Ümummilli lider Heydər Əliyevin aqrar siyasəti

Xalqımızın ümummilli lideri Heydər Əliyev nəinki böyük dövlət xadimi, dünya miqyaslı siyasətçi, həm də böyük nəzəriyyəçi idi. Bu dahi şəxsiyyət qeyri-adi zəkası sayəsində ictimai həyatın bütün sahələrinə nüfuz etməyi bacarırdı. Bunu onun aqrar bölmənin inkişafı və tərəqqisi nəzəriyyəsindən də görmək olar. Bu nəzəriyyə Heydər Əliyevin əsərlərində, sərəncam və nitqlərində, habelə müəllifi və rəhbəri olduğu sosial-iqtisadi inkişaf proqramlarında və çıxışlarında öz əksini tapıb.
Ümummilli lider nəinki sovet dövrünün, həmçinin, sosial təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid dövrünün və bazar iqtisadi sisteminin aqrar nəzəriyyəsi və aqrar siyasətinin müəllifidir. Ulu öndərin aqrar nəzəriyyəsi və aqrar siyasətində torpaq, ona xas olan münasibətlər, bütövlükdə aqrar baxışları, ərzaq proqramı, əhalinin ərzaqla təminatı istiqamətləri öz əksini tapmışdır. Bu nəzəriyyə və siyasət, eyni zamanda, ölkəmizin bazar iqtisadiyyatına keçid və bazar şəraitində aqrar məsələlərin həllini də şərtləndirir. Bundan başqa, onun aqrar nəzəriyyəsi və aqrar siyasətində aqrar iqtisadiyyatın kompleks inkişafı məsələləri də dərindən və tam əks edilmişdir.
Bunu da nəzərə almaq lazımdır ki, ulu öndərin aqrar nəzəriyyəsi və aqrar siyasətinin təşəkkülü və formalaşması hələ keçmiş SSRİ-nin mövcud olduğu bir şəraitində - çox çətin bir zəmində başlanmışdır. Heydər Əliyev hakimiyyəti dövründə bu nəzəriyyənin və siyasətin tam işlənib hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Bütövlükdə, ümummilli liderin aqrar nəzəriyyəsi və aqrar siyasəti ölkəmizdə əhalinin ərzaqla təminatı, ərzaq idxalının tamamilə aradan qaldırılması və digər mühüm məsələləri nəzərdə tutur.
Eyni zamanda, ümummilli liderin aqrar siyasətində kənd təsərrüfatının, bütünlükdə aqrar-sənaye kompleksinin qarşısında duran sosial-iqtisadi məsələlərin həlli ilə yanaşı, onların həyata keçirilməsi istiqamətləri, imkanları, yolları və mənbələri də təsnifləşdirilmiş, onların konkret vəzifələri müəyyən edilmişdir. Bu mənada ümummilli lider Heydər Əliyevin aqrar siyasəti öz elmi-nəzəri, metodoloji imkanı, səviyyəsi və dərinliyinə görə müstəqil nəzəriyyə olması, əsasları və sübutları ilə fərqlənir.
Ümummilli lider özünün aqrar siyasətinə əsaslanan istiqamətləri həyata keçirərkən belə bir tələbi qarşıya qoymuşdur: Kənddə yaşayan hər kəs ixtisas və peşəsindən asılı olmayaraq torpaq payı almalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu tələb ulu öndərin səyi ilə reallaşdırılmışdır. Aqrar islahatı nəticəsində hər kəs və hamı torpaq payı almış, fiziki və hüquqi şəxs kimi kəndli-fermer təsərrüfatı yarada bilmişdir. Bu ümummilli lider Heydər Əliyevin aqrar siyasətinin real olaraq həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
Aqrar bölmədə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanaraq, bazarın məna və mahiyyətinə uyğun olaraq əməyin təşkili və idarəedilməsi formalarının təşəkkülü öz mahiyyəti etibarilə ümummilli liderin aqrar siyasətinin tələblərinin reallaşdırılmasının praktiki sübutudur. Belə ki, hazırda əkinçilik və heyvandarlıq sahələrdə müxtəlif təsərrüfatçılıq formaları qərarlaşmışdır.
