“Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə start verilir

 

Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin qaz-kondensat yatağı olan “Şahdəniz”in tammiqyaslı işlənməsinə dair yekun investisiya qərarının verilməsi ilə Avropanın ən böyük “mavi yanacaq” təchizatı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.

Artıq “Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə hazırlıq görülür. Bu məqsədlə Şahdəniz konsorsiumu ilə podratçı şirkətlər arasında  tikinti müqavilələrinin bağlanmasına start verilmişdir. Belə ki, dekabr ayının 17-də Bakıda  layihə ilə bağlı qəbul edilmiş yekun investisiya qərarından sonra genişmiqyaslı inşaat işlərinə dair  iki böyük podrat müqaviləsi imzalanmışdır. 

Xatırladaq ki, birinci müqavilə Şahdəniz konsorsiumu ilə Tekfen İnşaat ve Tesisat A.S. və Azfen birgə müəssisəsi arasında yaradılmış Tekfen-Azfen alyansı ilə imzalanmışdır. Müqavilə Səngəçal terminalında “Şahdəniz-2” layihəsi üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək verilməsi ilə bağlıdır. Həmin müqavilə çərçivəsində Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğuları tikiləcək, burada bir sıra yenidənqurma işləri aparılacaq, eləcə də sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və monoetilenqlikol boru kəməri inşa ediləcək. Xatırladaq ki, dəyəri 998 milyon dollar təşkil edən  bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə başa çatdırılacağı planlaşdırılır.

Digər müqavilə isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nəzərdə tutulmuş iki platformanın üst modullarının inşası, barja yüklənməsi, eləcə də sözügedən qurğuların dənizdə sazlanması və istismara verilməsi işləri ilə bağlıdır. Bu müqavilə AMEC MMC, Tekfen İnşaat ve Tesisat A.S. və Azfen birgə müəssisəsindən ibarət AMEC-Tekfen-Azfen (ATA)  konsorsiumu ilə imzalanmışdır. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək. Dəyəri 974 milyon dollar təşkil edən həmin müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də gələn ilin yanvar ayında başlanması və 2018-ci ildə tamamlanması nəzərdə tutulmuşdur.

Bütövlükdə isə Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində körpü ilə birləşdirilən iki hasilat platforması, iki  yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir. 

Xatırladaq ki, “Şahdəniz-2” layihəsi “Cənub” qaz dəhlizi vasitəsilə Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara “mavi yanacağı” çatdıracaq dünya səviyyəli enerji layihəsidir. Layihənin  reallaşdırılması ilə dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”də hasilat təqribən üç dəfəyədək artırılaraq 25 milyard kubmetrə çatdırılacaq. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu boru kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya  isə Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql ediləcək.

Onu da qeyd etmək lazımdır ki, “Şahdəniz- 2” layihəsinin işlənməsi üçün yekun investisiya qərarı Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin  genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərlərinin tikintisi ilə bağlı planların gerçəkləşməsini xeyli sürətləndirəcək. Eyni zamanda, bu layihələr birlikdə, həmçinin “mavi yanacağı” Bolqarıstana ötürəcək infrastuktur və  Avropaya yeni bir “Cənub” qaz dəhlizini formalaşdıracaq. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında