Dekbarın 17-də Azərbaycan enerji sahəsində daha bir strateji layihəyə imza atdi. Heydər Əliyev Mərkəzində “Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalandı. Mərasimə iqtisadçı-alim kimi dəvət edildiyimdən tarixi anlaşmanın imzalanmasını canlı izləmək imkanı qazandım. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycanın mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını reallaşdıracaq. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək.
Uzunluğu 870 kilometr olacaq Trans-Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Hazırda layihənin 3 səhmdarı var. Bunlar İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir.
TAP “Nabucco”dan 450 kilometr qısadır və deməli, iqtisadi baxımdan daha rentabellidir. “Nabucco West”ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas məqsədə nail olması anlamına gəlir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır. Anlaşmadan birmənalı şəkildə udan tərəflər eyni zamanda qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-a “ev sahibliyi” də edəcək və bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı qazanacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 45 milyard dollar sərmayənin 25 milyard dollardan artığı Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldiləcək.
Beləliklə, bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil, eyni zamanda, strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir. Əvvəla, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan önəmlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaqdır. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artması baxımından ciddi maliyyə mənbəyinin yaranması deməkdir.
İkincisi, “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə alsaq, bu, eyni zamanda, Azərbaycanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin stabil olaraq tənzimlənməsinə imkan verəcək. Bundan başqa, Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirini aradan qaldıracaq. Başqa sözlə, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.
Üçüncüsü, Azərbaycan bu anlaşma ilə müstəqilliyinin tamamilə təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Ölkəmizin mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, Azərbaycan Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda öz mövqeyini sonadək qoruyub saxlayan yeganə dövlət oldu. Avropa Birliyinin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq, Cənub qaz dəhlizində Aşqabadın iştirakı reallaşmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın gerçəkləşməsinə nəinki töhfə verdi, hətta bu prosesdə birbaşa iştirak etdi. Ölkəmizin bu qərarı, eyni zamanda, Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Dördüncüsü, bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermiş oldu. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaq. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də Cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərəcək.
Beşincisi, Azərbaycanın bu qərarı qonşular, xüsusən də Rusiya ilə münasibətlərin əvvəlki kimi yaxşı səviyyədə qalmasına imkan verəcək. TAP layihəsinin seçilməsi Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb olmayacaq. Bu kəmər daha çox İtaliya bazarına hədəflənib. Düzdür, Rusiya da İtaliya bazarına çıxmağı planlaşdıran bir ölkə idi. Azərbaycanın bu bazara çıxışı Rusiyanın istəyini arxa plana saldı. Amma gələcəkdə bu layihə Rusiyanı məcbur edəcək ki, növbəti mərhələdə Cənub Axını layihəsini təxirə salsın, bu istiqamətdə müzakirəni dayandırsın. Avropa Birliyi isə TAP layihəsinin seçilməsində maraqlı tərəf idi. Çünki bu, Avropanın enerji siyasətinə, enerji təhlükəsizliyinə xidmət edəcəkdir.
Paralel olaraq, TAP layihəsinin reallaşmasından Türkiyə və Gürcüstan kimi ölkələr də gəlir əldə edəcəklər. Bununla yanaşı, TAP vasitəsilə ixrac olunan qazın müəyyən hissəsi həmin ölkələrin daxili istehlakı üçün istifadə olunacaq. Şirkətlər səviyyəsində isə TAP layihəsi həm də SOCAR-ın Avropa Birliyi ölkələrinin bazarlarına çıxmasına, investisiya qoymasına imkan verəcəkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, TAP Azərbaycan üçün qonşularla münasibətdə də strateji layihədir. Bu layihə üzərində dayanmaqla, rəsmi Bakı siyasi-diplomatik addım atdı. Həm bölgədə aparıcı qüvvələrlə, o cümlədən Rusiya və Avropa Birliyilə münasibətlərini əvvəlki səviyyədə saxladı, hətta yaxşılaşdırdı, həm də iqtisadi gəlir əldə etmək imkanını genişləndirdi.
Altıncısı, Azərbaycan üçün TAP eyni zamanda rentabelliyi təmin edilmış layihədir. “Nabucco West”lə müqayisədə TAP boru kəməri 450 kilometr qısadır. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir. Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb, bu isə Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır. Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək. Xatırladım ki, Prezident İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla, praktiki olaraq bu hədəfə çata bildi. Nəhayət, TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarına ilk daxilolma sayılacaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək.
Yeddincisi, Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə təbii ki, Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdır. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timasalında Azərbaycana daxil olcaq vəsaitlərin həcmini artıracaq.
Sonuncu, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşğulluq sferası bu layihədən faydalana biləcək. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard avro, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir.
Bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olan Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırkı imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.
Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi aktorlarından birinə çevirib. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.
Azərbaycan milli suverenliyini qazandıqdan sonra, təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verdi.
Qeyd edək ki, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. “Şahdəniz-2” çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.
Beləliklə, Azərbaycan yeni bir layihəyə imza atdı. Yeni əsrin yeni layihəsi kimi qiymətləndirilən bu layihə uzunmüddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında lokomotiv olacaq.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.