Bundan başqa, ümummilli liderin aqrar nəzəriyyəsi və aqrar siyasətində ölkə əhalisinin ərzağa və emal sənayesinin xammala olan ehtiyac və tələbi başlıca vəzifə kimi əsaslandırılmışdır. Buna uyğun həmin məsələnin normal icra edilməsi üçün bu kompleksin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, habelə tənzimlənməsi dövlət və onun digər direktiv orqanları qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. Aqrar-Sənaye Komleksinin maddi-texniki bazasının möhkəmləndirilməsi, maşın-mexanizm, enerji-yanacaq məhsullarının qiymətləri ilə kənd təsərrüfatı məhsullarının satış qiymətləri arasındakı uyğunsuzluğu aradan qaldırmaq da başlıca məsələdir. Eyni zamanda, kənddə sahibkarlığa dəstək verilməsi, onun möhkəmləndirilməsi və lazımi səviyyədə fayda verməsi üçün əsaslı tədbirlərin görülüb həyata keçirilməsi vahid aqrar nəzəriyyə və aqrar siyasətin əsas tələblərindən biri kimi irəli sürülmüş və reallaşdırılması müəyyənləşdirilmişdir.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının bəzi növlərinin istehsalının stimullaşdırılmasının daha da gücləndirilməsi və aqrar bölmənin özünün də deversifikasiyası-şaxəliliyi məsələsi də ulu öndərin aqrar siyasətinin ən zəruri tələblərindən birini təşkil edir.
Bundan başqa, kənd təsərrüfatında sahibkarların kreditləşdirilməsi, onlara aşağı faizlə kredit verilməsi istehsalın maddi bazasının möhkəmləndirilməsinə, əkinçilik və heyvandarlıq məhsullarının sabit, davamlı və dayanıqlı artımına həlledici təsir göstərir, sahibkarların məhsul istehsalının dinamik inkişafına inamını daha da gücləndirir. Onu qeyd edək ki, bu tətbiq olunan siyasətin başlıca tələblərindən biridir.
Qeyd etmək lazımdır ki, əkinçilik və heyvandarlıq məhsulları istehsalçılarının sığortalanması, kənd təsərrüfatı məhsullarının idxalı üzrə gömrük rüsumlarının təkmilləşdirilməsi məsələləri də ümummilli liderin aqrar siyasətində öz əksini əsaslı şəkildə tapmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hələ birinci dövründə aqrar siyasətin reallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edən qanun, əsasnamə, təlimat, digər normativ-hüquqi sənədlər toplusu işlənib hazırlanmış və həyata keçirilmişdir.
Ümummilli liderin aqrar siyasəti həmişə uğurlu olmuşdur. Belə ki, hələ sovet dövründə Azərbaycan Respublikası keçmiş ittifaqın 11 dəfə keçici qırmızı bayrağını almış, regionlarda 250-dən çox məhsulun emalı, saxlanması müəssisələri yaradılmış, ölkəmizin müstəqilliyi dövründə də bu, dinamik səciyyə daşımışdır.
Hazırda ümummilli lider Heydər Əliyevin aqrar siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla, ardıcıl və uğurla həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə çoxalır, aqrar bölmənin dinamik inkişafı təmin olunur, regionların sosial-iqtisadi inkişafı məsələlərinə dair dövlət proqramları qəbul edilərək yerinə yetirilir. Bunun sayəsində ölkə əhalisinin ərzaq buğdası, ət, kartof, meyvə- tərəvəz və bir sıra digər ərzaq məhsullarına olan tələbatı tamamilə daxili istehsalımız hesabına ödənilir.
Ümummilli lider Heydər Əliyevin aqrar siyasəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında inamla reallaşdırılır, aqrar məhsulların istehsalı dinamik surətdə artır. Belə ki, 2009-cu ildə Muxtar Respublikada 185,2 milyon manatlıq əkinçilik və heyvandarlıq məhsulları yaradılmışdır ki, bunu da muxtar respublika üçün uğurlu göstərici hesab etmək olar.

{nl}

Asif ŞİRƏLİYEV, Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında