Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı giriş nitqində bildirmişdir ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, böyük layihələr reallaşdırılmış, ölkəmizin beynəlxalq nüfuzu artmış, beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da güclənmişdir.
Ölkə rəhbəri nitqində ötən il Avropa Şurası Parlament Assambleyasının sessiyasında respublikamıza qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücumun fiaskoya uğramasını, Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin daha da möhkəmlənməsini, Bakıda III Beynəlxalq Humanitar və İkinci Mədəniyyətlərarası Dialoq forumlarının uğurla keçirilməsini diqqətə çatdırmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlar prosesi zamanı Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını, vaxtı uzatmaq taktikasını seçməsini və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmasını vurğulamışdır.
Prezident İlham Əliyev giriş nitqində həmçinin demişdir ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atır: “Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə də icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir...”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının 2013-cü ildə öz dinamik inkişafını qoruyub saxladığını bildirən maliyyə naziri Samir Şərifov demişdir ki, ötən il əhalinin rifah halının göstəricilərində müsbət dinamika müşahidə olunmuşdur. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manata çatmışdır. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilmişdir.
Operativ məlumata əsasən, ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olmuşdur. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artmışdır.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin etmişlər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur.
Ötən ildə dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilmiş, əməkhaqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir.
2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilmişdir. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir.
Maliyyə naziri diqqətə çatdırmışdır ki, ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.
2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.
İclasda bütün qeyd edilənlərlə yanaşı, həmçinin dövlət vəsaiti, habelə xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Taxtakörpü Su Anbarı və Taxtakörpü Su Elektrik Stansiyası və 780 meqavat gücündə Cənub Elektrik Stansiyasının istifadəyə verilməsi, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlərin geniş vüsət alması barədə də danışılmışdır.
Nazirlər Kabinetinin iclasında ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığı, 2013-cü ilin dövlət başçısı tərəfindən İKT ili elan olunmasının da qazanılan nəticələrə önəmli təsir göstərdiyi xatırladılmışdır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir ki, İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötmüşdür. Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir.
İclasda vurğulanmışdır ki, “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənmiş, hesabat ilində portala yeni xidmətlər əlavə olunmuşdur. Beləliklə, Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət etmiş və 730 mindən çox elektron xidmət alınmışdır. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılmış və ölkənin vahid elektron imza sisteminə qoşulmuşdur.
Kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılmış və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlamışdır. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilmiş və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60-65 faizinin ödənilməsinə yönəlmişdir. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılmışdır və yerli mütəxəssislər tərəfindən idarə olunur.
Ötən il regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilmişdir. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatmış və istismarına başlanılmışdır. BMT-nin Baş Assambleyasının sentyabrda keçirilən 67-ci sessiyasının xüsusi qətnaməsi və ölkəmizin koordinatorluğu ilə Avro-Asiya Rabitə Alyansı yaradılmış və Trans-Milli Avro-Asiya İnformasiya Magistralı layihəsi üzrə konsorsium yaradılması üçün memorandum imzalanmışdır.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərildiyi, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığı vurğulanmışdır.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir ki, 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmış, onların 56-sı artıq istifadəyə verilmişdir. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın - ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də açılışı olmuşdur. Son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür. İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.
Həyata keçirilən sosialyönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.
Talassemiyalı və hemofiliyalı xəstələrin də müalicəsində müsbət nəticələr əldə edilmişdir. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalmışdır. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
Nazirlər Kabinetinin iclasında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının rəhbər strukturlarına seçilməsinin artıq xoş bir ənənəyə çevrilməsi, ÜST-nin tarixində ilk dəfə ölkəmizin 2005-ci ildən etibarən ardıcıl olaraq qurumun İcraiyyə Komitəsinə, Avropa Regional Bürosu Daimi Komitəsinə və yenidən İcraiyyə Komitəsinə üzv seçilməsi səhiyyə sistemində mühüm uğur kimi dəyərləndirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində bu il də sahibkarlara dəstəyin davam etdiriləcəyinə, meliorasiya və irriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsinin dövriyyəyə buraxılacağına, kənd təsərrüfatında artıma nail olunacağına əminliyini bildirmiş, habelə günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlərin daha da sürətlə getməsi barədə tövsiyələrini diqqətə çatdırmış, qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırılması, içməli su, kanalizasiya layihələrinin reallaşdırılacağını, avtomobil yollarının tikintisinə mühüm önəm veriləcəyini vurğulamışdır.
Ölkə rəhbəri iclasda bu ili “Sənaye ili” elan etmiş və bununla bağlı qarşıda duran vəzifələrdən danışmışdır. “Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışının sonunda 2014-cü ildə də korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılacağından, “ASAN xidmət”in fəaliyyətinin daha da genişləndiriləcəyindən, “Avropa Oyunları-2015"-ə görülən hazırlıq işlərindən də ətraflı danışmış, qarşıda duran vəzifələrlə bağlı müvafiq qurumlara konkret tapşırıqlar vermişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.