Prezident İlham ƏLİYEV: “Şahdəniz-2” layihəsi regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir

 

 

 

Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 17 ildən artıq vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Xatırladaq ki, birinci mərhələdə  “Şahdəniz” yatağındakı zəngin qaz - kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.

 “Şahdəniz” layihəsinin səhmdarları bp (operator - 25,5 faiz), Statoyl (25,5 faiz), ARDNŞ (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. bp-nin 2013-cü ilin doqquz ayı üçün yaydığı hesabata əsasən, “Şahdəniz” layihəsinin birinci mərhələsi üzrə fəaliyyətlərə 143 milyon dollar, əməliyyat məsrəflərinə isə 1 milyard 364 milyon dollar  əsaslı vəsait xərclənmişdir. Bütövlükdə isə cari il üçün bu rəqəmlərin müvafiq olaraq 222 milyon və 2 milyard 191 milyon dollar olacağı proqnozlaşdırılır.

Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. 2013-cü ilin doqquz ayı ərzində “Şahdəniz” yatağından 7,3 milyard kubmetr qaz və 1,85 milyon ton kondensat  çıxarılmışdır. Hesabat dövrü üçün sutkalıq qaz və kondensat hasilatının həcmi müvafiq olaraq təxminən 26,6 milyon kubmetr və 337 ton təşkil etmişdir. Bütövlükdə isə 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin üçüncü rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 44,8 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 12 milyon ton kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.

Cənubi Qafqaz boru kəməri şirkətinin sərmayədarları bp (texniki operator - 25,5 faiz), Statoyl (kommersiya operatoru - 25,5 faiz), Azərbaycan CQBK Ltd (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. Bu ilin doqquz ayı ərzində Cənubi Qafqaz boru kəmərləri ilə bağlı fəaliyyətlərə 9 milyon dollar əsaslı xərclər sərf edilmişdir. İlin sonunadək üçün isə bu vəsaitin 13 milyon  dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır. 2013-cü ilin doqquz ayı ərzində kəmərin gündəlik orta ötürücülük gücü 12,4 milyon kubmetr təşkil etmişdir

Hazırda “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində uğurlu qazma əməliyyatları aparılır. Cari ilin ötən dövründə SDA-03y yanaqazma quyusunda qazma əməliyyatları davam etdirilmişdir. Həmin quyunun isə 2014-cü ilin birinci rübünün sonunda təhvil verilməsi planlaşdırılır. Bundan sonra qazma qurğusunun təftişi və SDA-05X quyusunda nəzarət işləri aparılacaq.

Məlum olduğu kimi, Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinə bir il əvvəl start verilmişdir.  2013-cü il sentyabr ayının 17-də “İstiqlal” qurğusu SDC-02 quyusunda qazma əməliyyatlarını tamamladıqdan sonra SDC-03 quyusunda analoji işlərə başlanmışdır.  Bu quyunun isə gələn ilin üçüncü rübündə təhvil verilməsi planlaşdırılır. Bununla yanaşı, cari ilin sentyabr ayının 27-də Heydər Əliyev qazma qurğusu SDX-07Ay quyusunda qazma əməliyyatlarını başa çatdırmışdır. Qazma qurğusunda müəyyən modifikasiyalar və planlaşdırılan sertifikatlaşdırma işləri başa çatdırıldıqdan sonra SDD-02 quyusunda qazma əməliyyatlarına start veriləcək.

Yeri gəlmişkən, “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.

Xatırladaq ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

 “Şahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanıldıqdan sonra təbii qaz Türkiyə ərazisində yeni Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunacaq. Bu boru kəməri Xəzər dənizinin böyük qaz ehtiyatlarını  Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan “Cənub” qaz dəhlizinin əsas bir hissəsi olacaq. Məlum olduğu kimi, Türkiyəyə ildə 6 milyard kubmetr “Şahdəniz-2”  qazının  satışı ilə bağlı 2011-ci ildə BOTAŞ-la saziş də imzalanmışdır.

Müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Elə bu il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, sentyabrın 19-da “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm ”mavi yanacaq” ixracı marşrutu sayılan “Cənub”  qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Yeri gəlmişkən, 2013-cü ildə “Şahdəniz-2” layihəsinə təxminən 1,7 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır. Dekabrın 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanmsı ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoymuşdur. Adıçəkilən yatağın ikinci işlənmə mərhələsi çərçivəsində ilk qazın əldə edilməsi isə 2019-cu ilə planlaşdırılır.

Dekabrın 17-də sözügedən layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq”.

Avtopa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger isə “Şahdəniz-2” layihəsinin yekun qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayaraq demişdir: ”Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. “Cənub”  qaz dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır”. Onun qənaətinə görə, “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının imzalanması Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək və Qafqazla Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir.

XXI əsrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrildiyini bildirən bp şirkətinin baş icraçı direktoru Robert Dadli  “Şahdəniz” layihəsini XXI əsrin ikinci yarısında da qaz ehtiyaclarını təmin edəcək nəhəng və misilsiz bir layihə adlandırmışdır. Yekun qərarın qəbul edilməsini ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının növbəti uğuru kimi dəyərləndirən    ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə “Cənub”qaz dəhlizinin yaradılmasında ən böyük investorlardan biri SOCAR-ın olacağını diqqətə çatdıraraq qeyd etmişdir ki,  yeni enerji layihələri ölkəmiz üçün əlavə imkanlar, müasir texnologiyalar və ən başlıcası iş yerləri deməkdir.

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında