QLOBAL MALİYYƏ BÖHRANI: iqtisadi tənzimləmə mexanizmlərindən səmərəli istifadənin Azərbaycan təcrübəsi

(əvvəli qəzetin 7 və 8 avqust 2010-cu il tarixli saylarında)

{nl}

3. Böhranın təsirlərindən qorunmada maliyyə, pul-kredit və valyuta mexanizmlərindən səmərəli istifadə
Dünya təcrübəsi göstərir ki, maliyyə-iqtisadi böhranından çıxmağın ilkin şərti - makroiqtisadi sabitliyin yaradılması, onun əsas göstəriciləri olan inflyasiya tempinin aşağı salınması və milli valyutanın möhkəmləndirilməsidir. Bu məqsədlərə nail olunması isə büdcə-vergi və pul-kredit siyasətinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulmasını və xüsusi olaraq sərtləşdirilməsini tələb edir. 1994-cü ildən başlayaraq Milli Bank tərəfindən Azərbaycanın iqtisadi durumunun reallıqlarını nəzərə alaraq, çevik və sərt pul-kredit siyasət yeridilməyə başlandı. O, banklar tərəfindən lüzumsuz, inflyasiya doğuran maliyyə-kredit qoyuluşunun tempini tənzimləmək üçün həm mərkəzi resursların satışını məhdudlaşdırmağa, həm də resurs haqqını, yəni kredit faizinin həcmini yüksəltməyə başladı. Bundan əlavə, bir sıra digər zəruri tədbirlər də həyata keçirildi.
Son illərdə maliyyə sahəsində aparılan islahatlar nəticəsində, maliyyə bazarlarının bütün seqmentlərində canlanma və inkişaf müşahidə olunmuşdur. Mərkəzi Bank tərəfindən bu dövr ərzində daxili maliyyə bazarının inkışafının stimullaşdırılması və yeni monetar tənzimləmə alətlərinin tətbiqi istiqamətində üç əsas məqsədə xidmət edən tədbirlər həyata keçirilmişdir. Bunlara - bank sisteminin qısamüddətli likvidliyini proqnozlaşdırılması sisteminin tətbiqi, banklararası mütəşəkkil kredit bazarının yaradılıb təkmilləşdirilməsi, yeni monetar alətlərinin təhlili və tətbiqi daxildir. Bu artıq öz nəticələrini vermişdir. Məsələn, 2004-cü ildən başlayaraq, maliyyə bazarlarının hər bir seqmentinin daha da inkişaf etdirilməsi məqsədilə daxili maliyyə bazarlarının inkişafının stimullaşdırılması və dəstəklənməsi və yeni monetar tənzimləmə alətlərinin təhlili və tətbiqi istiqamətində geniş tədbirlərin həyata keçirilməsinə üstünlük verilməkdədir.
Valyuta ehtiyatlarının kifayət qədər böyük həcmdə olması onun bir hissəsinin ölkəyə gətirilərək yerli banklarda yerləşdirilməsinə imkan verməklə yanaşı, iqtisadiyyatın real sektorunun maliyyə ehtiyaclarının qarşılanmasında da mühüm rol oynaya bilər. Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin Azərbaycan banklarında yerləşdirilməsi məsələsi artıq müzakirə olunur.
Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə böhrandan ən çox zərər çəkən investisiya fondları və investisiyayönümlü banklardır. Azərbaycanda isə banklar daha çox kommersiya əməliyyatlarını kreditləşdirir, əhali öz sərbəst vəsaitlərini investisiyalara deyil, əsasən depozitlərə və dönərli valyutaların alınmasına istiqamətləndirir. Məhz bu meyillər indiyəcən böhranın təsirini müəyyən mənada yumşaldıb, indi qarşıda duran əsas məsələ böhranın gözlənilən sonrakı fəsadlarını zərərsizləşdirməkdir. Bunun üçün isə qabaqlayıcı tədbirlər görülməlidir. Əvvəlcə böhran şəraitində ən çox ziyan çəkməsi ehtimalı olan iqtisadi fəaliyyət sahələri müəyyən olunmalıdır.
Bu tədbirlər kompleksinə ilk növbədə Mərkəzi Bankın pul-kredit siyasətinin davam etdirilməsi və Azərbaycanın xarici banklardakı valyuta ehtiyatlarının bir hissəsinin ölkə banklarında yerləşdirilməsi daxildir. Bu vəsaitlər güclü dövlət nəzarəti altında yalnız iqtisadiyyatın real sektoruna yönəldilməli, ixracyönümlü müəssisələr maliyyə cəhətdən dəstəklənməli, ixrac edilən xammal və materialların emalı üzrə yeni müəssisələrin yaradılmasına üstünlük verilməlidir. Eyni zamanda istehlak qiymətlərinin azaldılması, inhisarçılıqla mübarizə üçün maliyyə və istehlak bazarına nəzarət gücləndirilməli, banklara dəstək, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi sayəsində real iqtisadiyyata sərmayə qoyuluşları artırılmalı, sahibkarlara daha böyük məbləğdə kreditlərin verilməsi, aqrar sektorun inkişafı üçün lazımi tədbirlərin görülməsi, sosial öhdəliklərin dəstəklənməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri davam etdirilməlidir.
Dövlətin və kommersiya banklarının pul ehtiyatlarının kifayət qədər olması və qiymətli kağızlar bazarının zəif inkişafı maliyyə böhranının iqtisadiyyata sarsıdıcı təsirini bir qədər yubatmışdır. Lakin, bununla belə Neft Fondunun gözlənilən gəlirlərinə və qeyri-neft sektoru məhsulunun həcminə mənfi təsir etmişdir. İdxal olunan bir sıra məhsulların, xüsusən tikinti məhsullarının qiymətlərində hiss ediləcək dərəcədə ucuzlaşma baş vermişdir. Ona görə də, inflyasiyanın səviyyəsi aşağı düşmüşdür. Kommersiya banklarının xaricdən kredit resurslarının cəlb etmək imkanlarının azalmasına və əhalinin bir qisminin ehtiyatlanma motivi ilə depozitlərin bir hissəsinin geri götürməsinə baxmayaraq, kredit vermə imkanları qalmaqdadır. Mərkəzi Bankın prosesə çevik reaksiyası sayəsində, 2009-cu il fevralın 2-dən etibarən uçot dərəcəsi 3% endirilərək 5%-ə çatdırılıb, manat və xarici valyutada məcburi ehtiyat norması 6%-dən 3%-ə, həmin ilin 1 mart tarixindən isə 0,5 faizə endirilmişdir . Yenidən maliyyələşmə dərəcəsi də analoji surətdə 15 faizdən 2009-cu ilin may ayında 2 faizə endirilmişdir. Qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində, pul siyasətinin istiqamətlərinə uyğun olaraq Milli Bank, makroiqtisadi tarazlığın, maliyyə sabitliyinin dəstəklənməsi və ölkədə iqtisadi fəallığın saxlanılması məqsədilə onun yüngülləşdirilməsini davam etdirir.
Lakin Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resursları kommersiya banklarının kredit resursları içərisində böyük paya malik olmadığı üçün bu uçot dərəcəsinin kommersiya banklarının kredit faizlərinə və məbləğinə böyük təsiri olmamışdır. Belə ki, kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşları 2008-ci ildəki 7163,2 milyon manatdan 2009-cu ilin 8407, milyon manata çatmışdır. 2009-cu ilin yanvar-dekabr ayları ərzində Mərkəzi Bankın yenidən maliyyələşmə faizi ilə kommersiya banklarına verdiyi kreditlər 1315,4 milyon manat təşkil edib ki, bu da bankların verdiyi cəmi kreditlərin 15,6 faizini təşkil etmişdir.
Sərt pul-kredit siyasəti və dövlət büdcəsinin balanslaşdırılması vasitəsilə makroiqtisadi sabitləşmə tədbirləri ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankının timsalında mərkəzi bank və kommersiya banklarından (onların sayı tədricən azalaraq 2009-cu ildə 46-ya çatıb) ibarət ikipilləli bank sistemi formalaşmışdır. 2009-cu ilin əvvəlinə Azərbaycanda bank aktivlərinin ümumi məbləği 10916,8 milyon manata - o cümlədən Mərkəzi Bankın aktivləri 4907,8 milyon manata; kommersiya banklarınınkı 6009,0 milyon manata çatmışdır. Başqa sözlə, Azərbaycan banklarının ümumi aktivləri 2000-ci illə müqayisədə 10,1 dəfə, Mərkəzi Bank üzrə 13,9 dəfə, kommersiya bankları üzrə isə 8,3 dəfə artmışdır. Lakin son 2 ildə böhranla əlaqədar Mərkəzi Bankın beynəlxalq ehtiyatları əvvəlki illə müqayisədə təxminən 1,1 milyard dollar azalaraq 5,77 milyard dollara düşmüşdür.
Bankların mühüm vəzifələrindən biri maliyyə təhlükəsizliyinə təsir göstərən pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasətinin reallaşmasını təmin etməkdir. Bu sahədə əhəmiyyətli işlər görülmüş və müəyyən nailiyyətlər əldə edilmişdir. Müasir dövrdə kreditləşdirmə bank xidmətləri bazarında ixtisaslaşmanın əsas növü kimi çıxış edir. Belə ki, 2000-ci ildə kommersiya banklarının kredit qoyuluşları bütövlükdə bank aktivlərinin 64,1%-ni, 2004-cü ildə 94,2%-i təşkil etdiyi halda, 2009-cu ildə kredit qoyuluşları bankın ümumi aktivlərini 19,1% üstələmişdi. 2000-ci ildə kredit qoyuluşlarının 65,5%-i dövlət banklarının, 34,1%-i özəl bankların, 0,4%-i isə qeyri-bank kredit təşkilatlarının payına düşürdüsə, 2004-cü ildə bu göstəricilər müvafiq olaraq - 45,8:45,7 və 8,6%; 2009-cu ildə isə 46,5:51,4 və 2,1% təşkil etmişdir.
Bu, onu göstərir ki, respublikanın bank sistemində kommersiya bankları ilə iqtisadiyyatın real sektoru arasında kreditlərdən səmərəli istifadə edilməsi sahəsində problemlər vardır. Məhz bunun nəticəsidir ki, iqtısadiyyata qoyulmuş bank kreditlərinin əsas hissəsini qısamüddətli kreditlər təşkil edir. Həmçinin kreditlərin əksəriyyəti istehsal sahələrinə deyil, ticarət və xidmət sektoruna (25,5%), fiziki şəxslərə (35,9%), inşaat və əmlaka (6,7%) qoyulur. Sənaye və istehsal sektoruna qoyulan kreditlərin həcmi cəmi 6,6%, kənd təsərrüfatına 4,2%-dir. Bunun əsas səbəbi odur ki, kommersiya banklarının uzunmüddətli kredit vermək imkanları məhduddur və həm də onların Milli Bankdan 15%-lik dərəcə ilə götürdükləri kreditləri uzun müddətə vermək, xüsusən də istehsal sahələrinə yönəltmək onlar üçün heç sərfəli deyildir.
Çoxsaylı tədqiqatlar və təsərrüfat praktikası inandırıcı şəkildə göstərir ki, özəl banklar maliyyə resurslarını iqtisadiyyatda dövlətdən xeyli dərəcədə daha səmərəli paylayır, daha kiçik marjaya (cəlb edilən və verilən kredit resurslarının dəyərləri arasında fərq) malikdir və bundan savayı, maliyyə sabitsizliyinin (o cümlədən bank böhranı ehtimalının) dərəcəsini aşağı salırlar. Beləliklə, sistem böhranı təhlükəsi yarananda, dövlət maliyyə sektorunun fəaliyyətinə daha aktiv qarışmağa məcburdur, amma o, bu mərhələdə yalnız ötəri təhlükələri dəf etmək barədə düşünməməli, həm də aparıcı rolun özəl sektora ötürülməsinin uzunmüddətli planına malik olmalıdır.
Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayır. Azərbaycanda investisiya layihələri və proqramlarının milyardlarla ölçülən böyük həcminə və miqyasına baxmayaraq, bank sektorundan verilən kreditlərin, xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük əhəmiyyəti vardır.
Ölkədə son illər bankların maliyyə imkanlarının artması da kredit qoyuluşlarının artmasına gətirib çıxarmışdır. 2009-cu ildə Azərbaycanın kommersiya bankları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 8,4 milyard manat təşkil etmişdir. Belə ki, 2009-cu ildə ölkədə kredit qoyuluşlarının həcmi 2001-ci ilə nisbətən 17,3 dəfə, o cümlədən milli valyuta (MV) ilə verilmiş kreditlər 27,6 dəfə, xarici valyuta (XV) üzrə isə 11,4 dəfə artmışdır. Başqa sözlə, kredit qoyuluşları artımının təkcə 2009-cu ildə 58,1%-i milli valyuta hesabına olmuşdur.
2001-ci ildə verilmiş kreditlərin 36,4%-i milli valyuta, 63,6%-i xarici valyuta ilə verildiyi halda, 2009-cu ildə 28,1%-i MV ilə, 71,9%-i XV ilə verilmişdir. 2001-ci ildə milli valyuta ilə verilmiş kreditlərin 52,8%-i uzunmüddətli olduğu halda, xarici valyuta ilə verilmiş kreditlərin 92,7%-i belə kredit olmuşdur. 2009-cu ildə bu göstərici MV üzrə - 38,4%, XV üzrə isə 43,2% təşkil etmişdir. 2001-ci ildə verilmiş kreditlərin 27,7%-i, 2009-cu ildə isə 44,2%-i vaxtı keçmiş kreditlərdir.
Müasir qloballaşma şəraitində ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının mühüm şərtlərindən biri də valyuta ehtiyatlarının kifayətlıyıdir. İndiyədək valyuta ehtiyatlarının optimal və ya minimal səviyyəsinin müəyyənləşdirilməsi üzrə çoxlu diskussiyalar aparılsa da, bu barədə yekdil fikir formalaşmamışdır. Çünki bu göstəriciyə həddən artıq çoxlu amillər təsir göstərir. Belə ki, ölkənin qızıl-valyuta ehtiyatlarına olan tələbatına məzənnə rejimi, beynəlxalq kapital bazarlarına çıxış, ölkə iqtısadiyyatının açıqlığı və çeviklik dərəcəsi və s. amillər də təsir göstərir.
Son illər ölkənin tədiyyə qabiliyyətinin güclənməsi, ixracat potensialının artması və xarici investisiyaların artımı ilə əlaqədar olaraq valyuta ehtıyatlarının həcmi sürətlə artmaqdadır. Azərbaycanın valyuta ehtiyatları hazırda Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarından və eləcə də Neft Fondunun vəsaitlərindən ibarətdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 22 milyard ABŞ dollarını ötmüşdür.
Son dövrlər dünyanın aparıcı valyutalarının məzənnələrinin kəskin tərəddüdləri bir çox ölkələrdə, o cümlədən Azərbaycanda məzənnə siyasəti amilinin əhəmiyyətini daha da artırmışdır. Belə ki, dünyanın aparıcı valyutalarının məzənnələrində müşahidə edilən əhəmiyyətli tərəddüdlər ölkədə inflyasiya idxalına şərait yaratmaqla bərabər iqtisadi subyektləri müəyyən dərəcədə məzənnə riskinə həssas edir. Bundan başqa, Azərbaycanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nəzərən formalaşması bu valyutanın dünyanın digər aparıcı valyutalarına qarşı kifayət qədər dəyişkən olması şəraitində Milli Bankın əsas operativ hədəfi olan nominal effektiv məzənnə üzrə hədəfə nail olunması, son nəticədə isə milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin qorunması kimi vəzifələrin yerinə yetirilməsini mürəkkəbləşdirir. Qeyd olunanları nəzərə alaraq Milli Bankın İdarə Heyəti "2008-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat"ına uyğun olaraq 11 mart 2008-ci il tarixindən manatın dəyərinin valyuta səbətinə nəzərən sabit saxlanılması konsepsiyasının reallaşdırılmasına başlamaq haqqında qərar qəbul etmişdir. Məzənnə siyasətinin tətbiqinin yeni mexanizminə keçid Milli Bankın nominal effektiv məzənnəyə təsir imkanlarını artırmış və inflyasiya idxalını neytrallaşdırmağa şərait yaratmışdır. Ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirən manatın nominal effektiv məzənnəsi 2008-ci ildə ümumi ticarət dövriyyəsi üzrə 17.2% bahalaşmışdır.
Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2008-ci ildə 2,1 milyard ABŞ dollarından çox artaraq 6,1 milyard ABŞ dollarını ötmüşdür. Ölkənin strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə 2.5 dəfə artaraq 18 milyard ABŞ dollarını ötmüşdür ki, bu da qeyri-neft sektoru üzrə mal və xidmətlərin 27 aylıq idxalını maliyyələşdirməyə kifayətdir. Dünya iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik sıxıntısı və inflyasiyanın azalması şəraitində iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək üçün Milli Bank 2008-ci ilin oktyabr ayından etibarən pul siyasətinə adekvat korreksiyalar etmişdir. Milli Bankın uçot dərəcəsi üç dəfə dəyişdirilərək 15%-dən 8%-ə endirilmişdir. Bankların likvidlik göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə onların xarici öhdəlikləri 5%-lik məcburi ehtiyat normasından azad olunmuşdur. Daxili öhdəliklər üzrə məcburi ehtiyat normaları isə 12%-dən 6%-ə endirilmişdir. Məcburi ehtiyat normalarının ortalama müddəti 1 ayadək uzadılmışdır. Təkcə məcburi ehtiyat normalarının azaldılması hesabına bank sisteminə 350 milyon manat həcmində likvidlik dəstəyi həyata keçirilmişdir.
2009-cu ildə manatın nominal məzənnəsi ticarət partnyoru olan bəzi ölkələrin (Avrozona), B.Britaniya, Türkiyə, İran, İsrail, Çin valyutalarına nəzərən dəyərdən düşməsinə baxmayaraq, ABŞ, Ukrayna və Gürcüstan kimi ölkələrin valyutalarına nəzərən möhkəmlənmişdir.
Valyuta-kredit siyasətinin əsas məsələlərindən biri - ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Bu istiqamət üzrə həyata keçirilməli olan əsas tədbirlərdən biri bank sektorunun xarici rəqabətdən qorunmasıdır. Belə ki, 2004-cü il yanvarın 1-dən xarici bankların Azərbaycan bank sektorunda iştirakına mane olan limitlər aradan qalxıb. Neft pullarının Azərbaycana gəlməsi ilə ölkənin bank sektorunda fəaliyyətə başlamaq arzusunda olan bankların sayı artıb. Artıq Rusiyanın "Vneştorq"bank, Almaniyanın "Kommersbank"ı Azərbaycanda mövcud olan bankların səhmlərinə sahib olmaq istədiklərini bildiriblər və bu proses 2008-ci ilin ortalarından başlayıb. Ancaq nəzərə almaq lazımdır ki, Avropa və Asiyanın nəhəng banklarının aktivləri Azərbaycanın ümumi bank sektorunun aktivlərindən 10 dəfələrlə çoxdur ki, onların birbaşa Azərbaycanın banklarına sərbəst yiyələnməsi ölkənin iqtisadi təhlükəsizliyini risk altında qoya bilər. Çünki müxtəlif siyasi, iqtisadi və digər amillərin təsiri altında həmin bankların Azərbaycanın pul dövriyyəsinə əlavə pulların qoyması və ya çıxarması ölkənin iqtisadi inkişafına təhlükə yarada bilər. Buna misal olaraq maliyyə böhranı nəticəsində 2008-ci ilin sonlarında Azərbaycanda bəzi kommersiya banklarının xarici öhdəlikləri icra edərkən müəyyən problemlərlə rastlaşmalarını göstərmək olar. Belə ki, 2008-ci ildə Azərbaycan bankları xarici maliyyə mənbələrindən 2 milyard dollar sərbəst vəsait cəlb etmişdilər. Hal-hazırda belə sərbəst vəsaitlərin cəlb olunması prosesi bir xeyli çətinləşib. Çünki dünyada kreditlərin sərbəstliyi əsaslı şəkildə azalıb, faiz dərəcələri xeyli artıb. Bu ona gətirib çıxarıb ki, Azərbaycan kommersiya bankları xaricdən lazımi miqdarda kredit cəlb edə bilmirlər və müvafiq olaraq ölkədə banklar əhaliyə kredit verməyi dayandırmışlar. Həmçinin dünyadakı maliyyə böhranı xarici bankları likvidlik problemi yaratdığından, onlar Azərbaycan banklarına verdikləri vəsaitlərin müddətini uzatmaqdan imtina etdiklərindən, öhdəliklərin birdən - birə, təcili icra edilməsi Azərbaycanın kommersiya banklarına problemlər yaratmışdır.
