Dünya Bankının Azərbaycanda həyat şəraitinin qiymətləndirilməsi hesabatı təqdim olunmuşdur

Aprelin 8-də Bakıda Dünya Bankının "Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsi hesabatı"nın əsas nəticələrinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş təqdimat-seminar keçirilmişdir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak tədbiri açaraq, təqdim edilən hesabatın ölkədə yoxsulluğun səviyyəsinin qiymətləndirilməsi işinin bir hissəsi olduğunu və sənədin Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində hazırlandığını bildirmişdir. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yoxsulluğun monitorinqi və bilik mübadiləsi sahəsində uzunmüddətli əməkdaşlıq təcrübəsinin mövcud olduğunu deyən Qreqori Yedjeyçak, son on ildə ölkədə həyat şəraitinin yaxşılaşmasını təhlil edən bu hesabatı tərəflərin əməkdaşlığının ən yaxşı nümunəsi kimi qiymətləndirmişdir.
Dünya Bankının böyük iqtisadçısı, hesabatın əsas müəllifi Lire Ersado Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsi hesabatının əsas nəticələrini əks etdirən geniş təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, hesabat 2001-2008-ci illəri əhatə edir. Bu dövrdə ölkə iqtisadiyyatı sürətlə inkişaf edərək ildə 17,3 faiz artıma nail olmuşdur. Azərbaycan hökuməti iqtisadi inkişafla paralel surətdə yoxsulların və həssas qrupların müdafiəsini gücləndirmək məqsədi ilə sosial xərcləri artırmış və 2006-cı ildə irimiqyaslı və çox uğurlu ünvanlı sosial müdafiə sisteminin tətbiqinə başlamışdır.
Ölkəmizdə təhsil və səhiyyə xidmətlərindən istifadə imkanlarının təhlil olunduğu hesabatda, həmçinin, ünvanlı sosial müdafiə sistemi, onun benefisiarların həyat şəraitinin yaxşılaşmasına necə təsir etməsi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, 2001-2008-ci illəri əhatə edən hesabat dövründə Azərbaycanda əhalinin həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Buna ölkənin sürətli iqtisadi inkişafı və gəlirlərin bölüşdürülməsini təkmilləşdirməyə imkan verən siyasət nəticəsində nail olunmuşdur.
Lire Ersado demişdir ki, hesabat dövründə Azərbaycan hökuməti geniş dövlət investisiya proqramlarının və əmək haqlarının, sosial ödənişlərin artırılmasına imkan verən məsələlərin icrası istiqamətində mühüm səylər göstərmişdir. Bu səylər yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarmışdır. Nəticədə 2001-ci ildə ölkədə yoxsulluğun səviyyəsi təqribən 50 faiz təşkil etdiyi halda, indi bu göstərici 11 faizə düşmüşdür. Natiq Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmişdir.
Hesabatda bu nailiyyətləri qoruyub saxlamaq və ölkə əhalisinin neft bumundan sonrakı dövrdə iqtisadi artımda fəal iştirakını təmin etmək məqsədi ilə insan kapitalının inkişaf etdirilməsinə dair tövsiyələr də əksini tapmışdır. Əsas diqqətin yoxsulluğun bəzi qeyri-gəlir aspektlərinə, əhalinin ali təhsil sistemində iştirak səviyyəsinin yüksəldilməsinə, yoxsulların səhiyyə xidmətlərindən istifadəsi sahəsində bəzi maliyyə baryerlərinin, iqtisadi fəaliyyətdə və məşğulluq imkanları sahəsində şəhər-kənd, region fərqlərinin səviyyəsinin aradan qaldırılmasına yönəldilməsi tövsiyə edilmişdir.
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirak etdikləri təqdimat-seminarda, təhsil və səhiyyə xidmətlərinin hazırkı vəziyyəti, bu xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təqdimatlar olmuş, işgüzar müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında