2013-cü il Azərbaycan iqtisadiyyatında mühüm uğurlarla yadda qalacaq

 

 

 

Azərbaycan 2013-cü ili yüksək sosial-iqtisadi göstəricilərlə başa vurmuşdur. Dayanıqlı inkişafa yönəlmiş mühüm strateji vəzifələr uğurla davam etdirilmişdir. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərmiş,  yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı daha da sürətlənmişdir.

Sosial-iqtisadi  tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 2013-cü ilin on bir ayı ərzində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata çatmışdır. Əlavə dəyərin 46,5 faizi sənaye sahələrində, 11,7 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 5,4 faizi nəqliyyatda, 9,2 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 13,9 faizi digər sahələrdə istehsal olunmuşdur.

Sözügedən dövrdə əhalinin hər nəfərinə 5604,2 manatlıq (7142,8 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz, neft sektorunda isə 1,3 faiz artmışdır.

Sənaye sahəsində məhsul istehsalı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatmış, onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 199,9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

Mədənçıxarma bölməsinin məhsullarından ötən ilin yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunmuşdur. Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların istehsalı 42,9 faiz artmışdır.

İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18,5 milyard kVt.saat elektrik enerjisi (0,2 faiz çox) istehsal olunmuşdur. Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artmışdır.

Aqrar bölmədə də uğurlu göstəricilər qeydə alınmışdır. Ötən il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 42,6 min ton pambıq, 839,7 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunmuşdur.

Ötən il sosial-iqtisadi  sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat həcmində vəsait yönəldilmiş, 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14,8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf olunmuşdur.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 7 milyard 107,7 milyon manat təşkil etmişdir. Ondan 66,2 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 17,7 faizi əsaslı təmir, 2,9 faizi cari təmir, 13,2 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.

2013-cü ildə ümumi inşaat işlərinin 79,9 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 16,9 faiz artaraq, 318,7 milyon manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində sement istehsalı 5,5 faiz artaraq 1,9 milyon ton, gips istehsalı 24,2 faiz artaraq, 161,9 min ton, hazır beton qarışığı istehsalı 10,1 faiz artaraq, 1 milyon 247,8 min ton olmuşdur. 2013-cü ilin dekabrın 1-nə müəssisələrin anbarlarında 18,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

2013-cü ilin əvvəlindən ümumi sahəsi 1874,4 min kvadratmetrə bərabər yaşayış evləri, 29334 şagird yerlik ümumtəhsil məktəbləri, 1050 çarpayılıq xəstəxana, növbədə 248 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika, 1866 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Gəmiqayırma zavodu,  İstilik Elektrik Stansiyası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” tekstil parkı, Polad Boru zavodu, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası  istismara verilmişdir. Bunlarla yanaşı, ötən il Qazax,  Yevlax, Gədəbəy, Qəbələ, Hacıqabul, Şirvan, Xaçmaz, Qax, Saatlı və digər  rayonlarda mühüm istehsal obyektləri istismara verilmişdir.

Bu il ərzində də tikinti-quruculuq sahəsində geniş tədbirlərin reallaşdırılacağı gözlənilir. I Avropa Olimpiya oyunlarına kimi paytaxtda bir neçə istiqamətdə yeni yol çəkiləcəyi nəzərdə tutulur. Onlardan  ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkiləcək yoldur. Bu yol Yasamal rayonundakı Qələbə dairəsindən başlayacaq və “Koroğlu” metrostansiyasına qədər uzanacaq.   Bu il  Babək prospektinin də yenidən qurulması planlaşdırılır. Burada yolun həm asfalt örtüyü dəyişdiriləcək, həm də yol kənarları təmir ediləcək. Həmçinin, Mikayıl Əliyev və Sərdar Səfərov küçələri də yenidən qurulacaq.  Magistrallarda xüsusi elektron lövhələr də quraşdırılacaq. Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin vurulması nəzərdə tutulur. Bu, turistlər üçün bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin yolu ilə yanaşı, istədikləri iri mərkəzlərə də rahatlıqla gedə biləcəklər.

Tikinti işlərinin sürətlə aparılmasına dövlətin güzəştli kreditləri də mühüm rol oynamışdır. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ötən il ayrılmış kreditlər əsasən, metal konstruksiya, çörək, un məmulatları istehsalı, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına ötən il 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri ötən ilin  yanvar-oktyabr aylarında 147 dövlətlə 28,8 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.

Xarici ticarət dövriyyəsinin 19,9 milyard dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş mallar, 8,9 milyard dollarını (30,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 88,4 faizi və ya 25,5 milyard dolları MDB-dən kənar ölkələrlə, 11,6 faizi (3,3 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.

Ölkəmizdən göndərilmiş malların 93,9 faizi MDB-dən kənar dövlətlərə, 6,1 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş, ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (76 faizi) MDB-dən kənar ölkələrdən daxil olmuşdur.

Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 11 milyard dollarlıq, o cümlədən MDB-dən kənar ölkələrlə 12 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 924,8 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranmışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 9,5 faiz artmışdır.

Yanvar-noyabr aylarında əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 6,5 faiz çoxalaraq 3471,7 manata çatmışdır. Gəlirlərin 68 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 21,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.

2013-cü ildə iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir etmişdir. Ötən il dövlət büdcəsi xərclərinin 10 faiz artması daxili tələbi yüksəldən əsas amillərdən olmuşdur. Əhalinin son istehlak xərcləri isə dövr ərzində 15 faiz artmışdır. Şaxələnməyə təkan verən investisiyalar 11 ayda 15 faiz, o cümlədən qeyri-neft sektorunda 8 faiz artmışdır. İnvestisiyaların 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşmüşdür.

Qeyri-neft sektorunda yüksək iqtisadi fəallıq məşğulluğa da müsbət təsir göstərir. 2013-cü ildə ölkədə 80 mindən çox yeni iş yeri açılmışdır ki, onun da 75 faizi  daimi iş yerləridir. Yeni yaradılan iş yerlərinin 73 faizi regionların payına düşür. Hazırda Azərbaycanda işsizlik qabaqcıl ölkələr üçün arzu olunan səviyyədə-5 faizə yaxındır.

2014-cü ildə milli iqtisadiyyatımız yüksək sürətlə artaraq, artım tempinə görə qlobal iqtisadiyyatın və MDB ölkələrinin orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili tələb ilə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun artması üçün zəmin yaradır. Artım və şaxələnmə proseslərinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edəcəkdir. Bunun üçün adı çəkilən bank inflyasiyanın hökumətin proqnozu-birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək verəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında