Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Dünya İqtisadi Forumuna görə, respublikamız hazırda ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən ilin əlamətdar hadisələrindən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer almasıdır.
Bu gün dünyanın əksər aparıcı ölkələri hələ də böhran problemlərini aradan qaldırmağa çalışdığı bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirməkdədir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir. 2013-cü ildə Azərbaycanın xarici iqtisadi mövqeyi daha da möhkəmlənmiş, ilkin qiymətləndirməyə görə ixracın həcmi 30 milyard ABŞ dollarını, tədiyyə balansının cari hesabında profisit isə 10 milyard dolları ötmüşdür. Milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarından çox olmaqla ÜDM-in 70 faizinə ekvivalentdir. Ötən il ölkə iqtisadiyyatı 5,8 faiz artım nümayiş etdirmiş, qeyri-neft iqtisadiyyatında artım 10 faiz olmuşdur.
2013-cü ildə Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən 15,1 faiz çox vəsait yönəldilmişdir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi investisiyaların ümumi həcminin 66,3 faizini təşkil etmişdir. 2013-cü ildə istehsalat yönümlü obyektlərin tikintisinə 8 635,7 milyon manat, qeyri-istehsalat obyektlərinə isə 9 236,4 milyon manat sərmayə qoyulmuşdur.
Əsas kapitala qoyulmuş vəsaitlərdən 73 faiz (13 047,3 milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Ölkənin neft sektoruna isə 4 824,8 milyon manat (27 faiz) sərmayə qoyulmuşdur, 2012-ci ilin analoji dövründə isə bu rəqəm 430,5 milyon manata bərabər olmuşdur. Azərbaycanın sənaye sahələrinə yatırılmış kapital qoyuluşları təqribən 4,7 milyard manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.
Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investisiyaların cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. SKSP-nin mütəxəssislərinin iştirakı ilə Sənaye Parkında fəaliyyət göstərmək istəyən potensial investorlara dəstək məqsədilə inşaat, lak-boya, şüşə, karton və digər sənaye sahələrini əhatə edən nümunəvi investisiya layihələri hazırlanmışdır. Bu zaman dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alınmışdır. Qeyd edək ki, investisiya layihələri çərçivəsində istehsal olunacaq məhsullara həm ölkədə, həm də regionda böyük tələbat vardır.
Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir, ikitərəfli danışıqlar aparılır.
Son illər sənayenin inkişafına mühüm önəm verilməsinin nəticəsi kimi bir neçə fakta diqqət yetirək. Ötən il qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.
Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyük kəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət büdcəsinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr reallaşdırılmışdır.
Azərbaycanda yaradılan yeni sənaye müəssisələri həm də beynəlxalq standartlara uyğun qurulması ilə diqqəti cəlb edir. Məsələn, qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kilovat saat elektrik enerjisi istehsal ediləcək. Bu isə on minlərlə ailənin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir.
Yaxud, başqa bir misal. “DET AL Alüminium” MMC-nin Gəncə alüminium zavodunda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir və müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir. Birinci mərhələdə ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmış və bu layihə çərçivəsində Gəncə Gil-Torpaq Zavodunun istehsal fəaliyyəti bərpa olunmuşdur.
Onu da deyək ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir: “Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır. Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər çoxdur. Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan vermişdir. Bu müsbət meyillər güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili sərmayələrin qoyuluşu gözlənilir”.
Azərbaycanda əsas neft kontraktları imzalanmasına baxmayaraq, hazırda ölkəmiz xarici iş adamları üçün cəlbedici dövlət kimi çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına vəsait qoyulur. Bir sözlə, ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır.
Azərbaycanda son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərilmişdir. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına 1 milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Özəl bölmənin inkişafı üçün xüsusi tövsiyə planları tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır.
Azərbaycan İnvestisiya Şirkəti də regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi broyler”də həyata keçirilən layihələrdə iştirak etmişdir. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.
Müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir. 2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir.
Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.