“Şahdəniz-2” layihəsi Avropanın ən böyük investisiya layihələrindən biridir

 

 

 

 “Şahdəniz” yatağının  ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması Azərbaycan qazının Avropaya  nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində mühüm addım oldu. Azərbaycanın dövlət başçısı İlham Əliyevin  XXI əsrin ən iri enerji layihəsi kimi dəyərləndirdiyi “Şahdəniz-2” layihəsi isə, heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının məntiqi davamıdır.Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin böyük uzaqgörənliklə işləyib hazırladığı bu strategiya Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı üçün möhkəm bünövrə yaratmaqla yanaşı, ölkəmizin  beynəlxalq nüfuzunun da xeyli artmasına səbəb olmuşdur.

Artıq özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan uzun illərdir ki, bir sıra Avropa dövlətlərinin də eneri təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Yeri gəlmişkən, “Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı  indiyədək əldə olunmuş uğurların, ümummilli lider Heydər Əliyevin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması zamanı  alternativ marşrutların seçilməsinə üstünlük verilməsi ilə bağlı uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Çünki bu qərar Azərbaycanla  Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verməklə yanaşı, enerji resurslarının dövlətlərin, xalqların ümumi istifadəsi üçün yeni üfüqlər açır. Azərbaycan hökumətinin və Şahdəniz konsorsiumunun birgə səyi və aparıcı  dövlətlərin yaxın dəstəyi sayəsində həyata vəsiqə almış “Cənub” qaz dəhlizi regionun və Avropanın geosiyasi-iqtisadi xəritəsini xeyli zənginləşdirəcəkdir.

“Şahdəniz-2”, eləcə də, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata vəsiqə alması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti və prinsipial mövqeyinin məntiqi nəticəsidir.  Belə ki,  2011-ci ilin yanvarında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında XXI əsrin ən böyük iqtisadi-siyasi hadisələrindən biri olan “Cənub” qaz dəhlizinə dair Anlaşma Memorandumunun imzalanması ilə yeni enerji əməkdaşlığının əsası qoyuldu. Bununla həm də  “Şahdəniz-2” və TAP layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yarandı. Təsadüfi deyil ki, bu il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi ilə bağlı yekun investisiya qərarının imzalanmasına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev demişdir: “2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu, öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdir. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcəkdir”.

Prezident İlham Əliyevin söylədiyi “enerji resursları, layihələri ölkələri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir” fikri də son dərəcə dürüst və yerində işlədilmiş kəlamlardır. Çünki son illər dövlət başçımızın yürütdüyü milli enerji siyasəti Azərbaycanın bütün tərəfdaş ölkələrlə dostluq və qarşılıqlı inama söykənən münasibətlərinin möhkəmlənməsinə səbəb omuşdur. Bölgədə sülhün və sabitliyin təşəbüskarı kimi iqtisadi əməkdaşlıq formatının dərin xarakter almasında xüsusi fəallığı  ilə seçilən  Azərbaycan Respublikası Avroatlantik regionu üçün perspektiv sənaye mənbəyi, enerji sənayesi mərkəzidir.  Azərbaycan ötən illər ərzində enerji amilindən  qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi yolunu seçmiş və ölkəmiz hazırda da bu siyasətə sadiqliyini nümayiş etdirir. Vaxtilə “neft bizim üçün məqsəd deyil, qarşıya qoyulmuş vəzifələrin həlli üçün bir vasitədir” -deyən dövlətimizin başçısı cənab İlham Əliyev hazırda da enerji amilindən regionda sıx və geniş əməkdaşlıq, təhlükəsizlik platformasının möhkəmlənməsinə səbəb olan vasitə kimi istifadə etməyə üstünlük verir. Eyni zamanda,  bu siyasi qətiyyət və humanitar formul bölgədə iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə imkan verir. Bütün bunların nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verməklə yanaşı, qlobal müzakirələrin davam etdirilməsi üçün mötəbər tədbirlərin, enerji sammitlərinin Azərbaycanda keçirilməsinə xüsusi maraq göstərirlər. Elə cari ilin aprel ayında Davos iqtisadi forumunun Azərbaycan paytaxtında keçirilməsi də bunu təsdiqləyir. 

“Şahdəniz-2” layihəsi və onun məntiqi davamı olan TANAP və TAP qaz ixracı marşrutlarının təsdiqlənməsi ilə bağlı sazişlər dünyanın süpergücləri və Avropa İttifaqı, eyni zamanda, beynəlxalq  iqtisadi analitika mərkəzləri tərəfindən ən mühüm iqtisadi-siyasi hadisə kimi səciyyələndirilir. Təsadüfi deyil ki, dünyanın tanınmış ekspertləri və politoloqları  “Şahdəniz”, TANAP  və TAP layihələrini geoiqtisadi mühitin zənginləşməsinə mühüm töhfə kimi dəyərləndirirlər. Ümumilikdə isə “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı Azərbaycan və Avropa regionu, həmçinin ümumdünya enerji coğrafiyası üçün  mühüm yeniliklər, dəyişikliklər vəd edir. Belə ki,  bu layihə Azərbaycan və Avropanın enerji bağlantılarının dərin və möhkəm təməl üzərində inkişafını təmin etməklə, Qərb regionuna “mavi yanacaq” ixracının  uzunömürlülüyünə möhkəm zəmin yaradır. Azərbaycandan Mərkəzi və Şəqri Avropaya,  gələcəkdə isə Balkanlara qədər perspektiv enerji nəqli tranziti sayılan “Cənub” qaz dəhlizinin əsas təchizatçısı məhz “Şahdəniz” yatağı olacaq. Belə ki, 2019-cu idən etibarən TAP vasitəsilə Azərbaycandan Avropaya 16 milyard kubmetr qaz çatdırılacaq.  Təqribi hesablamalara görə, Azərbaycan “Şahdəniz” layihəsindən 200 milyard dollar gəlir əldə edəcək. Bütün bu amillər isə Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu bir qədər də artıracaq, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

 

Kamil ABDULLAYEV,

 iqtisad elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında