Azərbaycanın sosial-iqtisadi inkişafı beynəlxalq aləmdə yüksək qiymətləndirilir

 

 

Müstəqillik dövrümüzün ən uğurlu illərindən biri olan  2013-cü il Azərbaycan tarixinə heç zaman yaddan çıxmayacaq çoxsaylı faktlar, hadisələr və rəqəmlərlə yazıldı.  İlin başlanğıcında   “Azərspace-1” rabitə peykinin kosmosa göndərilməsi ilə başlanan möhtəşəm uğurlar silsiləsnə ilin sonunda “Şahdəniz-2” layihəsinin imzalanması ilə yekun vuruldu.

Ekspertlərin fikrincə,  kosmosa rabitə peykinin çıxarılması nə qədər  iqtisadi imkan,  elmi -texniki tərəqqi və qətiyyətli  siyasi fəaliyyət  tələb edirdisə,  “Şahdəniz-2” müqaviləsinin imzalanması da bir o qədər  ciddi danışıqların aparılmasını  və maneələrin dəf olunmasını tələb edirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına  da nail oldular.  Cənab Prezident qeyd edir ki,  ”Azərspace-1" peykinin orbitə buraxılması tarixi əhəmiyyətə malik olan hadisədir. Bəlkə də 5-10 il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bu gün kosmik kluba üzv olacaq , kosmik sənayenin inkişafı istiqamətində fəaliyyət göstərəcəkdir. “Şahdəniz-2” layihəsinin imzalanmasında isə hətta son aylara qədər heç bir razılaşma yox idi.

Bütün bu uğurların ən başlıca səbəbi odur ki, Azərbaycan Respublikası  son 20 ildə ölkə həyatının bütün sahələrini elmi şəkildə əsaslandırılmış dövlət proqramları və düşünülmüş planlar əsasında inkişaf etdirir. Bu gün elə bir sahə yoxdur ki, orada hansısa  proqram və ya plan icra olunmasın.  Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin planlar barədə söz açarkən demişdir: “Bizim gələcək planlarımız da vardır. Bu planlar əminəm ki, reallaşacaqdır. Çünki “Azərspace-1” peykinin buraxılması artıq yeni bir səhifənin açılmasına gətirib çıxarmışdır. Bu sahə ölkəmizin hərtərəfli yüksəlişi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, intellektual səviyyənin qaldırılması üçün çox böyük məna daşıyır. Mən çox şadam ki, artıq neçə aydır peykin idarə olunması Azərbaycan mütəxəssisləri tərəfindən icra edilir. Kosmik sənayenin inkişafında gənc Azərbaycan mütəxəssisləri fəal iştirak edirlər. Necə ki, “ASAN xidmət”də də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Belə gənclərin önə çıxmaları, məsuliyyəti öz üzərlərinə götürmələri gələcək uğurlu inkişafımızı müəyyən edəcəkdir. Çünki hər bir ölkənin inkişafını onun intellektual potensialı müəyyən edir. Xüsusilə indiki zamanda - yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda intellektual potensialı zəngin olan ölkələr üstünlük təşkil edəcəkdir, həm siyasətdə, həm döyüş meydanlarında və iqtisadi sahədə”.

2013-cü ildə Davos Forumunun  bir toplantısının Azərbaycanda keçirilməsi  həmin beynəlxalq təşkilat  üçün olduğu kimi, Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edirdi. Çünki Cənubi Qafqazda və Orta Asiyada bu forum ilk dəfə məhz Bakıda keçirilirdi. Mövzunun  da Cənubi Qafqaz və Orta Asiya məsələləri ilə bağlı  olduğuna görə Azərbaycan burada həm siyasi-diplomatik, həm də iqtisadi uğurlarını nümayiş etdirmiş oldu.   Məlum olduğu  kimi, Davos Forumu Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirir. Bu qurumun ekspertləri  ölkələrin rəqabət qabiliyyətliliyinə görə  Azərbaycanı  dünya miqyasında 39-cu yerə layiq görmüşdür.  Üstəlik, biz Müstəqil Dövlətlər Birliyində də həmin göstərici üzrə birinci yerdəyik və bir çox inkişaf etmiş ölkələri də qabaqlayırıq. Bu isə  iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq üçün  konkret proqramların icra olunmasının nəticəsidir.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan  Avropa qitəsində iqtisadi inkişaf templərinə görə birinci  yerdə olmuşdur.  Dövlət başçımızın dediyi kimi, artıq Azərbaycan cəmiyyəti bu qəbildən olan uğurlu reytinq göstəricilərinə öyrəşmişdir: “Ona görə ki, bu reallıq artıq hər yerdə özünü büruzə verir, hər yerdə özünü göstərir. Biz daha da yaxşı şəraitə öyrəşməliyik və öyrəşəcəyik. Mən həmişə demişəm ki, Azərbaycan xalqı daha da yaxşı həyata layiqdir. Biz hamımız bu həyatı təmin etməliyik”.

Ancaq 2013-cü il bizim üçün təkcə iqtisadi sahədə deyil, eləcə də sosial sahədə  ciddi uğurlarla yadda qalmışdır.  Məsələn,  MDB məkanında sovet əmanətləri ən böyük əmsalla  məhz Azərbaycan vətəndaşlarına verilmişdir və  həmin əmanətlər ən qısa müddətdə öz sahiblərinə  qaytarılmışdır. Bu isə ölkənin iqtisadi qüdrətinin göstəricisi idi.  Dövlətimizin iqtisadi qüdrətini dilə gətirən Prezident həmin məqamı olduqca sadə bir dildə ifadə edir: “Bu gün heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də şərtləndirir. Ona görə, biz inamla, prinsipial siyasət aparırıq, nəyin bahasına olursa-olsun Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edirik və bunu edə bilirik. Biri var ki, bunu etmək istəyəsən, biri də var ki, bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat yaratmışıq ki, bunu edə bilirik”.

Dövlət başçımız həmişə olduğu kimi, bu faktlar barədə danışarkən də arxayınçılığa heç bir əsasın olmadığını xatırladır. Eynilə ulu öndər Heydər Əliyevin siyasi idarəçiliyinin prinsiplərini əsas tutan Prezident  həmişə olduğu kimi, yenə də mühüm bir çağırışla dövlət məsullarına üz tutur:  “ Bizim cəmiyyətimiz müasirləşməlidir. Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim milli adət-ənənələrimizə zidd deyilsə”.  Yəni dövlət başçımız xaricdə tətbiq edilən hansısa tendensiyanın kor-koranə Azərbaycana gətirilməsini tamamilə yolverilməz hesab edir.

Məhz ölkədə həyata keçirilən hərtərəfli islahatların və  beynəlxalq aləmə  düşünülmüş, mükəmməl inteqrasiyanın nəticəsidir ki, 2013-cü ildə  Azərbaycan  BMT Təhlükəsizlik Şurasında fəaliyyətini  uğurla başa vurdu. Azərbaycan bu quruma üzv seçilərkən dövlət başçımız bəyan etmişdi ki,  biz BMT Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik.  Son iki ildə dünya ictimaiyyəti gördü ki,  Azərbaycan  hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoymuşdur. BMT Təhlükəsizlik Şurasının əsasnaməsinə görə, orada mövqe bildirməmək mümkün deyildir.  Azərbaycan isə elə bir ölkədir ki, onun siyasi mövqeyi də,  istənilən məsələyə diplomatik münasibəti də heç kəsdən gizli deyildir.  Çünki həmişə haqqın, ədalətin tərəfində olmuşuq. İstənilən məsələ ilə bağlı   Azərbaycanın prinsipial mövqeyi vardır və bu mövqe bütün hallarda ədalətə, beynəlxalq hüquqa əsaslanır və əlbəttə ki, dövlətimizin maraqlarına söykənir.

Rəsmi Bakı öz siyasətini elə şəkildə qurub və davam etdirir ki, indi artıq   bölgədə gedən proseslər  bizim mövqeyimizdən asılıdır.  Eyni zamanda, bugünkü qüdrətli Azərbaycan daha böyük regionda söz sahibidir. Həm beynəlxalq  təşkilatlar, həm də regionun bütün dövlətləri yaxşı bilirlər ki, artıq Azərbaycanı  hansısa prosesdən  kənarda qoymaq mümkün deyildir.  Dövlət başçımızın xatırlatdığı kimi, “bizimlə hesablaşmamaq olar, ancaq nəticə olmayacaqdır. Azərbaycanın mövqeyini nəzərə almadan heç bir layihə burada işləməyəcək, icra edilməyəcəkdir”.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya - yeni sərhədlər”mövzusunda keçirilən sessiyadakı çıxışında regionda Azərbaycansız heç bir layihənin reallaşmadığını əsaslandıran fikirlər səsləndirmişdir: “ Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar  qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar.  Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə edirlər”. 

Dövlət başçımız Avropada avropalıları daha çox məmnun edən başqa bir məsələyə də toxunaraq qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək  Bakı - Tbilisi - Qars dəmir yolu layihəsi, əslində, Avropanı və Asiyanı birləşdirəcək layihədir. “Yeni İpək yolu” adlandırılan bu layihənin icrası 2015-ci ildə başa çatdırılacaq. Yəni bu layihə nəqliyyat və enerji əlaqəsi olmaqla yanaşı, həm də qarşılıqlı sərmayə qoyuluşu imkanlarını artırır.  Bu isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun qat-qat artmasını təmin edəcəkdir.

Beləliklə, iqtisadi inkişaf tempinə görə Avropada birinci olan Azərbaycan iqtisadi əməkdaşlıq sahəsində də istənilən ölkəyə nümunə göstərmək iqtidarındadır.  Dövlət başçımız isə qeyd edir ki, biz heç kəsə nümunə göstərmək məqsədiylə çalışmırıq.  Eyni zamanda, kimsə öz fəaliyyətini nizamlamaq üçün bizim təcrübəmizdən nümunə götürmək istəyirsə, qoy götürsün. Bizim üçün önəmli olanı odur ki, ölkəmizin sosial-iqtisadi inkişafı dünyanın hər yerində, bütün beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında