Cənubi Xəzər çökəkliyinin dərin qatları neft və qaz ehtiyatları ilə zəngindir

Cənubi Xəzər çökəkliyi geodinamik-gərginlik şəraiti baxımından seysmik aktiv ərazidə yerləşir. Çökmə örtüyün qalınlığı 25 kilometrdən artıq olan bu çökəklikdə dərin qatlarda (6-15 km) termobarik şərait karbohidrogenlərin əmələ gəlməsi, miqrasiyası və neft-qaz yataqlarının formalaşması üçün çox əlverişlidir. Bu baxımdan əraziyə dair geoloji məlumatlar, palçıq vulkanların tullantı məhsulları, geofiziki və seysmoloji materiallar təhlil edilmiş, çökmə örtüyün struktur-tektonik quruluşu dəqiqləşdirilmiş, litoloji-petroqrafik-stratiqrafik əlamətləri araşdırılmış və neft-qaz yataqlarının formalaşmasında geodinamik-seysmik aktivliyin mühüm rolu olduğu faktiki materiallar əsasında göstərilərək elmi dəlillərlə əsaslandırılmışdır.
Dünyanın bir sıra regionlarında məsələn, Meksika körfəzində, o cümlədən Azərbaycanda ("Şahdəniz", "Bahar" və digər strukturlarda) aparılan tədqiqatlar göstərir ki, dərin qatlarda çox böyük həcmdə karbohidrogen ehtiyatları mövcuddur. Meksika körfəzi şelfində Mezakaynozoy çöküntülərinin 15 kilometr qalınlığı olan sahədə "Şevron", "Statoyl" və "Devon" şirkətlərinin birgə apardıqları tədqiqatlar nəticəsində dəniz səviyyəsindən 8,5 kilometr aşağıda 3-15 milyard barel karbohidrogen ehtiyatı aşkar edilmişdir.
Keçən il "Britiş Petroleum" şirkəti Meksika körfəzində Hyustondan 400 kilometr cənubi-şərqdə 10685 metr dərinliyə quyu qazmış, Üçüncü dövr çöküntüləri ilə əlaqəli onlarla obyektdə böyük ehtiyatı (3-4 milyard barel) güman olunan nəhəng Tiber neft yatağı kəşf edilmişdir. Bununla da dərin qatlarda neft və qaz yataqlarının olması ehtimalı təsdiqlənmişdir.
Hazırda Çində kəşf olunan neft ehtiyatı 8,5 milyard ton proqnozlaşdırılır və onun da 75 faizdən çoxu 5000 metrdən dərinlikdə olduğu üçün 9000 metr dərinlikdə qazma işləri apara bilən yeni aqreqat hazırlanmış və sınaqdan keçirilmişdir.
Əvvəldə qeyd etdiyim kimi, Cənubi Xəzər hövzəsində çökmə örtük qatının 6-15 kilometr intervalında da neft və qaz yataqlarının olması ehtimalı çox inandırıcıdır. Burada süxurların litoloji tərkibi, kollektor xüsusiyyətləri və struktur tektonik quruluşu, tektonik qırılmalarla mürəkkəbləşmiş laylı mühitin olması neft və qaz yataqlarının mövcudluğunu söyləməyə əsas verir. Bu regionda 2000 metr dərinlikdə temperaturun orta qradienti 3,7-2,3 o C\100 metr, "Şahdəniz"-"Bahar" sahəsində 3000-4000 metrdə 1,2 o C\100 metr və Türkmənistan sahillərinəcən 5500-6000 metrdə 2,1 o C\100 metr daxilindədir. Bu bir daha onu göstərir ki, 6000 metr kəsiliş üzrə temperatur 85-135 o C arasında dəyişir və 10 kilometrə qədər intervalında temperatur 185-200 o C-ni aşmır. "Bahar" yatağında faktiki ölçmələr əsasında qurulmuş qrafikdə 6000 metrdə temperatur 95-100 o C-dir.
Elmi-nəzəri cəhətdən əsaslandırılmışdır ki, karbohidrogenlər böyük dərinliklərdə 350-400 o C və 200 MP a təzyiq şəraitində yataqlar yarada bilər. Cənubi Xəzər hövzəsində kollektor süxurların xüsusiyyətləri 1000 metrdən 3000 metrə qədər 1,5 dəfə azalmış və dərinlik artdıqca azalma davam etmiş, 9000 metrdə məsaməlik 12-13 faiz olmuşdur ki, bu da karbohidrogenlərin miqrasiyası və toplanması üçün yetərlidir.
Ərazidə mövcud olan geodinamik-gərginlik və seysmoaktivlik şəraiti də karbohidrogenlərin miqrasiyasında və yataqların yaranmasında əsas rol oynamışdır. Bu çökəklikdə 1902-2008-ci illərdə baş vermiş zəlzələlər, sahə üzrə tektonik quruluşa uyğun və dərinlik üzrə hiposentrlərin dərinlikləri 1-60 kilometr arasında olmaqla, əsasən 5-25 kilometr intervalda daha çox müşahidə olunur. Təkcə 2005-ci ildə Qafqaz regionunda baş vermiş 874 zəlzələnin 53-ü Xəzər dənizi akvatoriyasında olmuşdur. Cənubi Xəzər çökəkliyində geodinamik-gərginlik ocaqlarının və zəlzələ hiposentrlərin 5-25 kilometr dərinlik intervalında sürəkli-çatlı və fərqli geobarik şəraitli mühit yaratması karbohidrogenlərin miqrasiyasını sürətləndirir.
Beləliklə, göstərilən amillər və elmi-nəzəri dəlillər Cənubi Xəzər çökəkliyində 6-15 kilometr dərinlikdə neft-qaz yataqlarının olması ehtimalını təsdiqləyir və axtarış-kəşfiyyat işlərinə indidən başlamağın vacib olduğu tərəfimizdən tövsiyə edilir.
Hamımız şahidik ki, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası hazırda ölkəmizdə uğurla həyata keçirilir. "Əsrin müqaviləsi" iqtisadi bəhrəsini verməklə yanaşı, Azərbaycanı dünyada etibarlı əməkdaş və xalqımızı sülhsevər dost ölkə kimi tanıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında neft sənayesinin gələcək istiqamətlərini müəyyənləşdirən perspektiv tədbirlər həyata keçirilir, Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını nəzərə alaraq qazın Avropa bazarlarına çatdırılması üçün Azərbaycan-Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya boru xəttinin, "Nabukko" layihəsinin reallaşması istiqamətində mühüm işlər görülür.
Bütün bunlar gələcəkdə neft hasilatını artırmağı daha da zəruri edir. Ona görə də Azərbaycanda dərin qatlarda, karbohidrogen potensialının olması ehtimalı yüksək olan ərazilərdə neft və qaz yataqlarının daha müasir geofiziki üsullarla axtarışına başlamağın vaxtı çatmışdır. ARDNŞ-in Geofizika və Geologiya İdarəsində bu işləri görməyə kifayət qədər texniki baza və təcrübəli kadr potensialı vardır.
Dərin qatların geoloji-tektonik quruluşunun üçölçülü seysmik tədqiqat üsulları ilə öyrənilməsi alınan mədən geofiziki və petrofiziki məlumatların kompleks təhlilinin aparılması artıq günün təxirəsalınmaz problemlərindən biri kimi diqqət mərkəzində olmalıdır. Məhz bu yolla Azərbaycanı yenə də yaxın gələcəkdə dünyanın zəngin neft ölkələri sırasında görə bilərik.

{nl}

Hümbət VƏLİYEV, geologiya-mineralogiya elmləri doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında