Son illər beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı islahatların ardıcıl həyata keçirilməsi ölkəmizin qüdrətini daha da artırmış, əhalinin rifahının yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır. İqtisadiyyatın modernləşdirilməsi, bütün sahələrlə yanaşı, aqrar bölmə üzrə də konkret inkişaf proqramlarının reallaşdırılması nəticəsində Azərbaycan dinamik və hərtərəfli inkişaf edir, öz sosial-iqtisadi qüdrətini artırır, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.
Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncama uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri bu ilin 6 ayı ərzində 1306,6 milyon manat təşkil etmişdir.
Bu il taxıl yığımı kompaniyasının mütəşəkkil başa çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Aqrolizinq" ASC-nin mütəxəssislərindən ibarət qərargah və "qaynar xətt" yaradılmışdır. Taxılbiçən kombaynların boş dayanmalarının qarşısını almaq üçün səyyar texniki xidmət və səyyar yanacaqdoldurma avtomaşınları səfərbər edilmişdir.
Taxıl biçini mövsümündə "Aqrolizinq" ASC tərəfindən gətirilən 990 və digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 min 110 taxılyığın kombayndan istifadə edilmişdir. Bu isə keçən ilin taxıl yığımında istifadə edilən kombaynların sayından 236 ədəd çoxdur. Bu da cari ildə taxılın vaxtında və itkisiz yığılmasına şərait yaratmışdır.
Burada bir məqamı da qeyd etmək yerinə düşər. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün əkinə yararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədilə toxumçuluq sahəsinin daha da inkişaf etdirilməsi qarşıda duran ən prioritet vəzifələrdən biri olmuşdur. Bu məqsədlə toxumçuluq təsərrüfatlarının inkişafı ön plana çəkilmiş və 600-dən çox toxumçuluq təsərrüfatı yaradılmışdır.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım dinamikası 2003-cü ildən başlayaraq yeni mərhələyə qədəm qoyub və aqrar sektor qeyri-neft bölməsində əsas yer tutmağa başlayıb. Ötən il ölkəmizdə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının xeyli hissəsi yerli tələbatın ödənilməsindən başqa, digər ölkələrin ehtiyacları üçün sərf olunub. Azərbaycan bir neçə ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin edib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, 2010-cu ildə istehsalı proqnozlaşdırılan kənd təsərrüfatı məhsulları ölkə əhalisinin bütün tələbatını ödəməyə kifayət edir. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi yerli tələbatdan xeyli artıqdır və bir sıra mallar xarici ölkələrə ixrac olunur.
Mütəxəssislərin fikrincə, əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatı 100 faiz yerli istehsal hesabına ödəniləcək. Xatırladaq ki, ötən il respublikamızda 3 milyon ton taxıl istehsal olunub ki, bu da yerli tələbatı tamamilə ödəməyə imkan verib. Bu il taxıl istehsalında azalmanın olacağını heç kim inkar etmir. Kənd Təsərrüfatı Nazirliyi hələ ötən ilin noyabr ayında bəyan edib ki, aqrotexniki və melorativ tədbirlərlə əlaqədar olaraq taxıl əkini sahələrində azalma müşahidə olunacaq. Bu isə 2010-cu ildə ümumilikdə taxıl istehsalının müəyyən dərəcədə azalması ilə nəticələnəcək.
Məlumdur ki, təbii fəlakətlə əlaqədar taxıl əkini sahələrinin təxminən 20-30 min hektarı sıradan çıxıb. Amma bu sahələrdən itirilən məhsul ümumi istehsala çox cüzi təsir edir. Belə ki, ölkəmizdə bu mövsümdə 800 min hektardan çox sahədə taxıl əkini aparılıb və 20 min hektar ümumi əkin sahələrinin cəmi 3-4 faizini təşkil edir. Bu isə ümumi istehsalın 3-4 faiz azalmasına səbəb ola bilər. Hesablamalara görə, Kür və Araz çayları ətrafında yerləşən əkinçilik təsərrüfatlarına və təbii fəlakətin zərər vurduğu digər rayonlardakı zəmilərə dəyən ziyan nəticəsində taxıl istehsalında 150-200 min ton azalma gözlənilir. Bu isə ölkəmizin bir nömrəli ərzaq məhsulu olan taxılın yerli tələbatı ödəməsinə ciddi problem yaratmayacaq. Çünki Dövlət Taxıl Fonduna məxsus anbarlarda, həm də taxılçılıq dəyirmanlarında ehtiyat taxıl yığılacaq, bu isə tələbatı ödəməyə imkan verəcək. Əgər ehtiyac olarsa, Qazaxıstandan az miqdarda taxıl alınacaq.
Ümumiyyətlə, dövlət çörəyin və digər ərzaq məhsullarının istehlakı ilə bağlı bütün zəruri tədbirləri görəcək. İqtisadi vasitələrlə tələbatın ödənilməsini təmin etməyi əsas məqsədi hesab edən hökumət daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün lazımi addımlar atacaq.
Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının böyük bir hissəsi tələbatdan artıqdır. Bu məhsullar yerli istehlakı tamamilə ödəməklə yanaşı, qonşu ölkələrin tələbatının ödənilməsinə də yönəldilir. Məsələn, respublikamız hər il Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrə kartof, xiyar, pomidor, bibər, kələm, alma, armud, heyva, xurma, limon və digər məhsulları ixrac edir. Bu il də yerli istehsal hesabına həm daxili tələbatı ödəmək, həm də xarici ölkələrə bəzi məhsulların ixracını həyata keçirmək mümkün olacaq.
Bu il təbii fəlakətlə əlaqədar bəzi məhsulların azalması gözlənilsə də bu, qıtlıq və bahalaşma üçün əsas vermir. Əsas strateji məhsul olan taxılın istehsalı hesabına tələbatı 80-90 faiz ödəmək mümkün olacaq. Qalan məhsulu isə digər ölkələrdən idxal etməklə tənzimləmək mümkündür. Xatırladaq ki, hələ bir neçə il əvvəl ölkəmizdə taxıl istehsalı 1,8-2 milyon tona bərabər idi və həmin vaxt taxıl istehlakı ilə bağlı heç bir problem meydana çıxmayıb. İndi isə taxıl istehsalında cüzi azalma baş verə bilər, amma bu da daxili tələbatın ödənilməsində hansısa çətinliyin yaranması üçün səbəb ola bilməz.
Respublikamızda bostan məhsullarının həcmində də azalma proqnozlaşdırılır, ancaq ümumi istehsalın həcmi ötən ilkindən az olmayacaq. Çünki bu il bitkiçilik əkini, o cümlədən, kartof, soğan, şəkər çuğunduru, çəltik, vələmir, yem bitkiləri sahələri ötən illə müqayisədə artıqdır. Onu da deyək ki, təbii fəlakətin vurduğu zərərlərə baxmayaraq, həmin əkin sahələrinin artması hesabına bir sıra kənd təsərrüfatı məhsullarının artımı gözlənilir. Eyni zamanda, bu il heyvandarlıq məhsullarının da həcmində artım proqnozlaşdırılır.
Aqrar bölmədə mövcud inkişaf tendensiyası ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynamaqdadır. Bu sahədəki inkişaf tendensiyası əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rola malik olmaqdadır. Kənd təsərrüfatı sektorunda aparılan davamlı islahatlar mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bitkilərin əkin strukturunda göstərib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü və potensial iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Yuxarıda göstərilənlər deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanmış və dövlət başçısı İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkə iqtisadiyyatının, onun aparıcı sahəsi olan kənd təsərrüfatının davamlı inkişafını təmin etmiş, uğurlu nəticələrin reallaşdırılmasını şərtləndirmişdir.
{nl}
V. BİNNƏTOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.