Yanvar ayında ölkədə qeyri-neft sektorunda
məhsul istehsalının həcmi 7,7 faiz artıb
2013-cü il ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə daxil olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd edildiyi kimi, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, minlərlə iş yerinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi ötən ilin səciyyəvi cəhətləridir.
Son illər ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Bütün bunlar, eyni zamanda, Azərbaycanın maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan dünyada sərmayədar ölkə kimi tanınır. Hazırda dövlət və özəl şirkətlərimiz xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə fəal iştirak edirlər.
2014-cü ilin yanvar ayında da bu müsbət tendensiya davam etdirilmiş, sosial-iqtisadi sahədə nəzərəçarpacaq uğurlar əldə olunmuşdur. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 4,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 0,8 faiz olmuşdur. Əlavə dəyərin 60,4 faizi məhsul istehsalı sahələrində, 32,9 faizi xidmət sahələrində istehsal edilmiş, 6,7 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 465,6 manat (593,6 ABŞ dolları) olmuşdur. Əlavə dəyərin 53,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 7,7 faiz artmış, neft sektorunda isə 6 faiz azalmışdır.
Yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,8 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründə olduğundan 4 faiz az sənaye məhsulu istehsal etmişlər. Buna səbəb mədənçıxarma bölməsində 4,6 faiz, o cümlədən neft hasilatında 5,1 faiz azalma olmuşdur. Bununla yanaşı, ölkədə əmtəəlik qaz hasilatı 6,7 faiz artmışdır.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 72,7 faizi mədənçıxarma bölməsində, 19,7 faizi emal bölməsində, 7 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0,8 faiz, geyim istehsalı 39,8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22,3 faiz, kimya sənayesi məhsulları istehsalı 26 faiz, hazır metal məmulatların istehsalı 14,6 faiz, tikinti materialları istehsalı 7,8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44,9 faiz, maşın və avadanlıqların istehsalı 2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artmışdır. Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1 faiz, elektrik enerjisi istehsalı isə 3 faiz artaraq 2,1 milyard kVt saat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7,2 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,6 faiz artmış, neft sektorunda isə 5,2 faiz azalmışdır.
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında 36,3 min ton diri çəkidə ət, 133,9 min ton süd, 123,5 milyon ədəd yumurta və 2837,3 ton tərəvəz istehsal edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 11,1 faiz, tərəvəz istehsalı 10,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 3,3 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkənin tikinti kompleksində 660,9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6,3 faiz çox vəsaitdən istifadə edilmiş və onun 378,5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 444,5 milyon manatı yerli mənbələrdən daxil olmuş, 58,8 faizi (388,6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf edilmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120,5 min kvadratmetr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilmişdir.
İlkin məlumatlara görə, 2013-cü ildə müxtəlif ölkələrdən və onların firmalarından ölkəmizə 10,5 milyard dollar məbləğində xarici investisiya daxil olmuş və onun 46,8 faizi neft sektoruna yönəldilmişdir. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının başa çatması nəticəsində ölkədə 471 min yeni, o cümlədən 358,2 min daimi iş yeri açılmışdır. Təkcə 2013-cü ildə 109,9 min yeni iş yeri yaradılmışdır ki, bunun da 83 mini daimi iş yerləridir.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16,5 milyon ton yük və 132,2 milyon nəfər sərnişin daşınmış, 2013-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 6,2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 5,7 faiz, hava nəqliyyatı ilə 29,9 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7 faiz, metro ilə 1,5 faiz, hava nəqliyyatı ilə 5,8 faiz artmışdır.
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artaraq 121,8 milyon manat təşkil etmişdir. Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1665,9 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 578,8 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 2013-cü ilin ötən dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 7,8 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 900,3 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 765,6 milyon manatlıq qeyri-ərzaq malları almışlar.
Ölkə daxilində əmtəə dövriyyəsinin sürətli artımı ilə yanaşı, xarici ticarət əlaqələrinin genişlənməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, əsasən yola saldığımız 2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34,7 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 69,1 faizini və ya 24 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30,9 faizini (10,7 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, il ərzində 13,3 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Ölkəmizə idxal olunmuş malların 76,2 faizi və ya 8,1 milyard dolları uzaq xarici dövlətlərdən, 23,8 faizi (2,6 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 25,7 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, 13,4 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 12,1 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 8,7 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 7,6 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, tütün məmulatı, 7 faizini kimya sənayesi məhsulları, 5,1 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir.
Ölkədən ixrac edilmiş malların 93,7 faizi, yaxud 22,5 milyard dolları uzaq xarici dövlətlərə, 6,3 faizi (1,5 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur. Əmtəə mübadiləsi daha çox İtaliya, İndoneziya, Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya, Tailand, Fransa, ABŞ, İsraillə aparılmışdır.
Ötən il qeyri-neft məhsullarının ixracı 6 faiz artmışdır. 2013-cü ildə ölkəmizə 30,7 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur. Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6,2 faiz yüksələrək 423 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə dövlət büdcəsinə 19,5 milyard manat vəsait daxil olmuş, büdcədən 19,1 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizinə bərabər olmuşdur.
Göründüyü kimi, bu ilin yanvar ayının sosial-iqtisadi inkişafının yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.