Fevralın 20-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (QDİƏT), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması” mövzusunda forum keçirilmişdir.
Forumun açılışında çıxış edən QDİƏT-in Biznes Şurasının baş katibi Məmməd Zülfüqarov tədbirin əhəmiyyətindən, aqro-ərzaq zəncirinin inkişafının vacibliyindən danışmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov forumda çıxış edərək bildirmişdir ki, aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi ərzaq təhlükəsizliyi kontekstində çox mühüm əhəmiyyətə malik olduğundan, bununla bağlı forumun keçirilməsi təşəbbüsü yüksək qiymətə layiqdir.
Aqrar sektorun iqtisadiyyatın inkişafında yeri və rolu, aqrar siyasət və onun vəzifələri, prinsipləri barədə məlumat verən Azər Əmiraslanov demişdir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi strateji vəzifədir və bunun uğurla həyata keçirilməsi təkcə kənd təsərrüfatının yox, ümumiyyətlə, aqrar-sənaye kompleksinin inkişafını tələb edir. Bu gün iqtisadi inkişafın davamlı, dayanıqlı şəkildə qurulması, təmin olunması aqrar sektorun inkişafından asılıdır. İqtisadiyyatın şaxələndirilməsinin, eyni zamanda, qeyri-neft sektorunun inkişafının ən mühüm şərtlərindən biri kənd təsərrüfatının potensialının tam reallaşdırılmasından ibarətdir. Hazırda ölkəmizdə əhalinin yarısı kənddə yaşayır. Deməli, aqrar siyasət, eyni zamanda, ciddi sosial problemlərin həllinə yönəldilmişdir. Məşğul əhalinin 40 faizi kənd təsərrüfatında çalışmaqdadır və aqrar siyasət həm də iş yerlərinin açılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Yoxsulluğun azaldılmasına aqrar sahədə problemlərin həllinin çox mühüm təsiri vardır.
A.Əmiraslanov vurğulamışdır ki, aqrar sektora dövlət tərəfindən genişmiqyaslı dəstək proqramları həyata keçirilir. Bu dəstəyin istiqamətləri də çoxşaxəlidir. Məsələn, bu günlər bölgələrdə kənd təsərrüfatı üçün infrastruktur yaradılmaqdadır. Dövlət investisiyaları bu sahəyə yönəldilir. “Aqrolizinq” ASC dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və onun emalı sahələrinə yönəlmişdir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddır. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya olunur.
Ümumiyyətlə, dövlət bütün istiqamətlər üzrə fermerlərə öz dəstəyini verməkdədir. Vəzifələrə gəldikdə, birinci mühüm məsələ dövlət dəstəyinin səmərəli təşkil olunmasıdır. Bu, aqrar siyasətdə prinsipial vəzifə kimi Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuşdur və aqrar siyasəti həyata keçirən qurumlar bu məsələyə xüsusi diqqət yetirməkdədirlər.
A.Əmiraslanov qeyd etmişdir ki, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunması da gündəlikdədir. Texnika parkının modernləşdirilməsi, daha müasir innovativ texnologiyaların tətbiqi də gündəmdə olan məsələlərdəndir. Həm bitkiçiliyin, həm də heyvandarlığın intensiv inkişaf etdirilməsi hesabına ölkədə məhsuldarlığın artırılması və kənd təsərrüfatının rəqabətqabiliyyətinin təmin olunması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, əkin sahəsi strukturunun təkmilləşdirilməsinə, xüsusilə də gəlirli sahələrin ixrac potensialı olan yeni dəyər yaratmaq imkanlarına malik sahələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılacaqdır.
A.Əmiraslanov demişdir ki, Azərbaycanda aqrar sahədə institusional islahatların istiqamətləri müəyyən edilmişdir. Bununla bağlı dövlətimizin başçısı aqrar siyasəti həyata keçirən qurumlara ciddi tapşırıqlar vermişdir. Aqrar idarəçiliyin, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir. Dövlət dəstəyi mexanizminin də təkmilləşdirilməsi, subsidiya siyasətinə yenidən baxılması, kadr təminatı problemlərinin həll olunması, elektron kənd təsərrüfatı bu gün prioritet məsələlərdir. Elektron kənd təsərrüfatı çərçivəsində fermerlərin elektron qeydiyyat sisteminin yaradılması dövlət başçısı tərəfindən xüsusi olaraq tapşırılmışdır. Bu çərçivədə həyata keçiriləcək mühüm məsələlərdən biri də torpaqların elektron qeydiyyat sisteminin yaradılmasıdır.
A.Əmiraslanov bildirmişdir ki, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, qida təhlükəsizliyi, müasir dövr üçün aqrar sənaye kompleksinin inkişaf strategiyasının hazırlanması da gündəlikdə olan məsələlərdəndir. Ölkədə fermerlərə dövlət dəstəyinin səmərəli təşkil edilməsi, kənd təsərrüfatının effektivliyinin təmin olunması, sahənin məhz bazar iqtisadiyyatı prinsipləri üzərində inkişafı, bitkiçiliyin şaxələndirilməsi, kənd təsərrüfatında müqayisəli üstünlüklərin nəzərə alınması, həm aqrar siyasətdə, həm də iqtisadi siyasətdə məhsul zənciri, dəyər zənciri əsas prinsiplərdəndir. Dəyər zəncirinin inkişafı aqrobiznesin və ərzaq bazarının daha səmərəli fəaliyyətini təmin edir. Ərzaq zənciri istehsal, logistika, emal, satış, istehlak mərhələlərinə kimi bütün həlqələri əhatə edir. Bu həlqələrin bir-biri ilə əlaqələndirilməsi vacibdir.
A.Əmiraslanov bu sahədə mövcud problemlər və görüləcək işlər barədə də danışmış, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra FAO-nun Azərbaycan üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaser, QDİƏT-in baş katibi Viktor Tvirkun, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, QDİƏT-in Rusiya Milli Komitəsinin sədri Viktor Arxipov, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, ASK-ın prezidenti Məmməd Musayev çıxış edərək aqro-ərzaq zəncirinin inkişafının, bu sahəyə özəl sektorun cəlb edilməsinin vacibliyindən danışmışlar.
Forumda “2020 hədəfləri: Azərbaycanda aqro-ərzaq zəncirinin inkişafı”, “QDİƏT regionunun aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə prioritetlər və çağırışlar”, “Azərbaycanda kənd təsərrüfatı və aqrosənaye sahəsinin vəziyyəti və inkişaf prioritetləri” və digər mövzularda məruzələr dinlənilmiş, “dəyirmi masa”lar təşkil olunmuş, müzakirələr aparılmışdır.
Forumda QDİƏT-in Biznes Şurası ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.