Dünya ölkələrinin uzun illər ərzində istifadə etdikləri ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Mütəxəssislərin proqnozlarına görə, bu ehtiyatlar ən yaxşı halda 80-100 ilə kifayət edə bilər. Eyni zamanda, texnikanın sürətli inkişafı, istilik effekti yaradan yanacaq növlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olur. Neft-qaz ehtiyatlarının tükənməsi, eləcə də ekoloji tarazlığın qorunması dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Yer kürəsi isə alternativ və bərpa olunan enerji mənbələri ilə zəngindir. Bəs həmin mənbələr hansılardır və ölkəmizin bu sahədəki potensialı necə dəyərləndirilir?
İstənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyi sayılan külək enerjisindən istifadə energetikanın daha tez inkişaf edən sahələrindən biridir. Külək enerjisi özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə son dərəcə sərfəlidir. Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında da külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamalara görə, ölkəmiz özünün coğrafi və təbii şəraitinə, iqtisadi infrastrukturuna görə 800 meqavata yaxın illik külək enerji potensialına malikdir. Bu da ildə 2,4 milyard kilovat-saat elektrik enerjisi, bir milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların atmosferə atılmasının qarşısının alınması deməkdir.
Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ölkəmizdə ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində–Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti saniyədə 3-5 metr təşkil etdiyindən bu regionlarda da külək elektrik qurğularından istifadə səmərəli ola bilər.
Dünyada alternativ və bərpa olunan enerji növləri arasında mühüm yer tutduğuna görə daha cəlbedici sayılan günəş energetikası planetimizin hər bir nöqtəsi üçün əlçatandır. Ona görə də bütün ölkələrdə istifadəsi mümkün ola bilən günəş enerjisi dövlətlərin energetika müstəqilliyi baxımından da faydalıdır. Təsadüfi deyil ki, hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Azərbaycanın da təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar yaradır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat olduğu halda, ölkəmizdə bu göstərici 2400-3200 saat təşkil edir.
Göründüyü kimi, Azərbaycanda bu növ enerjinin istehsalına sərmayələrin yönəldilməsi iqtisadi və kommersiya baxımından əlverişlidir.
Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının (SES) istehsal gücünün xüsusi çəkisi hazırda təqribən 7 faiz təşkil edir. 2013-cü ildə ölkə üzrə istehsal olunan elektrik enerjisinin 1 milyard kilovat-saatı məhz su elektrik stansiyalarının payına düşmüşdür. Bununla belə, ölkəmizdə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır.
Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 milyard kilovat-saat, texniki cəhətdən əlverişli potensialın isə 16 milyard kilovat-saat olduğu müəyyən edilmişdir ki, bunun da 5 milyard kilovat-saatı kiçik su elektrik stansiyalarının payına düşür. Məhz buna görədir ki, son illər bu potensialın hərəkətə gətirilməsi istiqamətində əməli fəaliyyətə başlanılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, yaxın perspektivdə ölkəmizdə 60-dan çox kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir.
İqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin maddələrdən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Biomaddələrə isə yanma qabiliyyəti olan sənaye, kənd təsərrüfatı məhsulları və üzvi birləşmə, eləcə də məişət və kommunal sahələrinin tullantıları, ağac yonqarı və s. daxildir.
Artıq bir çox Avropa ölkələrində əhalisi sıx olan ərazilərdə inşa olunmuş zibil emalı zavodlarında məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Azərbaycanda da sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün geniş imkanlar açır.
Dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik su elektrik stansiyaları, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə istehsal olunan ümumi enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla məhz alternativ enerji mənbələrinin payına düşür.
Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda, bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Ölkəmiz özünün əlverişli təbii və iqlim şəraitinə görə alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin olsa da, ötən illərdə bu potensialdan lazımınca istifadə olunmamışdır. Müasir dünyamızın qlobal inkişaf meyillərini, çağırışlarını vaxtında və böyük uzaqgörənliklə dəyərləndirən ölkə Prezidenti İlham Əliyev 2004-cü il oktyabr ayının 21-də özünün şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycanın enerji təhlükəsizliyinin gələcək təminatına mühüm töhfə verə biləcək Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadəni təmin etməkdən ibarətdir.
Bu mühüm dövlət sənədinin əsas vəzifələri isə elektrik enerjisinin istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək, respublikamızda ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da, Azərbaycanın enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdır.
Dövlət Proqramından irəli gələn vəzifələrin ardıcıl və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 2012-ci ildə Dövlət Şirkəti, ötən il fevral ayının 1-də isə dövlətimizin bu sahəyə verdiyi xüsusi əhəmiyyətin təzahürü olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Xatırladaq ki, agentlik alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, bununla bağlı fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasından cəmi bir il keçməsinə baxmayaraq, ölkəmizdə günəş, külək və bioqaz mənbələrindən elektrik enerjisi almaq məqsədilə mühüm işlər görülmüşdür.
2011-ci ilin sentyabr ayında Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin istifadəyə verilməsi Azərbaycanın günəş, külək və bioqaz enerjisi istehsalı sahəsində reallaşdırılan ilk iri layihə olmuşdur. Poliqonun yaradılmasında məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafı üçün istiqamət və təcrübə formalaşdırmaq, eləcə də bu sahənin inkişafına təkan verməkdir.
Xatırladaq ki, dünyada ilk hibrid stansiya sayılan bu obyektin ərazisi 38 hektar təşkil edir. Burada 2,7 meqavat külək, 1,8 meqavat günəş və 0,6 meqavat bioqaz enerjisi istehsal edən stansiyalar fəaliyyət göstərir. Alternativ enerjinin külək, günəş və bioqazla əldə edilməsi ilə poliqon ərazisində hər birinin gücü 0,9 meqavat təşkil edən üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu quraşdırılmışdır. Ötən ilin may ayında Qobustan Hibrid Stansiyasında ölkəmizdə ilk dəfə olaraq alternativ və bərpa olunan enerji istehsalının müasir texnologiyalar əsasında istehsalına başlanılmış, oktyabr ayının ortalarınadək isə burada bir milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək ölkənin enerji paylayıcı sisteminə təhvil verilmişdir. Bütövlükdə isə 2013-cü ilin sonunadək Qobustandakı hibrid stansiyada 1,5 kilovat-saat enerji istehsal edilmişdir. Yeri gəlmişkən, gələcəkdə Qobustan Eksperimental Poliqonunun gücünün 5,5 meqavata çatdırılması nəzərdə tutulur ki, bunun da 2,7 meqavatı külək qurğuları, 1,8 meqavatı günəş, 1,1 meqavatı isə bioqaz stansiyaları tərəfindən istehsal ediləcək.
Hazırda Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində Qobustan şəhərinin enerji təminatı məqsədilə “ağıllı şəbəkə”nin yaradılması işləri davam etdirilir. Xatırladaq ki, bu sistem ölkənin regionlarında yerləşən alternativ və bərpa olunan enerji mənbələri üzrə enerji stansiyalarının iş rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaqdır. Azərbaycanda alternativ enerjinin istehsalı sahəsində ilk və uğurlu layihə sayılan bu obyektin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev demişdir: “Qobustandakı stansiya çox gözəl təcrübədir, bu layihələrin böyük perspektivi vardır... Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyalardır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu, ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər”
Prezident İlham Əliyevin müəllifi olduğu alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət strategiyasının uğurla həyata keçirildiyini bildirən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyir ki, ölkəmizin bu sahədə qısa müddətdə əldə etdiyi uğurlar dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısının, siyasi iradəsinin, eləcə də qabaqcıl ölkələrin qazandığı uğurlardan, təcrübədən səmərəli istifadə edilməsinin nəticəsidir.
2012-ci il aprel ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda inşa olunmuş Azgüntex zavodu istifadəyə verilmişdir. Müəssisədə günəş panelləri və LEd lampaları istehsalı xətləri işə salınmışdır. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan günəş modulları xətti də artıq istifadəyə hazırdır. Zavod tam kompyuterləşdirilmiş, “Wi-Fi” şəbəkəsi yaradılmışdır. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min günəş paneli istehsal olunacaq.
Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki potensialı da dünya səviyyəsində yüksək dəyərləndirilir. Belə ki, əksər beynəlxalq ekspertlər və mütəxəssislər enerji resurslarına tələbatın ildən-ilə artdığı müasir şəraitdə ölkəmizdə bu istiqamətdə görülən işləri təqdir edirlər. Azərbaycan da öz növbəsində beynəlxalq qurumlar və dünyanın alternativ və bərpa olunan enerji istehsalı sahəsində qabaqcıl təcrübəsi olan ölkələrlə əməkdaşlığı getdikcə genişləndirir.
Azərbaycan Respublikası “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasın və Kioto protokolunu ratifikasiya etmiş, hökumətimiz təmiz inkişaf mexanizminə dair müvafiq sənədlərə qoşulmuşdur. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə üzv qəbul edilmiş, beynəlxalq qurumlarla işgüzar əlaqələr qurulmuşdur. Ölkəmiz bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji səmərililiyi məsələlərinin həlli, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə “20-20-20" direktivinə də tərəfdar çıxmışdır. Xatırladaq ki, həmin direktivin tələblərinə əsasən, 2020-ci ilə qədər Avropa İttifaqı ölkələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılması öhdəlikləri müəyyən olunmuşdur.
Yaxın vaxtlarda Azərbaycan Prezidenti tərəfindən sahənin gələcək inkişaf perspektivlərini müəyyən edən, əlaqədar dövlət qurumlarının, mütəxəssislərin iştirakı ilə hazırlanmış dövlət strategiyasının təsdiqi gözlənilir. Eyni zamanda, Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin olduğundan yaxın illərdə bu sahədə bir sıra mühüm layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu baxımdan Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkı ölkəmizdə və regionda ən nəhəng müəssisələrdən biri olacaq. Belə ki, parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Bu yaxınlarda inşasına başlanacaq Samux Aqrotexniki Kompleksinin layihələndirmə, texniki-iqtisadi əsaslandırma işləri aparılmışdır. Xatırladaq ki, kompleksdə birinci mərhələdə 300 ailənin məskunlaşması, 10-dan çox istehsal təyinatlı obyektin açılması, iki mindən çox adamın işlə təmin edilməsi nəzərdə tutulur.Yeri gəlmişkən, lazımi infrastrukturun yaradılacağı bu kompleksin fəaliyyəti ekoloji cəhətdən təmiz günəş, su, geo, bioqaz enerjisi mənbələri hesabına təmin ediləcək. 2020-ci ilədək isə ölkəmizin əksər rayonlarında gücü ilkin mərhələdə 15-20 meqavat, sonradan isə 45-50 meqavata çatdırıla bilən hibrid stansiyaların inşası nəzərdə tutulur. Bundan əlavə, agentlik tərəfindən “1 ev-1 elektrik stansiyası” layihəsinin konsepsiyası hazırlanaraq energetika mütəxəssislərinə və ictimaiyyətə çatdırılmışdır.
Göründüyü kimi, Azərbaycanda alternativ enerji mənbələrinin istismarı istiqamətində ilk addımlar atılır. Bu isə, qeyd etdiyimiz kimi, ölkəmizin elektroenergetika sahəsinin gələcək inkişafına, dövlətin enerji siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verməklə yanaşı, ekoloji tarazlığın qorunması üçün də geniş imkanlar yaradacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.