Bu baxımdan, kommersiya banklarının xaricdən cəlb etdiyi kapital onun nizamnamə kapitalının məbləğinə uyğun olaraq limitləşdirilməlidir. Bu proses, Azərbaycanın bank sisteminin xarici kapitaldan asılılığını azaldaraq, borcların geri qaytarılmasında yaranacaq riski minimuma endirəcəkdir. Digər bir tədbir - xaricdən cəlb edilmiş vəsaitdən məcburi ehtiyatlara ayırmalar müəyyən edilməsidir. 2008-ci ilin avqust ayında kommersiya banklarının xaricdən cəlb etdiyi vəsaitin 5%-i məbləğində məcburi ehtiyatlara ayırmalar tətbiq edilsə də, 2008-ci ilin oktyabr ayında dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar bu ayırmalar ləğv edilmişdir. Ancaq qeyd etmək lazımdır ki, məcburi ehtiyata normaların tətbiqi istənilən halda, ölkənin iqtisadi təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, Azərbaycanın valyuta-maliyyə əlaqələrinin tənzimlənməsi və ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün aparılan valyuta siyasətinin tərkib hissələrdən biri də valyuta məhdudiyyətlərinin tətbiq edilməsidir. Valyuta məhdudiyyətlərinin tətbiq edilib edilməməsi barədə iqtisadi ədəbiyyatda müxtəlif fikirlər və mövqelər mövcuddur. 1990-cı illərdə Meksikada, 1997-98-ci illərdə Cənub-Şərqi Asiyada, 2000-2001-ci idə Argentinada baş vermiş maliyyə böhranları göstərdi ki, dünyada baş vermiş bu cür böhranlar çox vaxt əvvəlcədən proqnozlaşdırılmır və gözlənilmədən baş verir. Müasir maliyyə bazarının dəyişkənliyi isə kifayət qədər risklidir. Dünya ölkələrində baş verən bu böhranlardan sonra müxtəlif ölkələrdə aparılan araşdırmalarda belə bir məqama daha çox rast gəlinir ki, əslində həmin böhranların baş verməsinə və genişlənməsinə beynəlxalq maliyyə maqnatları təkan veriblər. Nəzərə alsaq ki, Azərbaycanda maliyyə və valyuta bazarı beynəlxalq maliyyə maqnatları və transmilli kompaniyalar üçün çox kiçikdir, onda ölkənin valyuta qanunvericiliyinin iqtisadi təhlükəsizliyin bütün maliyyə-valyuta kriterilərinə cavab verməsi ən əsas vəzifə olmalıdır.
Ancaq son illər istər elmi-iqtisadi ədəbiyyatda, istərsə də kütləvi informasiya vasitələrində valyuta qanunvericiliyinin liberallaşdırılması və valyuta məhdudiyyətlərinin aradan qaldırılması barədə daha çox fikirlər səslənməkdədir. Məsələn, belə bir fikir mövcuddur ki, beynəlxalq valyuta-kredit və maliyyə əlaqələrinin liberallaşdırılması, yəni mal və xidmətlərin ticarəti sahəsində və valyuta sistemində məhdudiyyətlərin aradan qaldırılması iqtisadi nəzəriyyədə artıq mübahisəsiz qəbul edilmişdir və bu, həm də, praktikada özünü doğruldan müqayisəli üstünlüklər qanunun sərbəst işləməsinə şərait yaradır. İkinci mövqeyə görə - valyuta məhdudiyyətlərinin yumşaldılması kapitalın beynəlxalq hərəkətini sərbəstləşdirərək ölkəyə dünya maliyyə bazarının vəsaitlərindən istifadə etməyə imkan verir. Müasir dövrdə beynəlxalq təşkilatların əsas tələblərdən biri də məhz ixracdan daxil olan valyuta gəlirlərinin məcburi satınalmasının aradan qaldırılmasıdır. BVF-nin məlumatına görə 2000-ci ildə dünyanın 72 ölkəsində ixracdan daxil olan valyutanın, o cümlədən 42 ölkədə bütün daxilolmaların məcburi satılması qaydası qüvvədədir.
Azərbaycanda valyuta qanunvericiliyini təhlil edərək belə bir nəticəyə gəlmək mümkündür ki, aparılan iqtisadi islahatların və iqtisadi sistemin liberallaşdırılmasının tərkib hissəsi kimi son illər valyuta qanunvericiliyində bir sıra müsbət irəliləyişlər əldə olunmuşdur. Hazırda Azərbaycan MDB ölkələri arasında valyuta sferasının liberallaşdırılması sahəsində öncül sıralarda gedir.
Bütün bunlarla yanaşı Azərbaycanda da xarici iqtisadi əlaqələrin və bütünlükdə iqtisadiyyatın inkişafına mane olan valyuta məhdudiyyətləri hələ də qalmaqdadır. Cari valyuta əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər yumşaldılsa da, valyutaların hərəkətinin lisenziyalaşdırılması, ölkənin hüquqi və fiziki şəxslərinə valyutanın aparılması və köçürülməsi üçün sərbəst rejimin olmaması, yerli rezidentlərə xarici banklarda hesablar açılması, qiymətli kağızlar əldə edilməsinə icazə verilməsi və s. kimi bəzi məhdudiyyətlər aradan qaldırılmayıb. Bu baxımdan, sonrakı illərdə Azərbaycanın maliyyə-valyuta əlaqələrinin inkişaf etdirilməsi üçün ən mühüm məsələ - mövcud valyuta məhdudiyyətlərinin aradan qaldırılmasıdır.
Eyni zamanda, o da vacibdir ki, valyuta qanunvericiliyinin liberallaşdırılması ölkənin valyuta-qızıl ehtiyatına təsir etməsin və milli valyutanın sabitliyi qorunsun. Bu halda, valyuta-qızıl ehtiyatları idxalı maliyyələşdirməli, həmçinin xarici borcların vaxtında ödənilməsini təmin etməlidir. Məhz buna görə də, müasir dövrdə ölkə daxilində maliyyə valyuta sabitliyini təmin etmək üçün ən mühüm göstəricilərdən biri kimi ölkənin qızıl-valyuta ehtiyatlarının məbləğindən istifadə olunur.
Son illər dünyanın əksər ölkələrində valyuta ehtiyatlarının artırılması üçün ciddi tədbirlər həyata keçirilmişdir. 1990-cı illərdə bir sıra ölkələrdə maliyyə böhranından sonra bütün ölkələr qızıl valyuta ehtiyatlarını artırmaq qərarına gəldilər. Məsələn, Çexiya 3 aylıq ixracın məbləği qədər, Çili 5-6 aylıq idxalın, Polşa isə 3-6 aylıq idxalın məbləği qədər valyuta ehtiyatlarını artırmağa qərar verdilər. Statistik məlumatlara görə əgər yüksək gəlirli ölkələrin qızıl-valyuta ehtiyatları 1980-ci ildə 80517,9 milyon dollar idisə, 2003-cü ildə bu göstərici 9,7 dəfə artaraq 777,97 milyard ABŞ dolları olmuşdur. Orta gəlirli ölkələrdə bu göstərici həmin dövrdə 6,2 dəfə, aşağı gəlirli ölkələrdə isə 17,7 dəfə artmışdır. Aşağı gəlirli ölkələrdə valyuta-maliyyə böhranların baş verməsi daha tez baş verə biləcəyindən, həmin ölkələr valyuta ehtiyatlarını artırmağa daha çox üstünlük vermişlər.
Ümumiyyətlə, dünya təcrübəsi sübut edir ki, rəsmi qızıl-valyuta ehtiyatları aşağıdakı funksiyaları yerinə yetirir:
- cari əməliyyatlar balansının kəsirinin maliyyələşdirilməsi;
- dövlətin xarici borcunun maliyyələşdirilməsi;
- milli valyutanın sabitliyini qorumaq üçün Mərkəzi Bankların valyuta bazarına müdaxilə etməsi
- ölkənin beynəlxalq likvidliyinin artırılması;
- əlavə gəlir əldə edilməsi.
Bu baxımdan, Azərbaycanda son illərdə toplanmış valyuta ehtiyatlarından səmərəli istifadə edilməsi ən vacib məsələlərdən birinə çevrilməlidir. Burada, neftin dünya qiymətlərinin son 2 ildə xeyli aşağı düşməsinə baxmayaraq, istənilən halda, hələlik bu səviyyə də ölkəmiz üçün məqbul sayılmalıdır və son illərdə ölkəyə sürətlə daxil olmuş əlavə valyuta vəsaitlərindən xarici borcların vaxtında qaytarılması ilə yanaşı ölkə daxilində qeyri-neft sektoruna investisiya qoyuluşuna yönəldilməsi də əhəmiyyətli ola bilər. Maliyyə böhranı ilə əlaqədar reytinqindən və inkişaf səviyyəsindən asılı olmayaraq, Avropa və Amerikada istənilən bankın likvidlik problemi ilə üzləşmə təhlükəsinin olması Azərbaycanın valyuta ehtiyatlarını risk altında qoyur. Bu baxımdan, həmin vəsaitlərin bir hissəsinin ölkə banklarında yerləşdirilməsi həm kommersiya banklarının vəsait qıtlığını aradan qaldırar, həm də bu vəsaitlərin istifadəsinə dövlət nəzarəti imkanlarını genişləndirə bilər.
Məlumdur ki, dünya miqyasında maliyyə-kredit və valyuta bazarı fəaliyyət göstərir. Lakin dünya bazarının mexanizmi elədir ki, kredit faizi və valyuta kursları qalxıb enir. Eyni zamanda bu resurslar dünya konyunkturuna, məsələn, siyasi və digər amillər nəticəsində tez-tez dəyişə bilər. Bunun da nəticəsində dünya valyuta və maliyyə bazarında böhranlı hadisələr yarana bilər. Belə proses öz növbəsində milli iqtisadiyyatın sabitliyini şübhə altına ala bilər və iqtisadi artımı məhdudlaşdırar.
Bu gün iqtisadçılar arasında mübahisəsiz qəbul edilən fikirlərdən biri odur ki, xarici kapitalın tam açıq şəkildə hər hansı bir ölkəyə axını düzgün makroiqtisadi siyasət aparılmadıqda müəyyən fəsadlara gətirib çıxara bilər. Məhz bunu nəzərə alaraq, ölkəyə xarici investisiyaların cəlb edilməsi kortəbii xarakter daşımamalı, qısa müddətli likvidliyə malik xarici kapitalın ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Maliyyə sabitliyinin təmin edilməsi istiqamətlərinin müəyyən edilməsində elə bir mexanizm yaradılmalıdır ki, o, artıq əldə olan resurslardan istifadə edilməsi imkanlarının genişlənməsinə xidmət etmiş olsun. Bunun üçün ehtiyat normasını azaltmaq, nağd pulun ümumi pul kütləsində payını aşağı salmaq, resursların depozitliyini məhdudlaşdırmaq lazımdır. Ölkədə iqtisadi təhlükəsizliyi qorumaq üçün iqtisadiyyatın dollarlaşmasının müəyyən həddi keçməsinə yol verilməməsi də vacib şərtlərdən biridir. Dünya təcrübəsi göstərir ki, sağlam milli iqtisadiyyatın formalaşmasında dövriyyədə olan nağd pulla (Mo) ÜDM-in nisbətinin gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Ən yaxşı hal iqtisadiyyatın normal fəaliyyəti üçün dövriyyədə olan pul kütləsinin ÜDM-ə nisbətinin ən azı 70-80 faizi keçməməsidir. 2009-cu ildə bu rəqəm Azərbaycanda cəmisi 12,1 faiz təşkil etmişdir.
Bu prosesdə ancaq tələb olunan səviyyədə - məsələn, strateji idxal, xarici borcların ödənilməsi və s. kimi ən zəruri ehtiyaclara valyuta resurslarından istifadə etmək lazımdır. Əgər iqtisadi artımın maliyyələşdirilməsi xarici mənbələr hesabına həyata keçirilirsə, o zaman gələcəkdə ölkənin maliyyə resursları dünya konyunkturundan asılı ola bilər. Məhz buna görə də, strateji baxımdan maliyyələşdiriləcək sahələrdə milli iqtisadi subyektlərin hökmran mövqe tutması üçün xüsusi mühit və şərait yaradılmalıdır.
Müasir dövrdə qloballaşma şəraitində ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının mühüm şərtlərindən biri də valyuta ehtiyatlarının kifayətliyidir. İndiyədək valyuta ehtiyatlarının optimal və ya minimal səviyyəsinin müəyyənləşdirilməsi üzrə çoxlu diskussiyalar aparılsa da bu barədə yekdil fikir formalaşmamışdır. Çünki, bu göstəriciyə həddindən artıq çoxlu amillər təsir göstərir. Belə ki, ölkənin qızıl-valyuta ehtiyatlarına olan tələbatına məzənnə rejimi, beynəlxalq kapital bazarlarına çıxış, ölkə iqtisadiyyatının açıqlığı və çevikliyi dərəcəsi və s. amillər təsir göstərir.
Azərbaycanda valyuta-kredit münasibətlərinin optimallaşdırılması daha çox tədiyyə balansının gələcək vəziyyətindən asılı olacaqdır. Belə ki, neftin dünya qiymətlərinin aşağı düşməsi ölkəyə daxil olan xarici valyutanı azaldacaq və müəyyən tədbirlər həyata keçirilməsə, tədiyyə balansında yaranacaq kəsirin aradan qaldırılması üçün mövcud valyuta ehtiyatlarından istifadə edilməsi qaçılmaz olacaqdır.
Azərbaycanda investisiya mühitinin yaxşılaşması vergi qanunvericiliyi təkmilləşdirilmədən qeyri-mümkündür. Mütəxəssislərin fikrincə, xarici investisiyalara stimul vermək üçün vergilərin kütləvi şəkildə aşağı salınması həmişə özünü doğrultmur. Son dövrlərdə nəşr olunan iqtisadi ədəbiyyatda da göstərilir ki, vergi güzəştlərinin birxətli və qeyri-diferensial tətbiqi heç bir effekt verə bilməz. Xarici investisiyaların vergi vasitəsilə stimullaşdırılmasında verginin diferensasiyasına və ünvanlılığına fikir vermək lazımdır. Məsələn, ölkə üçün vacib əhəmiyyət kəsb edən layihələrə qoyulan investisiyaları 5 il müddətinə mənfəət vergisindən azad etməyi məqbul saymaq olar. İqtisadiyyatımızın müqayisəli üstünlüklərə malik olan prioritet sahələrini nəzərə alaraq, vergiqoymanın diferensiasiya olunmuş prinsipini tətbiq etmək daha məqsədəuyğundur. Xarici investisiyalara tətbiq edilən güzəştlər rəqabət qabiliyyəti, yüksək texnologiya və s. tələblərlə şərtlənməlidir. Verginin, tarifin, güzəştin səviyyəsini müəyyən edərkən rəqib ölkələrdəki investisiya iqlimini öyrənmək də məqsədəuyğun olardı.
Lakin aparılan təhlillər göstərir ki, son dövrlərdə xarici investorlarla qurulan əlaqələr sistemində baş verən bir sıra müsbət dəyişikliklərə baxmayaraq, hazırda qeyd olunan üstünlüklərdən və imkanlardan kifayət qədər tam və səmərəli istifadə olunmur. Ona görə də, Azərbaycanda güclü xarici investisiya axınına nail olmaq üçün hər şeydən əvvəl bütöv iqtisadi sistem formalaşdırılmalıdır. Dünya iqtisadiyyatında öncül yer tutan ölkələrin təcrübəsini nəzərə alaraq demək olar ki, Azərbaycanın xarici iqtisadi fəaliyyəti və xarici investorla effektiv münasibəti iqtisadiyyatda ümumi liberallaşma prinsipləri nəzərə alınmaqla qurmaq lazımdır. Ölkədə iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmləri beynəlxalq hüquq normalarına və dünya praktikasına uyğun olmalı, iqtisadiyyatın və xarici ticarət əlaqələrinin strukturu ölkənin iqtisadi potensialına, daxili tələbatına və beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlüklərə uyğun olaraq formalaşdırılmalıdır.
Hazırda ölkəmizin malik olduğu bu üstünlüklərdən istifadə edərək xarici investisiyaların cəlb edilməsini sürətləndirmək, xüsusən biznesin inkişafına mane olan məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Qeyd edək ki, dünyanın aparıcı təşkilatlarının müəyyən etdiyi reytinq hər bir ölkə, əsasən də iqtisadiyyatında xarici investisiyaya daha çox ehtiyac duyulan ölkələr üçün çox əhəmiyyətlidir. Xarici şirkətlər hər hansı bir ölkə iqtisadiyyatına investisya qoyarkən beynəlxalq təşkilatların həmin ölkə üçün qiymətləndirdiyi investisiya və biznes mühitini əks etdirən göstəricilərə böyük önəm verirlər. Son illər Azərbaycan iqtisadiyyatında aparılan liberallaşma, özəl mülkiyyətin inkişafı, biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyalara əsaslı güzəştlər edilməsinə baxmayaraq, beynəlxalq təşkilatların reytinqində ölkəmizin tutduğu mövqeyini daha da yüksəltmək imkanları vardır. Bu baxımdan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında ən önəmli məsələlərdən biri xarici iqtisadi sferanın və bütünlükdə biznes mühitinin liberallaşdırılması ilə yanaşı ölkədə baş verən iqtisadi proseslər barədə dünyaya daha dolğun məlumatlar çatdırılmasıdır.
İqtisadiyyatın sağlamlaşdırılmasının və antiböhran tədbirlərinin həyata keçirilməsinə hazır olmağı əks etdirən göstəricilərdən ən vacibi - ölkənin xarici borcunun həcmidir. İstər xaricdən alınan kreditlər, istərsə də daxili borclar müəyyən həddi aşdıqda neqativ hala çevrilir və ölkənin iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərir. Dünya təcrübəsi göstərir ki, xarici borclar ÜDM-nin həcmini 2-3 dəfə ötəndə ölkənin iqtisadi təhlükəsizliyini şübhə altına alır.
(ardı var)

{nl}

Tanrıverdi PAŞA, AMEA İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında