənin" gücünə tab gətirmək və irəli getmək üçün böyük işlərə imza atmağa hazır olmalıdır. Dünya birliyinin fəal üzvü kimi Azərbaycan vətəndaşı da yeni əsrin yeni "zərbəsinə" qarşı müvafiq müdafiə tədbirləri həyata keçirməli və bundan maksimum dərəcədə faydalanmağı bacarmalı, qloballaşma "qayığında" özünə layiq yerini tutmaq üçün vacib tapşırıqları yerinə yetirməlidir.
Sevindirici haldır ki, Azərbaycanın sürətlə inkişaf etdiyini təsdiqləyən cədvəllərin sayı durmadan artır. "Ümumdünya iqtisadi forum"un açıqladığı hesabatda qeyd edilmişdi ki, 2005-ci ildə informasiya texnologiyalarından istifadənin səviyyəsinə görə Azərbaycan 73-cü yeri tutmuşdu. Araşdırmanın 115 ölkə arasında aparıldığını nəzərə alsaq, əldə olunmuş nəticənin heç də pis olmadığını qeyd edə bilərik. Bir sıra vacib parametrlərə görə arxada qalması ilə həmişə seçilən Ermənistan bu dəfə də "əla nəticə" nümayiş etdirmişdi. Avropalı mütəxəssislər araşdırmalardan sonra belə qənaətə gəlmişdilər ki, Ermənistana 86-cı yer yaraşır. Bunun indiyədək "intellekt resurslarına görə" fəxr edən ermənilər üçün əsl "soyuq duş" təsiri bağışladığını çəkinmədən demək olar. Qonşu Gürcüstanın isə 96-cı yerdə qərar tutduğu qeyd olunmuşdu.
Beynəlxalq forumun 2009-2010-cu illər üçün hazırladığı hesabatda da Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında önə keçdiyi məlum oldu. Belə ki, ölkəmiz stasionar rabitə abonentlərinin sayına görə 75-ci, mobil rabitənin yayılma səviyyəsinə görə 93-cü, internet istifadəçilərinin sayına görə isə 99-cu yerdə qərarlaşdı. İşğalçı Ermənistanınsa həmişə olduğu kimi, sadalanan bütün parametrlər üzrə arxada qaldığı üzə çıxdı. Ötən ilin mart ayında Beynəlxalq Elektikrabitə İttifaqının 2002-2007-ci illəri əhatə edən araşdırmasında qeyd olunmuşdu ki, Azərbaycan Pakistan, Səudiyyə Ərəbistanı, Çin, Lüksemburq və Rumıniya ilə yanaşı İKT sahəsi sürətlə inkişaf edən ölkədir. Hesabatda xüsusilə vurğulanmışdı ki, ötən müddət ərzində Azərbaycanda mobil rabitənin yayılma səviyyəsi dəfələrlə artmışdır və ölkədə həyata keçirilmiş islahatlar sayəsində İKT-nin daha da inkişaf etməsi üçün əlverişli mühit var.
Statistik məlumatlara görə, 2007-ci ildən başlayaraq İKT sahəsinin gəliri 25-35 faiz civarındadır. 2008-ci ildə telekommunikasiya sahəsinə yatırım 270,5 milyon dollar təşkil edib ki, bunun da 52,2 milyon dolları dövlət müəssisələrinin payına, 218,3 milyon dollarısa özəl müəssisələrini payına düşür. 2009-cu ildə İKT sahəsinin gəliri 108,2 milyon dollar olub ki, bu da 2008-ci illə müqayisədə 13,6 faiz çoxdur. Cari ildə də İKT və poçt xidmətləri sahəsində artım tempi davam edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarına görə, 2010-cu ilin ilk altı ayı ərzində gəlirlərin həcmi 638 milyon manata çatıb. Bu, ötən ilin müvafiq dövrüylə müqayisədə 28 faiz çoxdur.
Qlobal şəbəkəyə-internetə qoşulma səviyyəsinə görə də Azərbaycan yüksək nəticələr nümayiş etdirir. "İnternet World Stats" beynəlxalq monitorinq təşkilatı son hesabatında bildirmişdir ki, internetin Azərbaycanda yayılma səviyyəsi 44,4 faiz olub. Məlumat verilir ki, 2010-cu ilin iyun ayının nəticələrinə görə ölkədə internet istifadəçilərinin sayı təqribən 3,7 milyon nəfərə yaxınlaşıb. Son 10 ildə internet istifadəçilərinin artım tempi 30641,7 faiz təşkil edib. Qeyd etmək yerinə düşərdi ki, dünyada internetin yayılma səviyyəsi 26,6 faizə bərabərdir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində şəhər və rayonlarda əhalinin qlobal şəbəkəyə qoşulması istiqamətində yüksək nailiyyətlər əldə olub.
Bütün bunlar nədən xəbər verir? Doğru fikirləşirsiniz, Azərbaycan təkcə neft ölkəsi kimi yox, həm də informasiyalı cəmiyyətin güclü olduğu məmləkət kimi də tanınmağı qarşısına məqsəd qoyub və rəsmi Bakı bu istiqamətdə strateji addımlar atmaq üçün səylərini cəmləşdirib. Təbii ki, İKT sahəsində əldə edilmiş inkişaf hökumətin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Bunu xarici iş adamları da etiraf edirlər. Məsələn, "Hewlett Packard" şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozakın sözlərinə görə, Azərbaycanda İKT sahəsində müşahidə olunan sabit artım tempi ilk növbədə ölkədəki iqtisadi sabitliklə bağlıdır. Onun sözlərinə görə, məhz əlverişli iqtisadi şərait, maliyyə böhranın əlamətlərinin yoxluğu, milli valyutanın sabitliyi uğurlu biznes üçün əla imkanlar yaradır.
Təbii ki, informasiya texnologiyalarından istifadənin səviyyəsi bir tərəfdən ölkədə böyük şirkətlərin fəaliyyətilə bağlıdırsa, digər tərəfdən hökumətin bu sahəyə diqqəti artırması ilə, daha doğrusu, vacib olan qanunların qəbul edilməsilə əlaqədardır. Əlamətdar haldır ki, hələ 2003-cü ildə böyük öndər Heydər Əliyev Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə milli strategiyanın təsdiq olunması barədə fərman imzalamışdı. 2003-2012-ci illəri əhatə edən proqramda Azərbaycanda İKT-nin inkişafına dövlət qayğısı və konkret tapşırıqların yerinə yetirilməsi vəzifə kimi müvafiq dövlət qurumunun qarşısında qaldırılmışdı. Ulu öndər çox gözəl bilirdi ki, müasir cəmiyyətdə qabaqcıl İKT-nin mənimsənilməsi ölkələrin inkişaf fundamentinə, daha dəqiq desək, İKT faktiki olaraq energetika, yol kommunikasiyaları və dövlət iqtisadiyyatı üçün həyati vacib digər sistemlər kimi fundamental infrastruktura çevrilib. Buna görə də qabaqcıl İKT-nin strateji əhəmiyyətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev cəmiyyətin informasiyalaşdırılması prosesinin dövlətin nəzarəti altında həyata keçirilməsini məqsədəuyğun saymış və postsovet məkanının çox az ölkəsində qəbul olunmuş bir sıra vacib qanunların təsdiq edilməsinə təşəbbüs göstərmişdi. Hazırda "Telekommunikasiya haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Elektron imza və elektron sənəd haqqında" və bir sıra qanunların qəbul olunması İKT-nin inkişafı üçün lazımi hüquqi baza yaradıb.
Aydındır ki, Azərbaycan rəhbərliyi ölkənin qeyri-neft sektorunun da inkişaf etməsində maraqlıdır. Artıq bütün dünya iqtisadi-sosial tərəqqinin Azərbaycanın bölgələrini də əhatə etməsinin şahidinə çevrilib. Bölgələrdə yollar salınır, zavod-fabriklər tikilir, yeni məktəblər inşa edilir. Amma iqtidar yeni dövrün çağırışlarına adekvat reaksiya vermək üçün regional inkişafın İKT-nin inkişafı fonunda da nəzərdən keçirilməsini vacib sayır və bu istiqamətdə önəmli addımlar atır. Artıq ən ucqar yaşayış məntəqəsində belə İKT-nin yeniliklərindən istifadə üçün şərait yaradılır, əhalinin informasiyalı cəmiyyətə uyğunlaşması üçün əsaslı tədbirlər həyata keçirilir. Regionlarda İKT-nin tətbiq edilməsi məsələsində dövlətin konkret məqsədi ölkənin neft sahəsindəki uğurlarından estafeti qəbul etməkdən ibarətdir.
Düşünə bilərsiniz ki, "estafeti" qəbul etmək mümkün olacaqmı? İKT ilə birbaşa bağlı olan şirkətlərin Azərbaycandakı fəaliyyəti və əldə etdikləri uğurlar suala müsbət cavab vermək üçün əsas yaradır. Artıq istər təhsil sahəsində, istərsə də xidmət sektorunda İKT-dən istifadənin səviyyəsinin getdikcə artması nikbinlik üçün əsas verir. Məsələn, "İntel" şirkəti hökumət ilə birlikdə Azərbaycanda tələbələrin fərdi kompyuter əldə etmələri üçün çevik kredit mexanizminin təşkilində yaxından iştirak etməsi və bir sıra təhsil ocaqlarında kompyuter biliklərinin əldə olunmasına çalışması təqdirəlayiq haldır. "İntel" şirkəti və Azərbaycan hökuməti arasında iş birliyinin nəticəsidir ki, bu gün Azərbaycanın ali məktəblərində yüzlərlə tələbə tədris prosesində fərdi kompyuterlərdən istifadə edir.
Eyni sözləri "Hewlett Packard" şirkəti barədə də demək olar. 2005-ci ilin nəticələrinə görə, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında daha çox uğuru Azərbaycanda qazanması şirkət rəhbərliyinin böyük marağına və məmnunluğuna səbəb olmuşdu. Şirkət rəhbərliyi İKT-nin inkişafında Azərbaycan hökumətilə birlikdə əməkdaşlığa müsbət baxdığını açıqlayır. Bütün bunlar, təbii ki, İKT sahəsinə bu və ya digər dərəcədə bağlı olan qurumların diqqətindən yayına bilməzdi. Bunun nəticəsidir ki, dünyanın ən böyük şirkətlərindən biri olan "Microsoft" korporasiyası da Azərbaycanda rəsmi nümayəndəliyini açdı və İKT-nin inkişafında hökumətlə birlikdə çalışmağa hazır olduğunu bildirdi. Korporasiyanın Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Vladimir Çaykovski müsahibələrinin birində Azərbaycana gəlmələrinin səbəblərini belə açıqlayır: "Yüksək iqtisadi inkişaf göstəriciləri, texnologiyaların tətbiqi sahəsində iri layihələrin realizasiyası, həmçinin, Azərbaycanın inteqrasiyasının miqyası Azərbaycanda nümayəndəliyin açılmasının məqsədəuyğun olduğunu göstərdi".
Böyük şirkətlərin də fəaliyyət göstərmələrini yüksək qiymətləndirən cənab Çaykovski xüsusi olaraq vurğulamışdı ki, kiçik olmasına baxmayaraq, Azərbaycanda İKT bazarı kifayət qədər sürətlə inkişaf edir. Vacib məqamlardan biri budur ki, Azərbaycana işləmək üçün gələn şirkətlər hökumətin İKT sahəsinə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirir. Cənab Çaykovski bununla bağlı bildirmişdi ki, Azərbaycan hökuməti İKT-nin təhsil sahəsinə tətbiqinə böyük əhəmiyyət verir və bu da İKT-nin inkişaf perspektivinə nikbin baxmaq üçün əsas verir. Nəzərə alsaq, "Microsoft" kimi nəhəng şirkət təhsil sahəsində İKT-nin tətbiqinə böyük diqqət ayırır, o zaman çəkinmədən, demək olar ki, Azərbaycanda da bu sahədə böyük irəliləyişlər olacaq. Artıq "Microsoft Office" proqram təminatının Azərbaycan dilinə tərcümə olunması və açıq şəkildə hər bir istifadəçinin ixtiyarına verilməsi böyük uğurdan xəbər verir.
Bir sözlə, Azərbaycan hökuməti iqtisadiyyatın digər sahələrində əldə etdiyi uğurları İKT sahəsində də davam etdirmək istəyir. Bu istəyin nəticəsidir ki, artıq Azərbaycan beynəlxalq arenada təkcə neft ölkəsi yox, həm də informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi ölkə kimi də tanınmağa başlayıb. Buna görə də şübhə yoxdur ki, hökumətin həyata keçirdiyi dəyərli siyasət sayəsində İKT Azərbaycan iqtisadiyyatında payını artırmaqla yanaşı, ölkəmizin regional müstəvidə aparıcı qüvvəyə çevrilməsinə də imkan yaradacaq. Belə bir uğura nail olmaq üçün Azərbaycan həm maddi, həm də intellektual resurslara malikdir - Qafqazın aparıcı "gündoğar" ölkəsi kimi...
{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.