Azərbaycan Mərkəzi Bankı: İpoteka kreditlərinin alınması imkanları genişləndiriləcək

 

 

 

 

Azərbaycanda qəbul olunacaq ipoteka kreditləşməsi üzrə yeni strategiya çərçivəsində ölkə əhalisinin artan mənzil ehtiyaclarının ödənilməsi, uzunmüddətli və əlverişli ipoteka kreditləri hesabına mənzil əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

“APA-Economics”in xəbər verdiyi kimi, bu barədə “Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı”nda deyilir.

Bəyanata əsasən, bu sahədə nümunəvi dünya təcrübəsindən yararlanmaqla müxtəlif, lakin effektiv inteqrasiya edilmiş mənzil təminatı formalarının işlənməsi və həyata keçirilməsi diqqətdə saxlanacaq. Dövlət-özəl biznes tərəfdaşlığı əsasında bazara ucuz və eyni zamanda komfortlu mənzil təklifinin təmin edilməsi mənzil təminatının daha da yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əhalinin şəxsi yığımlarının mənzil təminatı məqsədləri üçün istifadəsini müxtəlif vasitələrlə stimullaşdırmaq yolu ilə əhalinin mənzil təminatında alternativ və tamamlayıcı yeni maliyyə mənbələrini formalaşdırmaq mümkündür. Bu məqsədlə əmanət-yaşayış-tikinti banklarının nümunəvi dünya təcrübəsi əsasında inkişaf etdirilməsi mühüm prioritetlərdən biridir. Uzunmüddətli maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə özəl investorların ipoteka kreditləşməsi sisteminə cəlb edilməsi strateji əhəmiyyət daşıyır. Bunun üçün bazar prinsipləri əsasında ipoteka kreditləşməsi və maliyyələşdirilməsi məhsullarının yaradılması istiqamətində müvafiq işlər həyata keçiriləcək.

Mərkəzi bankın hesablamalarına görə, hazırda Azərbaycan İpoteka Fondunun (AİF) və bankların öz resursları hesabına maliyyələşən ipoteka kreditlərinin ümumi həcmi 750 milyon manata çatmışdır. Bu il ərzində verilən ipoteka kreditlərinin həcmi 35 faiz, o cümlədən güzəştli ailələrə kreditlər 33 faiz artmışdır.  Nəticədə, ipoteka kreditləri hesabına mənzil əldə edən ailələrin sayı 20 mini ötmüşdür. İpoteka kreditlərinin maliyyələşdirilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı bazardan cəlb edilən resurslar da mühüm rol oynayır. AİF-in xətti ilə verilmiş ipoteka kreditlərinin 60 faizdən çoxu maliyyə bazarından cəlb edilmiş uzunmüddətli borc vəsaitləri ilə maliyyələşdirilmişdir. AİF-in bazardan cəlb etdiyi resursların həcmi 300 mln. manata çatmışdır. İpoteka kreditləşməsi prosesinin sadələşdirilməsi, bankların bu prosesdə fəaliyyətinin effektivliyini artırmaq məqsədilə iki mühüm institusional inkişaf layihəsi həyata keçirilmişdir. İpoteka kreditləşdirilməsi proseduralarının, kredit öhdəlikləri üzrə ödənişlərin, bu sahədə klirinq və hesablaşmaların avtomatlaşdırılması məqsədilə “Elektron ipoteka sistemi” və “Elektron ödəniş və klirinq sistemi” yaradılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında