Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2013-cü il bir neçə gündən sonra başa çatacaq. Bu il respublikamızın iqtisadi qüdrəti, siyasi-diplomatik təsir gücü daha da artmış, xalqımızın rifah halı xeyli yüksəlmişdir. Eyni zamanda, yola salmağa hazırlaşdığımız ildə Azərbaycan bir sıra möhtəşəm layihələrə imza atmaqla dünya birliyində öz yerini möhkəmləndirmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra yeni-yeni layihələr reallaşdırıldı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri işə salındı. Bununla da ölkəmizin qlobal enerji bazarlarında statusu möhkəmləndi, Avropa dövlətləri ilə iqtisadi əlaqələri gücləndi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyə başladı. Bu il dekbarın 17-də isə respublikamız enerji sahəsində daha bir strateji layihəyə imza atdi: “Şahdəniz-2” yekun investisiya qərarı imzalandı. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma cənab İlham Əliyev tərəfindən “Yeni əsrin yeni müqaviləsi” kimi qiymətləndirdi. Bu layihə uzunmüddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında lokomotiv olacaq, Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılmasını reallaşdıracaq.
2013-cü ildə ölkəmiz həm də bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində mühüm tədbirlər reallaşdırılmış, “Azərspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması kimi əlamətdar hadisə baş vermiş, idmançılarımız müxtəlif beynəlxalq və respublika səviyyəli yarışlarda uğurlar əldə etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyinə beynəlxalq dəstək daha da güclənmişdir.
Prezident İlham Əliyev elmin, təhsilin, mədəniyyətin tərəqqisini sürətləndirən onlarca fərman və sərəncam, dövlət proqramı imzalamış, bütün bunlar isə mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmiz qarşısında misilsiz xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Məhz elə buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu il oktyabr ayının 9-da yenə tərəddüd etmədən cənab İlham Əliyevi dəstəkləmiş, ona səs vermişlər.
Yeri gəlmişkən, son 10 ilin mühüm göstəricilərinə qısaca nəzər salmaq istərdim. Bu dövrdə adambaşına düşən ÜDM təxminən 3,4 dəfə artmışdır.
2003-2008-ci illərdəki artıma səbəb neft sektorunda baş verən intensiv hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamışdır. 2010-cu ildən etibarən neft sektorundakı azalmaya baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruya bilmişdir.
Azərbaycan bu müddətdə iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur.
Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. İşsizlik səviyyəsi 4,8 faizə endirilmişdir. Yoxsulluq səviyyəsi 5,4 faizə enmiş, 3 milyon insan yoxsulluq səviyyəsindən azad olmuşdur. Hazırda Azərbaycan dünyada yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, respublikamız dünyada ilk 25-ci sırada qərarlaşmışdır.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı neft sektorunu üstələyir. Məhz buna görə də qeyri-neft sektorunun sürətli tərəqqisi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur.
Ümumiyyətlə, ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına mühüm önəm verilməsinin, bu sahədə ixrac potensialının gücləndirilməsinin nəticəsidir ki, 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, bu ilin ötən aylarında 2273 adda məhsul ixrac olunmuşdur. Son 10 ildə kənd təsərrüfatı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artmışdır.
Azərbaycanın bu gün xarici dövlət borcu ÜDM-in 8,3 faizini təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi- 2013-2014” hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri “Standart & Poor’s”, “Fitch Ratings” və “Moody’s” beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişdir.
Ötən 10 ildə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına təkan vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır.
Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.
Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda ÜDM-də özəl sektorun payı 80 faizi ötmüşdür. Bu, artıq geniş sahibkar təbəqəsinin formalaşması deməkdir. Məhz elə bunun nəticəsidir ki, “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur.
Cənab İlham Əliyev tərəfindən ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində özəl bölmənin roluna mühüm önəm verilir. Son 10 ildə Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq deyə bilərik ki, yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği azaldılmışdır.
Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində bu gün də mühüm tədbirlər həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində demişdir: “Son on il ərzində sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılmışdır. On ildə bir milyard manat dəyərində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna yönəldilmişdir və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədləri güdülürdü. Belə olan halda sahibkarlığın inkişafının, orta təbəqənin yaradılmasının, yoxsulluğun azaldılmasının - bütün bu məsələlərin təməlində bizim düşünülmüş iqtisadi siyasətimiz və siyasi xəttimiz dayanır.
Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, on il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son on il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə on il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər”.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
Yuxarıda sadalananları yekunlaşdırıb deyə bilərik ki, ötən 10 il ərzində milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur.
Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi bu gün iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.
Məhərrəm ŞƏFİYEV, iqtisadiyyat üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.