1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi.
Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu.Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüş, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etmişdir.
“Əsrin müqaviləsi” imzalanandan sonra ulu öndərimizin neft strategiyasının reallaşdırılması istiqamətində bir sıra uğurlar əldə edildi. Dekabrın 17-də isə Azərbaycanın iqtisadi-siyasi həyatında daha mühüm bir hadisə baş verdi. “Şahdəniz-2" layihəsi üzrə imzalanan saziş Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu təsdiqlədi və ölkənin gələcəyi üçün mühüm addım atıldı.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək 2 platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. Proqnozlara görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir. “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindən sayılır. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq.
Tərəfdaşlıq münasibətləri digər bazarlara da Azərbaycanın işlənilməkdə olan böyük qaz ehtiyatları ilə asanlıqla əlaqə yaratmaq üçün böyük imkanlar vəd edir. “Mərhələ-2” çərçivəsində işlənilməsi planlaşdırılan “Şahdəniz”in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturların potensialından tam istifadə ediləcək.
Prezident İlham Əliyev imzalanma mərasimində demişdir: “Şahdəniz-2 dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".
Ümumiyyətlə, bu layihə ekspertlər tərəfindən 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə müqayisə edilir. Bildirilir ki, XX əsrin ən önəmli sənədi “Əsrin müqaviləsi” idisə, XXI əsrin də layihəsi məhz “Şahdəniz-2” oldu. Bu layihə tək biznes layihəsi deyil, həm də Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində çox sanballı bir addımdır. Eyni zamanda enerji sahəsində çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Azərbaycan artıq energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Belə ki, ölkəmiz həm neft və qazın Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması istiqamətində, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu da Azərbaycanın regionda və qlobal miqyasda əhəmiyyətini artırmış olacaq”.
Qasım ƏFƏNDİYEV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.