Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, ölkəmizin daha da qüdrətlənməsi və əhalinin sosial rifahının yüksəlməsi son illərin əsas nailiyyətləridir. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də respublikamızda makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır.
Aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluq səviyyəsi azalmış, əhalinin etibarlı sosial müdafiəsi sistemi yaradılmış, maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri və alıcılıq qabiliyyəti artmışdır. Bu isə istehlak bazarının canlanması, insanların ən müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi ilə nəticələnmişdir. Bu baxımdan ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi önəmli məsələlərdəndir.
Hazırda Azərbaycan Prezidentinin rəhbərliyilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin dünya standartları səviyyəsinə qaldırılması, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxtalaşdırılmış mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi və s. qarşıya qoyulan vəzifələrdəndir. Bu vəzifələrin icrası istiqamətində əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, Dövlət Xidməti haqsız rəqabətin, keyfiyyətsiz malların satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərini, həmçinin təbliğat-təşviqat və maarifləndirmə işlərini ötən il də davam etdirmişdir.
2013-cü ildə istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri intensiv xarakter almış, bu istiqamətdə bir sıra işlər görülmüşdür. Belə ki, ötən il Dövlət Xidməti tərəfindən istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədilə Bakıda və regionlarda müxtəlif konfranslar və seminarlar keçirilmiş, televiziyada istehlakçı hüquqları ilə bağlı “Keyfiyyət möhürü” verilişi yayımlanmış, istehlakçı hüquqlarına dair video-çarxlar nümayiş olunmuş, müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanmışdır. Ümumilikdə, 2013-cü ildə Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 220 mindən çox buklet, sahibkarlıq subyektlərinin məlumatlandırılması və istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq təqdim edilmişdir. Həmçinin, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi və daha geniş əhali kütləsinin öz hüquqları barədə maarifləndirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən hazırlanmış maarifləndirici məlumatlar 84 min istifadəçinin elektron poçt ünvanına və respublikada fəaliyyət göstərən mobil operatorların 3 milyon 600 mindən artıq abunəçisinə göndərilmişdir. “İstehlakçı hüquqlarınızı tələb edin!” mövzusunda sosial xarakterli reklam Bakı şəhərinin müxtəlif yerlərində 10 ədəd bilbortda 3 ay ərzində yayımlanmışdır.
Təsərrüfat subyektlərini və istehlakçıları maarifləndirmək üçün hazırlanmış məlumatların istifadəçilərin elektron ünvanına göndərilməsi işlərinin təşkili məqsədi ilə 210 mindən artıq istifadəçi ünvanının bazası yaradılmış və hazırda bu bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bundan başqa, 2013-cü il ərzində gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai-iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 70-dən çox maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanmışdır.
Bu istiqamətdə mühüm məqamlardan biri də istehlakçıların müraciətlərilə bağlıdır. Dövlət Xidməti tərəfindən istehlakçıların ərizə və şikayətlərinə baxılması sahəsində şəffaflığın və operativliyin təmin edilməsi istiqamətində geniş imkanlar yaradılmışdır. Belə ki, müraciətlərin operativ qaydada qəbul olunması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə “www.consumer.gov.az” internet saytında elektron formada, eləcə də 24 saatlıq rejimdə fəaliyyət göstərən ((012) 498-15-01/04) telefon nömrələri vasitəsilə şikayət və təkliflərini Dövlət Xidmətinə bildirmələri üçün vətəndaşlara imkan yaradılmışdır. Saytda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər, istehlakçıları maraqlandıran məsələlər haqqında məlumatlar və s. informasiyalar yerləşdirilmişdir. Saytın fəaliyyəti daim nəzarətdə saxlanılır və mütəmadi olaraq yenilənir. Dövlət Xidmətinə ötən il ümumilikdə 4505 müraciət daxil olmuş və bu müraciətlərə qanunvericiliyə uyğun baxılmışdır.
Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən olan inhisarçılığın, haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak bazarında ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə nəzarət məqsədilə 2013-cü ildə bir sıra yoxlama və araşdırmalar aparılmış, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür. Bundan başqa, mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq və qeyri-ərzaq mallarının satışının qarşısının alınması, eyni zamanda qiymət intizamına əməl edilməsinə nəzarət məqsədi ilə 2535 yoxlama aparılmış və 2254 halda mövcud qanunvericiliyin tələblərinin pozulduğu müəyyənləşdirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton ərzaq malları, 1,7 ton qeyri - ərzaq malları dövriyyədən çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, 1640,7 min manat məbləğində cərimə tətbiq olunmuşdur. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlərin yekunu olaraq qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə 2145,9 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıların çaşdırılmasına səbəb olan hallarla əlaqədar ötən il Dövlət Xidməti tərəfindən aparılmış yoxlamalar zamanı istehlakçıların seçim sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri - dəqiq reklamların yayımı dayandırılmış, qanun pozuntusu aşkarlanmış təsərrüfat subyektləri barəsində tədbirlər görülmüşdür.
İstehlakçıların sərbəst seçiminə təsir edən və çaşdırılmasına səbəb olan reklamların yayımının qarşısının alınması üçün reklam yerləşdirilməsi ilə əlaqədar müvafiq icazə sənədləri verilərkən reklam haqqında qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi barədə şəhər və rayon icra hakimiyyətlərinə, reklam yerləşdirilməsi ilə əlaqədar müvafiq icazə sənədləri verən qurumlara, reklamların istehsalı və yayımlanması zamanı reklam haqqında qanunvericiliyin tələblərinə əməl olunmasının daim diqqət mərkəzində saxlanması barədə Bakıda və regionlarda fəaliyyət gösətərən televiziya kanallarına müvafiq məktublar ünvanlanmışdır.
Eyni zamanda, ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsilə bağlı da əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 2013-cü ildə ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsilə bağlı 3553 laborator müayinə aparılmışdır. Müayinə aparılmış mallar əsasən taxıl emalı məhsulları, süd və süd məhsulları, konservlər, ət və ət məhsulları, mineral sular və sərinləşdirici içkilər, tamlı məhsullar, yağlar və s. olmuşdur. Müayinə nəticəsində 63 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyənləşdirilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.
2012-ci illə müqayisədə aparılmış laborator müayinələrin sayı 2,27 dəfə artmış, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan müayinələrin xüsusi çəkisi isə 80 faiz azalmışdır. Belə ki, 2012-ci il ərzində aparılan laborator müayinələrin 9,06 faizində malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmişdirsə, ötən ilin müvafiq dövründə bu göstərici 1,77 faiz olmuşdur.
Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, əhali tərəfindən daha çox istehlak olunan malların, o cümlədən ərzaq malları, tikinti materialları və tərəvəz məhsullarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meylləri barədə məlumatların toplanılması və təhlili məqsədilə Bakı şəhərində və respublikanın regionlarında aparılan mütəmadi monitorinqlər davam etdirilmiş, qiymətlərdə qeydə alınmış dəyişikliklərlə bağlı aparılan araşdırmalar əsasında müvafiq tədbirlər görülmüşdür. Bundan əlavə, süni qiymət artımının qarşısının alınması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının birgə təşkilatçılığı ilə Bakı şəhərində Novruz Bayramı ilə əlaqədar 8, Qurban Bayramı ilə əlaqədar 23, Yeni il bayramı ilə əlaqədar 8 müxtəlif yerdə ənənəvi bazarlarla müqayisədə daha ucuz qiymətə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının və diri qoyunların satış yarmarkaları təşkil olunmuşdur.
İstehlakçıların hüquqlarının müdafiəsi və əmtəə bazarlarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması məqsədilə Dövlət Xidməti 2014-cü və növbəti illərdə də nəzarət tədbirlərini və maarifləndirmə işlərini intensivləşdirəcək və genişləndirəcəkdir.
Zahid İSAYEV,
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.