Neft strategiyasının uğurları ölkəmizin iqtisadi gücünü və beynəlxalq nüfuzunu artırır

 

 

 

Azərbaycanın müstəqillik dövrünün uğurlarla zəngin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2013-cü ildə Azərbaycanın dinamik sosial-iqtisadi tərəqqisi davam etmiş, ölkəmiz dünyanın inkişaf etməkdə olan dövlətlərinin sırasındakı  mövqeyini bir qədər də möhkəmləndirmişdir. Ən əsası isə son 10 ildə makroiqtisadi mühit göstəricisinə görə dünya ölkələri arasında 8-ci yerdə qərarlaşan  Azərbaycan  planetimizin ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan dövlətləri sırasına qoşulmuşdur. Sevindirici haldır ki, Azərbaycan bu gün dünya birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur.

Bütövlükdə isə son illər dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası getdikcə sürətlənir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu əhəmiyyətli dərəcədə  artır. Ötən il dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirmiş, ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə  yaxşılaşdırmışlar. Belə ki,  Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir. Heç şübhəsiz, dünya miqyasında ilk 40 ölkə sırasına daxil olmaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, düşünülmüş və bitkin siyasətin nəticəsidir.

Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin çıxarılması Azərbaycanda neft hasilatının sürətli  inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə imkan yaratmışdır. Yola saldığımız 2013-cü ildə “Çıraq” yatağından neft hasilatına başlanmasının 16-cı ili tamam oldu. Ötən dövrdə ölkə üzrə neft hasilatı  təqribən 5 dəfəyə yaxın artaraq 1997-ci ildəki  9 milyon tondan  2013-cü ildə  43,5 milyon tona çatdırılmışdır. Ölkəmizdə ən yüksək illik neft hasilatı isə 2010-cu ildə qeydə alınmışdır. Xatırladaq ki, həmin il Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici hesab olunur. Bütövlükdə isə ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 334 milyon ton neft və 80 milyard  kubmetr  qaz  hasil edilmişdir.

2013-cü il Azərbaycanın yeni neft strategiyasının əsasını təşkil edən “Əsrin müqaviləsi” çərçivəsində daha bir uğurla addım atıldı. Belə ki, 2010-cu ilin mart ayında həyata vəsiqə almış “Çıraq” neft layihəsi çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ötən il müvəffəqiyyətlə başa çatdırıldı. Aprel ayında platformanın dayaq bloku dənizə yola salnaraq həmişəki yerində quraşdırıldı. Daha sonra isə sentyabrda bu unikal qurğunun üst modulları da dənizə aparılaraq dayaq blokunun üzərində bərkidildi. Xatırladaq ki, ümumi çəkisi 19 min 500 ton təşkil edən “Qərbi-Çıraq” platforması Xəzər dənizində indiyədək quraşdırılmış ən ağır qurğu hesab olunur. “Çıraq” neft layihəsi çərçivəsində hasilata isə bu ilin əvvəllərində başlanması nəzərdə tutulur.

Özünün zəngin karbohidrogen ehtiyatlarına arxalanan Azərbaycan Respublikası bu sahədə müstəqil siyasət yürüdərək təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin yaradılmasına nail olmuşdur. Bu da ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş,  Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdır.  Xam neftin şimal istiqaməti üzrə ixracını nəzərdə tutan Bakı-Novorossiysk kəməri  ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan  kəmərləri istifadəyə verilmişdir. Xatırladaq ki, XXI əsrin ən nəhəng neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq neçə ildir ki, dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində uğurla fəaliyyət göstərir. İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmərlə hazırda sutkada 1,2 milyon barel Azərbaycan nefti Aralıq dənizi vasitəsilə dünya bazarına çıxarılır. Onu da deyək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri  istifadəyə veriləndən indiyədək dünya bazarına təqribən 233 milyon ton Azərbaycan nefti çıxarılmışdır. Bundan əlavə, ötən dövrdə adı çəkilən kəmərlə  Türkmənistan neftinin nəqli də davam etdirilmişdir.  

Ötən il Azərbaycandan dünya bazarına 24 milyon 225 min 450 ton xam neft nəql edilmişdir.  Xam neftin 1 milyon 751 min 23 tonu Rusiyanın Novorossiysk, 2 milyon 725 min 950 tonu Gürcüstanın Supsa, 19 milyon 748 min 27 tonu isə Türkiyənin Ceyhan limanlarından ixrac olunmuşdur.  Xatırladaq ki, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. Bundan əlavə, 2013-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan dünya bazarlarına 14 min 250 ton avtomobil benzini, 899 min 905 ton dizel yanacağı, 131 min 322 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilmişdir.

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neft hasilatının sabitləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. İl ərzində şirkətin hasilat və planlaşdırma qurumları tərəfindən bu sahədə  məqsədyönlü işlər görülmüş, müasir texnologiyalardan istifadə etməklə köhnə yataqlarda neft istehsalının artırılması üçün geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmirlərin sayı xeyli artırılmışdır. Bundan əlavə, il ərzində şirkətin qazmaçıları tərəfindən dənizdə və quruda 62 quyu qazılaraq neftçilərin sərəncamına verilmişdir.

Ötən ilin yaddaqalan hadisələrindən biri də ölkəmizin iqtisadi həyatı üçün son dərəcə vacib rol oynayacaq Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsidir. Dövlət Neft Şirkətinin sifarişi əsasında inşa olunmuş bu nəhəng istehsal sahəsi ölkəmizin, eləcə də regionun su nəqliyyatına olan tələbatının ödənilməsinə mühüm töhfələr verəcəkdir.

Son illər dünyada “mavi yanacağa” tələbat getdikcə artmaqdadır. Məhz buna görədir ki, Azərbaycanda qaz hasilatının yüksəldilməsi istiqamətində ciddi işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2004-2013-cü illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə  çatdırılmışdır. Onu da deyək ki, ötən il Azərbaycanda qaz hasilatı sahəsində əldə olunmuş göstərici əvvəlki illə müqayisədə 1,6 milyard kubmetr  çox olmuşdur. Bu artımın başlıca səbəbi “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatının uğurla davam etdirilməsi ilə bağlıdır. Azərbaycan 2006-cı ildən etibarən dünyanın dəniz akvatoriyaları üzrə ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə aparılmış işlər nəticəsində beynəlxalq bazarlarda özünü həm də yeni, alternativ təbii qaz mənbəyi,  etibarlı “mavi yanacaq” təchizatçısı kimi təqdim etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir. Xatırladaq ki,  “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon  kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. 2013-cü ildə “Şahdəniz” yatağından təqribən 9 milyard kubmetrdən artıq qaz və 2,5 milyon tona yaxın kondensat hasil olunmuşdur. Hasilata başlanıldığı vaxtdan indiyədək isə bu yataqdan təqribən 50 milyard kubmetr qaz və 12 milyon ton kondensat çıxarılmışdır.

“Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə istismara verilmiş Cənubi Qafqaz boru kəməri də il ərzində uğurla fəaliyyət göstərmişdir. Məlumat üçün bildiririk ki, adıçəkilən kəmərin ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetrdir.

2013-cü il ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik ötürücülük qabiliyyəti 12,4 milyon kubmetr təşkil etmişdir.  2013-cü ildə Azərbaycanın qaz təchizatçısı kimi Avropada və dünyada əhəmiyyətinin daha da artıran “Şahdəniz-2” layihəsinin reallaşdırılması üçün tələb olunan bir sıra mühüm sənədlərə imza atıldı. Müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi Azərbaycana böyük ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır.

“Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması də gündəmdə olan məsələlərdəndir. Elə ötən il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 miyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, sentyabrın 19-da “Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm ”mavi yanacaq" ixracı marşrutu sayılan “Cənub”  qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır.

2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmsı ilə bu yatağın tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoymuşdur. Adıçəkilən yatağın ikinci işlənmə mərhələsi çərçivəsində ilk qazın əldə edilməsi isə 2018-ci ilə planlaşdırılır. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya sazişinin imzalanması isə, heç şübhəsiz, ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyət kəsb edən son dərəcə mühüm bir qərar idi. Xatırladaq ki, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verən mühüm bir addımdır.  Bu layihələrin reallaşdırılması, eyni zamanda, “Şahdəniz qazının Bolqarıstana ötürəcək infrastuktur, Avropaya isə yeni bir “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaradacaq. Artıq adıçəkilən yatağın ikinci işlənmə mərhələsinin həyata keçirilməsinə başlanılmışdır. Xatırladaq ki, bu mərhələnin reallaşdırılması və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə  2018-ci ilin sonlarında çatdırılması nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. Xatırladaq ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr əlavə qaz hasil ediləcək.

Bundan əlavə, yataqdan kondensat hasilatının hazırki gündə təxminən 55 min barrel səviyyəsi də xeyli artaraq 120 min barrelə çatdırılacaq. Yeri gəlmişkən, “Şahdəniz-2" investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda nəzərdə tutulmuş işlərə sərf ediləcək. Ekspertlər hesab edirlər ki,  anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit ölkələr üçün də əhəmiyyətlidir. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksəldiləcək. Tranzit ölkələr, o cümlədən Gürcüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır.

“Şahdəniz-2” layihəsinə dair yekun investisiya sazişinin imzalanması Azərbaycana öz qazını birbaşa Avropaya, həm də bazar qiymətləri ilə çıxarmağa imkan yaradacaq.  Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının “mavi yanacaq” ixracatında müstəqil siyasət yürütməsi deməkdir. Bununla həm də enerji resurslarının ixracında çoxvariantlı marşrutlara sahib olan  Bakı  Avropa Birliyinin enerji təhlükəsizliyinə mühüm  töhfələr verəcəkdir.

 bp-nin məlumatına görə, nisbətən daha yaxın zaman üçün isə Şahdəniz konsorsiumunun tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri artıq ARDNŞ ilə razılaşdırıblar. Hazırda hasilatın artırılması istiqamətində işlər aparılır və bu tədbirlərin 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir. Yeri gəlmişkən, ARDNŞ və Şahdəniz konsorsiumunun tərəfdaşları, həmçinin hasilatın pay bölgüsü haqqında sazişin  müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. Bununla yanaşı, tərəfdaş şirkətlər hasilatın pay bölgüsü üzrə sazişin sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa da gəlmişlər. Göründüyü kimi, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsi Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.

Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2013-cü ildə də neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında