Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Sənayenin dinamik inkişafı 2014-cü ildə də diqqət mərkəzində saxlanılacaqdır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.
Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində hazırda mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur”.
Bu məqsədlə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın da hazırlanması nəzərdə tutulmuşdur.
Son illər sənayenin inkişafına mühüm önəm verilməsinin nəticəsi kimi bir neçə fakta diqqət yetirək. Ötən il qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.
Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət büdcəsinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr reallaşdırılmışdır.
Xatırladaq ki, 2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Azərbaycanda kosmik sənayenin yaradılması, “Azərspace-1” peykinin fəzaya qaldırılması dövlətimizin böyük tarixi uğurudur.
Sənayeləşmə siyasətinin uğurlu davamı qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Son bir ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal müəssisələri, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları da daxil olmaqla 100-ə yaxın sənaye obyekti istifadəyə verilmişdir. Hazırda isə 90-dan çox sənaye müəssisəsinin inşası davam etdirilir.
Azərbaycanda yaradılan yeni sənaye müəssisələri həm də beynəlxalq standartlara uyğun qurulması ilə diqqəti cəlb edir. Məsələn, qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kv-saat elektrik enerjisi istehsal ediləcək. Bu isə on minlərlə ailənin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir.
Yaxud, başqa bir misal. “DET AL Alüminium” MMC-nin Gəncə alüminium zavodunda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir və müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir. Birinci mərhələdə ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmış və bu layihə çərçivəsində Gəncə Gil-torpaq zavodunun istehsal fəaliyyəti bərpa olunmuşdur.
Onu da deyək ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.
Qeyri-neft sektorunda ölkəmizin daxili tələbatının ödənilməsi baxımından böyük potensialı olan metallurgiya sənayesini də xüsusi qeyd etmək lazımdır. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Belə ki, növbəti illərdə genişmiqyaslı tikinti layihələrinin həyata keçirilməsi (yeni neft-qaz kompleksinin yaradılması, yeni metro stansiyalarının tikintisi, I Avropa Olimpiya Oyunlarına hazırlıq və s.) və qeyri-neft sənayesinin genişlənməsi (yeni sənaye parklarının yaradılması) qara metallurgiya sənayesinin inkişafı üçün əsas şərtləndirici amillər olacaqdır. Hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.
Son illərdə qeyri-neft sənayesinin inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin yaradılması üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama presedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.
Azərbaycan İnvestisiya Şirkəti fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlara imza atmış, Bakı gəmiqayırma, Qaradağ sement, Duz zavodlarının tikintilərinə, “Azərtoxum”, “Ağstafa Aqroservis”, “Milk Pro” məhdud məsuliyyətli cəmiyyətlərinin, “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinin inkişafına payçı qismində böyük məbləğlərdə investisiyalar yönəltmişdir.
Ümumiyyətlə, ölkədə sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir.
Nəhayət, sənayenin inkişafı ilə bağlı son statistik göstəricilərə nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatmış, onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 199,9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların istehsalı 42,9 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18,5 milyard kVt.saat elektrik enerjisi (0,2 faiz çox) istehsal olunmuşdur. Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.