Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin altı ayının sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr edilən iclasında səslənən fikirlər milli iqtisadiyyatda keçid dövrünün başa çatdığını, bütün sahələrdə, eləcə də bütün ölkə ərazisində, artıq davamlı, uzunmüddətli və stabil inkişafın təmin edildiyini sübut edir.
Müstəqilliyin bərpasından sonra ölkəmizdə demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrilmişdir. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin təcrübəsi də sübut edirdi ki, istənilən ictimai-siyasi formasiyada cəmiyyətin və milli iqtisadiyyatın davamlı sosial-iqtisadi inkişafına və qısa zamanda yeni tələblərə uyğun qurulmasına yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir.
Nəzərə alsaq ki, Azərbaycan Respublikası özünün əlverişli coğrafi-strateji mövqeyi, təbii-iqtisadi resurs potensialı, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyanın hegemon dövlətlərinin maraq dairəsində olan bir dövlətdir, onda ölkəmizin müstəqillik dövründə hansı çətinliklərlə üzləşdiyi aydın olar. İstənilən zaman Azərbaycanı özünün "vassalına" çevirməyə çalışan, özünə tabe etməyə can atan bir neçə dünya nəhənginin qarşısında müstəqilliyin qorunub saxlanması, ölkəmizin öz sərvətləri üzərində tam hüquqlu söz sahibliyinin təmin olunması, eləcə də ölkənin parçalanmaq, vətəndaş qarşıdurması və s. kimi mürəkkəb vəziyyətdən inkişaf edən sabit bir dövlətə qədər inkişaf etdirilməsi yalnız tükənməz Vətən sevgisi, xalqa məhəbbət, yüksək idarəçilik qabiliyyəti, siyasi uzaqgörənlik və s. kimi keyfiyyətlərə malik bir şəxsin ölkəyə rəhbərlik etməsi ilə mümkün idi. Bütün bunları çox dəqiqliklə qiymətləndirən uzaqgörən Azərbaycan xalqı dahi siyasətçi, dəfələrlə ölkəmizin başının üstünü almış çətinliklərə mərdliklə sinə gərən, dünya siyasətinin nəhəng simalarından olan, yüksək idarəetmə qabiliyyətinə malik ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişini tələb etdi.
Ümumilikdə Azərbaycanın müstəqillik dövrünü şərti olaraq, 1991-1993-cü illər - Heydər Əliyevə qədər olan dövr, 1994-2003-cü illər Heydər Əliyev dövrü və 2003-cü ildən sonrakı, yəni Heydər Əliyevdən sonrakı dövr olmaqla üç mərhələyə ayırmaq olar. Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.
Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə isə 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, üçdə ikisini itirmiş və istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi kəskin artmışdır. Eyni zamanda, 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsınə - 1763,5%-ə çatmışdı.
Büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-ə qədər artmışdır. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamış, 1994-cü ildə Milli (Mərkəzi) Bankın uçot dərəcəsi 250%-ə çatmışdır ki, bu da o deməkdir ki, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Təbii ki, bütün bunlar, əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. Nəticədə 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüş, 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.
Qeyd edildiyi kimi, ölkə iqtisadiyyatında tənəzzül prosesinin tərəqqi ilə əvəz olunduğu, saysız-hesabsız uğurlarla yadda qalan II dövr - ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1994-2003-cü illəri əhatə edir. Etiraf etməliyik ki, taleyi Heydər Əliyevin taleyi kimi xalqının, millətinin, dövlətinin taleyi ilə bu qədər yaxından bağlı olan ikinci bir dövlət başçısı təsəvvür etmək çox çətindir. Başqa sözlə desək, fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və dəmir məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik kimi xüsusiyyətləri özündə cəmləşdirən ümummilli lider Heydər Əliyev üçün dövlətçilik və azərbaycançılıq ideyaları hər şeydən üstün idi. O, xalqına, vətəninə ürəkdən bağlı idi və dəfələrlə də bunu istər çıxışlarında, istərsə də fəaliyyətində sübut etmişdir. Hələ 1990-cı ilin yazında: "İstəyirəm ki, xalqımız mütəşəkkil olsun, milli qürur hissi daha da güclənsin, tariximizi sevək, Vətən qarşısında xidməti olan insanların qədrini bilək" söyləyən dahi Heydər Əliyevin ən böyük arzusu xalqın birliyinə, bütün azərbaycanlıların həmrəyliyinə söykənən qüdrətli milli dövlətin yaradılması olmuşdur. Məhz bu arzu ilə də ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarını, bunun ən vacib şərtlərindən olan qanunvericiliyin, demokratik seçkılərin presedentini yaratdı, Milli Ordu quruculuğuna real impuls verdi, eləcə də paralel olaraq iqtisadi sferada da ciddi uğurlara zəmin yaradan addımlar atdı. Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etmiş, həm də Azərbaycan xalqının ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini - səriştəli idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan savadlı, geniş dünya görüşünə malik insanları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsində səfərbər etməyə nail olmuşdur. Ulu öndər bu məsələləri hələ ötən əsrin 70-80-ci illərindən görürdü və bir çox azərbaycanlı gəncləri o zamankı SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərirdi. Məhz bunun nəticəsidir ki, hələ dahi Heydər Əliyevin hakimiyyəti illərində kristal, ümumi milli mənafeyi üstün tutmağı bacaran komanda formalaşmışdır.
Bu gün isə ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Ölkədə iqtisadiyyatın liberallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və s. müstəqil Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olmuşdur.
Qeyd edildiyi kimi, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.
Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisınin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır. Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.
Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.
Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü. Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı. Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı.
Araşdırmalar göstərir ki, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.
Milli iqtisadiyyatın inkişaf yolunda III mərhələ möhtərəm İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş Heydər Əliyev strategiyası, sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi proqramlar təsdiq edilmiş və uğurla icra olunmaqdadır.
Dəfələrlə ölkə başçısının çıxışlarında da qeyd edildiyi kimi, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.
Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Belə ki, 2009-cu ildə ÜDM-in real artımı 9,3%, o cümlədən neft-qaz sektorunda 14,3% təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5%, rabitədə 13,1%, ticarətdə 9,9%, nəqliyyatda 9,3%-lik artıma nail olunmuşdur. Eyni zamanda, təkcə 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23%, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17% artmışdır. Əvvəlki illə müqayisədə, 2009-cu ildə 12,5% çox pullu xidmətlər göstərilmiş, 8,9% çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7%, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6% artmışdır.
Bütün bu uğurlar dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business - 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business - 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Eləcə də, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu mərhələ də 2003-cü ildən sonrakı dövrü əhatə edir. Əslində, zaman baxımından bu dövrü Heydər Əliyevdən sonrakı dövr adlandırsaq da, 2003-cü ildən sonra da ölkəmiz məhz ümummilli lider tərəfindən bünövrəsi qoyulan strategiya, islahatlar, ideyalar və s. əsasında inkişaf etmişdir. Daha doğrusu, bu dövrdə də ulu öndərin ideyaları ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.
Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında müzakirə edilən 2010-cu ilin ilk altı ayının yekunları da məhz 2003-cü ildən sonra həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələri idi. Dövlətimizin başçısı cənab İlham Əliyev həmin iclasda qeyd etdiyi kimi: "Bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir".
2010-cu ilin altı ayının yekunlarından aydın olur ki, Azərbaycanda bütövlükdə bu il də ötən illərdə olduğu kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Ötən il bütün dünyada daha çox maliyyə və iqtisadi böhran dövrü kimi yadda qalsa da, ölkəmizdə istər 2009-cu ildə, istərsə də 2010-cu ilin ilk yarısında iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ilin ilk altı ayında iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir ki, bu da bir daha islahatların düzgün istiqamətdə həyata keçirildiyini sübut edir.
Hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edən sənaye potensialından istifadədə də müsbət meyillər davam etmişdir. Neft və qeyri-neft sektorları üzrə nəzərə alsaq aydın olar ki, 2010-cu ilin ilk altı ayında neft sektorunda 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz artım təmin olunmuşdur. Bütün bunlar Azərbaycan hökuməti tərəfindən görülən işlərin, ardıcıl surətdə həyata keçirilən layihə və tədbirlərin bariz nümunəsidir. Belə ki, bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq bugünkü reallıqları təmin edir. Eyni zamanda, qeyri-neft sektorunda 15 faizdən çox artıma nail olunması bu sahəyə göstərilən diqqət və qayğını bir daha əks etdirməklə yanaşı, milli iqtisadiyyatın çoxşaxəli olduğunu, bütün sahələr üzrə inkişafin təmin olunduğunu göstərir.
Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi, başlıca məqsəd neft ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına nail olmaqdır. 2010-cu ilin altı ayında inflyasiya 4,9 faiz təşkil etmiş və əhalinin pul gəlirləri isə 9 faiz artmışdır ki, bu da məhz yuxarıda qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, dünyanın aparıcı şirkətlərinin, transmilli kompaniyaların, iri dövlətlərin böhranla üz-üzə qaldığı, maliyyə çətinliklərinə düçar olduğu bir dövrdə inflyasiyanın cilovlanması, normal həddə saxlanması Azərbaycan hökumətinin ən ciddi uğurlarından hesab edilə bilər. Bu onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyaya nəzarət təmin edilir, başqa sözlə desək, Azərbaycan hökuməti böhranın yaradacağı mənfi təsirləri, ehtimalları qabaqlayır.
Əlbəttə, bütün bunların əsas səbəblərindən biri də ötən illər ərzində ölkədə yaradılmış güclü valyuta ehtiyatları ilə bağlıdır. Hökumətin uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirmiş və bu temp 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin ilk yarısında da Azərbaycanın valyuta ehtiyatları artaraq 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Təbii ki, bu ehtiyatlar imkan verir ki, Azərbaycan hökuməti iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini öz gücünə arxalanaraq icra etsin. Nəzərə alsaq ki, yaxın keçmişdə həyata keçirilən əksər layihə və proqramlar ölkəmizə öz maraqlarının reallaşdırılması məqsədilə üz tutmuş xarici investorlar tərəfindən maliyyələşdirilirdi, onda yuxarıda qeyd edilənləri də 2003-cü ildən sonrakı dövrün ciddi uğurları sırasına yaza bilərik.
Aydındır ki, qloballaşma və inteqrasiya proseslərinin sürətləndiyi müasir dövrdə dünyaya daha yaxından inteqrasiya etmədən inkişaf qeyri-mümkündür. Bu baxımdan 2010-cu ildə də ölkəmizdə investisiyaların cəlb edilməsi sahəsində uğurlu siyasət davam etdirilmişdir. Statistik araşdırmalar göstərir ki, son altı ay ərzində bütövlükdə, ölkə iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da, yalnız 21,1 faizi xarici investisiyaların payına düşür. Ümumiyyətlə, müşahidələr göstərir ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə regionda ən qabaqcıl ölkədir. Eyni zamanda, artıq formalaşdırılmış milli gəlir və valyuta ehtiyatları, güclü milli iqtisadiyyat daxili investisiyaların həcmini ildən-ilə artırmağa imkan verir. Bunun nəticəsidir ki, 2007-ci ildən etibarən investisiyaların ümumi həcmində daxili investisiyalar üstünlük təşkil edir. 2010-cu ilin ilk yarısında da bu temp saxlanılmış və 3,8 milyard dolların 3 milyard dollarını daxili sərmayələr təşkil etmişdir.
Son altı ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş iclasda da səslənən fikirlərdən aydın oldu ki, həmişə olduğu kimi 2010-cu ildə də sosial məsələlərə xüsusi diqqət verilmiş və bu sahədə nəzərdə tutulmuş bütün proqram və tədbirlər vaxtlı-vaxtında uğurla icra olunmaqdadır. Məhz bunun nəticəsidir ki, statistik məlumatlara görə Azərbaycanda orta əmək haqqı təxminən 400 dollar, orta aylıq pensiyaların həcmi təxminən 130 dollar təşkil edir və bu rəqəmlər ildən-ilə artır. Ayrı-ayrı regionlar üzrə bütün sosial infrastrukturların yaradılması da sosial sferaya diqqətin nəticəsidir. Belə ki, Bakı şəhərində və ayrı-ayrı regionlarda xəstəxanaların, məktəblərin, idman qurğularının, müxtəlif mədəniyyət ocaqlarının yenidən qurulması, Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir infrastruktur obyektləri sosial sferada görülən işlərin bariz nümunəsidir.
Bütün dövrlərdə olduğu kimi, 2010-cu ildə də hökumətin əsas məqsədlərindən birini ölkə boyunca səmərəli məşğulluğun təmin olunması təşkil etmişdir. Bu məqsədlə istər özəl sektorun inkişafına dəstəyin artırılması, istər yeni-yeni müəssisələrin yaradılması, istərsə də ayrı-ayrı sahibkarlara güzəştli kreditlər verməklə onların fəaliyyətinin genişləndirilməsi xüsusi qeyd edilməlidir. Məhz həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsidir ki, təkcə son altı ay ərzində Azərbaycanda 36 min yeni iş yerləri açılmışdır. Bütövlükdə isə 2004-cü ildən sonrakı dövr ərzində, təxminən 900 min yeni iş yerləri açılmışdır ki, bunun da 600 mindən çoxu daimi iş yerləridir. Təbii ki, bütün bunlar sosial sahədə atılmış uğurlu addımların az bir hissəsidir.
Dövlətin iqtisadi siyasətinin prioritetini qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil etsə də, neft sektorunun inkişafı da daim diqqət mərkəzində saxlanılması çox vacibdir. Ona görə ki, bu sahə xarici investorların daha çox diqqətini cəlb edir və bu sahədə tam hüquqlu söz sahibi olmaq üçün ciddi diqqət, qayğı və nəzarətin göstərilməsi labüddür. Digər tərəfdən, qeyri-neft sektorunda əldə edilən uğurların da əsasını yuxarıda qeyd edildiyi kimi, neft sektorunun inkişafından cəlb edilmiş valyuta ehtiyatları təşkil edir. Bu baxımdan neft sektorunda da inkişaf tempinin saxlanılması, ümumi inkişaf naminə çox vacibdir. Statistik məlumatlar göstərir ki, son altı ayda ölkədə 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilmişdir. Bu hasilatın əsas hissəsi ixrac olunmaqla, ölkəyə valyuta axınını təmin edir. Təbii ki, hasilatın artırılıb-azaldılması Azərbaycan hökumətınin öz ixtiyarındadır. Amma nəzərə alsaq ki, milli iqtisadiyyatın digər sahələrində əldə edilən və gözlənilən uğurlar bu hasilatdan həlledici dərəcədə asılıdır, onda neft-qaz hasilatının səmərəli şəkildə tənzimlənməsinin əhəmiyyəti aydın olar.
Məhz hər bir sahədə həyata keçirilən uğurlu tədbirlərin və səmərəli tənzimləmənin nəticəsidir ki, milli iqtisadiyyatın digər sahələrində də inkişaf tendensiyası hiss edilməkdədir və Azərbaycanın iqtisadiyyatı dayanıqlı, stabil və davamlı inkişaf edən iqtisadiyyatdır. Bunun nəticəsidir ki, 2009-cu ilin böhran ili olmasına baxmayaraq beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar. Bu onu göstərir ki, həyata keçirilən islahatlar çox uğurludur və ölkəmizin iqtisadi inkişafı təkcə bir sektorun inkişafı ilə bağlı deyildir. Qarşıda dayanan ən mühüm məsələlər isə milli iqtisadiyyatın modernləşdirilməsi, ölkəyə ən qabaqcıl texnologiyaların cəlb edilməsi, Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübənin tətbiq olunması, bütün sahələrdə peşəkar kadrların hazırlanması və beləliklə də ölkənin resurs potensialının tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsinə nail olmaqdır. Yalnız bu halda arzu edilən regional və ümumi iqtisadi inkişafı təmin etmək mümkündür.
Qeyd olunduğu kimi, artıq keçid dövrü arxada qalmış, ölkəmiz milli iqtisadiyyatın davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Təbii ki, keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması həm də qarşıya yeni vəzifələr qoyur. Bütün hallarda və dövrlərdə isə heç şübhəsiz ki, yuxarıda qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.
Əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən və xalq sevgisi, qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, siyasi iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir.
{nl}
Aqil ƏSƏDOV, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.