Azərbaycan iqtisadi inkişaf tempinə görə regionun lider dövlətidir. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması, neft-qaz resurslarından səmərəli istifadə olunması onun beynəlxalq və regional miqyaslı enerji layihələrinin əsas təşəbbüskarına çevrilməsinə imkan yaratmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının istismarının genişlənməsi ölkəmizin enerji təhlükəsizliyini tam təmin etmişdir. Hazırda Azərbaycanın zəngin enerji resursları 7 neft-qaz kəməri ilə dünya bazarına nəql edilir.
Ümummilli liderimiz Heydər Əliyev enerji layihələrinin uğurla həyata keçirilməsinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı xeyli artdı və ölkəmizin neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiyalar yönəldildi.
Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə yüksəlir. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, həm də bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir.
Neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılmasında önəmli rol oynamışdır. Xüsusən də Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi ölkənin tranzit potensialının daha da güclənməsinə əlverişli şərait yaradır.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyi məsələsində həlledici rol oynadı. Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayan BTC Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, illik ötürücülük qabiliyyəti 60 milyon ton olan BTC sutkada 1,2 milyon barrel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Bu, dövlətimizin iqtisadi qüdrətinin durmadan artmasının bariz nümunəsidir. Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən yatağından əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza “Cənub” qaz dəhlizilayihəsi üçün əsas mənbə kimi baxılır. “Şahdəniz-2” layihəsi üzrə qazın ixracına 2019-cu ildən başlanılması planlaşdırılır.
Qeyd edək ki, 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağına zəmanət verir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir.
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasilat birinci mərhələyə nisbətən az qala ikiqat çox olacaqdır. Bu, yataqdan çıxarılan qazın ixracı üçün müvafiq infrastrukturun yaradılması zərurətini ortaya qoymuşdur. Təbii ki, hazırda “Şahdəniz-1” qazını Səngəçaldan Ərzurumadək aparan kəmərin artacaq həcmləri qəbul etmək üçün gücü kifayət deyil. Üstəlik, “Şahdəniz-2” qazını Avropadakı istehlakçılara da çatdırmaq üçün əlavə xətlər gərəkdir.
2018-ci ildə əldə ediləcək həmin qazın nəqli üçün zəruri olan bu məsələ indi öz uğurlu həllini tapmaqdadır. Başqa sözlə, “Cənub qaz dəhlizi”nin marşrutu müəyyən olunmuş və buna müvafiq də işlər aparılır. Əlbəttə, ilk növbədə, Cənubi Qafqaz boru kəmərinin (CQBK) gücü artırılacaqdır. Bu həmin kəmərdir ki, Azərbaycanın ərazisi ilə 443 kilometr, Gürcüstanın ərazisi ilə 248 kilometr uzanaraq “Şahdəniz” qazını Gürcüstan-Türkiyə sərhədinə qədər nəql edir.
CQBK Bakı-Tbilisi-Ərzurum xəttinin əsas hissəsini təşkil edir. O, Azərbaycanın 13 rayonundan - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz və Ağstafadan keçir. Yeni həcmləri qəbul etmək üçün Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel olaraq yeni bir xətt tikiləcəkdir.
Gürcüstan sərhədinədək uzanan yeni kəmərin uzunluğu 387 kilometr olacaqdır. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi planlaşdırılmışdır. CQBK-nın Gürcüstan hissəsində isə ölkənin Türkiyə ilə sərhədində qısa kəmər, bir ərsinləmə, iki kompressor, bir təzyiqazaltma və bir təzyiqölçmə stansiyaları inşa ediləcəkdir. Beləliklə, genişləndirilmiş CQBK “Cənub” qaz dəhlizinin güclü bir qoluna çevriləcəkdir.
Prezident İlham Əliyev demişdir: “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilmişdir. “Şahdəniz-2” enerji layihəsinin reallaşdırılması isə birbaşa xarici sərmayə baxımından ən böyük layihə olacaqdır. Bu, Azərbaycanda əlavə 10 min iş yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcəkdir. bp isə öz növbəsində, Azərbaycanın enerji və hasilat bacarığının artırılmasına öz töhfəsini verəcəkdir. Azərbaycandan kənarda daha 20 min yeni iş yeri açılacaqdır.
Rəşad ƏLİYEV,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.