Yeni Dövlət Proqramı ölkədə informasiya texnologiyalarının davamlı inkişafını təmin edəcək

Məlum olduğu kimi, son illər ölkəmizdə İKT-nin geniş tətbiqi istiqamətində məqsədyönlü iş aparılır. Təsadüfi deyil ki, informasiya texnologiyalarının inkişafına dövlətimiz xüsusi qayğı göstərir və Prezident İlham Əliyev bu sahəni inkişafımızın prioritet sahəsi elan etmişdir.
Hələ 2003-cü il fevralın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)" bu sahədə inkişafa əsaslı təkan verdi. Həmin strategiyanın həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti 2005 - 2008-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq etmişdir. Proqramda Azərbaycanda İKT sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi, informasiya cəmiyyətinə keçidin təmini üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və s. nəzərdə tutulurdu.
Bir faktı qeyd edə bilərik ki, hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Ölkəmiz ildən-ilə bu sahədə uğurlu nailiyyətlər qazanır. Dünya İqtisadi Forumu tərəfindən 2008 - 2009-cu illər üçün hazırlanmış "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır. Həm də Azərbaycan bu sahədə MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur.
Bu gün Azərbaycanda informasiyalı cəmiyyətin formalaşması istiqamətində məqsədli iş aparılır. Artıq bu sahədə görülən işlər öz müsbət nəticələrini vermişdir. Daha doğrusu, ilkin mərhələdə görülən işlər Milli Strategiyanın növbəti mərhələsi üçün əsaslı zəmin yaratmışdır.
Bu gün isə qarşıda daha mühüm vəzifələr dayanır. İnformasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi, e-imza və elektron-sənəd dövriyyəsinin tətbiqi, elektron və poçt-maliyyə xidmətlərinin təşkili və s. məsələlərə diqqət yetirilməsi qarşıda duran vəzifələrdir.
Cənab Prezidentin imzaladığı yeni Dövlət Proqramı 2010 - 2012-ci illəri əhatə edir və bu dövrdə informasiya cəmiyyətinə keçidi təmin etmək məqsədi daşıyır.
Ümumiyyətlə, son beş ildə Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sürətlə davam etdirilmiş, informasiya cəmiyyətinə keçidin təməli qoyulmuşdur. Dövlət orqanlarının informasiyalaşdırılması sahəsində uğurlu nailiyyətlər qazanılmışdır. Əksər dövlət orqanlarının internet saytları yaradılmışdır. İndi gov.az domenində yerləşdirilən saytlarla dövlət orqanlarının fəaliyyəti ilə tanış olmaq mümkündür.
Azərbaycanın 24 rayonunda simsiz rabitə sistemi yaradılmışdır. Bu, respublika əhalisinin 63 faizdən çoxunun yaşadığı ərazini əhatə etmişdir.
Ölkə ərazisinin, xüsusilə də ucqar ərazilərdə əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülmüş, hazırda bu proses davam etməkdədir.
Qeyd edək ki, dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətləri də göstərilir. Elektron bəyannamələrin, elektron ərizələrin qəbulu, kommunal xərclər üzrə borcların ödənilməsi və digər xidmətlər buna misal ola bilər.
Əlbəttə, nailiyyətlər çoxdur, ancaq hələ görüləsi işlər də vardır. Qəbul olunan yeni Dövlət Proqramı bu sahədəki çatışmazlıqları aradan qaldırmaq üçün əsaslı tədbirlərin həyata keçirilməsinin vacibliyini qarşıya qoyur.
Yeni Dövlət Proqramı 4 başlıca istiqamətdə işlərin reallaşmasını nəzərdə tutur. Burada əsas diqqət milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərin inkişafına yönəldilmişdir. Digər məsələ dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi ilə bağlıdır.
Başlıca istiqamətlərdən biri informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılmasıdır ki, bu sahədə həyata keçirilmiş tədbirlər onun reallaşmasını asanlaşdıracaqdır.
Proqramda nəzərdə tutulan istiqamətlərdən biri də rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsindən ibarətdir.
Əlbəttə, yeni Proqramda nəzərdə tutulan tədbirlərin reallaşması gələcəkdə ölkədə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılımasında əhəmiyyətli rol oynayacaq.
İKT sahəsində yeni Dövlət Proqramı Milli Strategiyanın reallaşmasına stimul verəcək və Azərbaycan informasiya cəmiyyətinə doğru yeni uğurlu addımlar atacaq. Son vaxtlar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Proqramda nəzərdə tutulmuş məsələlərin reallaşması üçün əsaslı təminat vardır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında