Prezident İlham ƏLİYEV: Bizim enerji strategiyamız dostluq və qarşılıqlı dəstəyə əsaslanıb

 

Dünən Bakıda  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarı elan olundu. Xatırladaq ki, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verən son dərəcə mühüm bir addımdır.  Bu layihələrin reallaşdırılması, eyni zamanda, “Şahdəniz” qazını Bolqarıstana ötürəcək infrastuktur, Avropaya isə yeni bir “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaradacaq.

Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən  “Şahdəniz” mərhələ-2 üzrə yekun investisiya qərarının rəsmi imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Cənub” dəhlizi boyunca yerləşən dövlətlərin nümayəndələri, eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak etmişlər. Tədbirdə çıxış edən Azərbaycanın dövlət başçısı İlham Əliyev yekun investisiya qərarına dair sənədlərin imzalanmasını əlamətdar  hadisə kimi dəyərləndirərək  demişdir: “Bugünkü imzalanma mərasimi Azərbaycanın müasir dövrü üçün tarixi bir gündür. “Şahdəniz” dünyanın ən iri enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir”. “Şahdəniz” sazişinin XXI əsrin müqaviləsi adlandırılacağına ümid etdiyini vurğulayan Prezident imzalanma mərasimini müstəqil Azərbaycanın energetikasının inkişaf tarixində vacib bir mərhələ kimi dəyərləndirmişdir. Bu da təsadüfi deyil. Çünki “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi və “Cənub” qaz  dəhlizi boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir. Prezident İlham Əliyev Azərbaycanın layihəyə cəlb olunan Gürcüstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanla sıx əməkdaşlığına ümid etdiyini bildirərək daha sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə də fəal əməkdaşlığın başlanacağını və boru kəmərinin Balkanlara doğru genişlənməsi ilə bağlı planların mövcudluğunu diqqətə çatdırmışdır. Dövlət başçısı  enerji təhlükəsizliyinin həm təchizatçı, həm də istehlakçı ölkələr üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçılar arasında məqbul balans tapa və qarşılıqlı faydalı əməkdaşlıq formatı qura biləcəyik. Bizim enerji strategiyamız dostluq və qarşılıqlı dəstəyə əsaslanıb. Azərbaycan heç vaxt öz enerji potensialından başqa məqsədlərlə istifadə etməyib”.   

Tədbirdə çıxış edən xarici qonaqlar da “Şahdəniz-2” layihəsi üzrə yekun  investisiya sazişinin imzalanmasını Avropanın enerji təhlükəsizliyinin təminatı üçün müstəsna əhəmiyyət kəsb edən qərar adlandırmışlar. Məsələn, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq qeyd etmişdir ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Azərbaycana, Böyük Britaniyaya və Avropaya uzunmüddətli fayda gətirəcək. Bu sazişin, həmçinin Avropanın ancaq bir qaz təminatçısından asılılığını da aradan qaldıracağına ümid etdiyini vurğulayan qonaq  daha sonra demişdir: “İmzalanan saziş, eyni zamanda, bizim Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığımızın gücləndirilməsi istiqamətində öhdəliklərimizi təsdiqləyir və mən ikitərəfli əməkdaşlığımızın gələcək illərdə daha da güclənməsinə ümidlə baxıram”.

“Şahdəniz-2” layihəsinin siyasi sabitliyin möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcəyini bildirən Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız isə sözügedən  layihənin  həm Azərbaycanın, həm də layihəyə cəlb olunmuş bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcəyini qeyd etmişdir. O demişdir:  “Türkiyə əvvəldən bu layihəni dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək. Çünki Bakı-Tbilisi-Ceyhan Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üçün vacib layihə olsa da, yetərli deyil. Xəzər regionu öz ehtiyatlarını dünya bazarına təklif etməklə daha da çiçəklənəcək və inkişaf edəcək. Türkiyə özünün coğrafi və strateji mövqeyindən istifadə edərək buna daim öz töhfəsini verəcək”.

Yeri gəlmişkən, “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 1996-cı ilin iyun ayında Bakıda imzalanmışdır. 1999-cu ildə isə yataqda zəngin qaz ehtiyatlarının mövcudluğu tam sübuta yetirilmişdir. 2003-cü ilin fevral ayında həmin ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə tikinti-quraşdırma işlərinə start verilmişdir. 2006-cı ilin sonlarından etibarən isə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac edir. Göründüyü kimi, Azərbaycanın yeni neft erasının ən parlaq səhifələrindən sayılan “Şahdəniz” qaz-kondensat yatağının kəşfi və istismara verilməsi ilə ölkəmiz dünyanın potensial qaz ixracatçılarından birinə çevrilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının istismara verilməsindən yeddi il ötür. Xatırladaq ki, adıçəkilən yatağın istismarı üçün  Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış platforma dünyanın ən unikal və nadir  qurğularından biridir. Həmin platformadan hasil edilən təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradan isə  qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə  dünya bazarına çıxarılır.  Bu da Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir. Artıq Azərbaycan bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə  olan bir sıra nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da  ölkəmizi potensial qaz təchizatçısı hesab edirlər. Elə son iki ildə  həyata vəsiqə almış Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələri çərçivəsində çəkiləcək kəmərlərin də məhz “Şahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi üzrə hasil ediləcək qaz həcmlərinin hesabına doldurulması nəzərdə tutulur. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev dünənki imzalanma mərasimində bu vacib məqama toxunaraq demişdir:  “2011-ci ildə Azərbaycanla Avropa Birliyi arasında imzalanan strateji əməkdaşlığa dair memorandum ölkəmizin enerji strategiyasının inkişafına, Avropaya qazın nəqlinin diversifikasiyasına kömək etmişdir. 2012-ci ildə Türkiyə ilə TANAP sazişi imzalandı, 2013-cü ildə isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə əsas layihə kimi seçildi. Hələlik biz birgə səylər tələb edən nəhəng layihənin başlanğıcındayıq”.

Artıq adıçəkilən yatağın ikinci işlənmə mərhələsinin həyata keçirilməsinə başlanılmışdır. Xatırladaq ki, bu mərhələnin reallaşdırılması və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycanın “Şahdəniz” yatağından il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını “mavi yanacaq”la təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə  2018-ci ilin sonlarında çatdırılması nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. Xatırladaq ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr əlavə qaz hasil ediləcək. Bundan əlavə, yataqdan kondensat hasilatının hazırkı gündə təxminən 55 min barrel səviyyəsi də xeyli artaraq 120 min barrelə çatdırılacaq.

Yeri gəlmişkən, “Şahdəniz-2” investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıq olacaq. Bu məbləğin yarıdan çoxu Azərbaycanda nəzərdə tutulmuş işlərə sərf ediləcək. Ekspertlər hesab edirlər ki,   anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit ölkələr üçün də əhəmiyyətlidir. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksəldiləcək. Tranzit ölkələr, o cümlədən Gürcüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır. “Şahdəniz-2” layihəsinə dair yekun investisiya sazişinin imzalanması Azərbaycana öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxarmağa imkan yaradacaq.  Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının “mavi yanacaq” ixracatında müstəqil siyasət yürütməsi deməkdir. Bununla həm də enerji resurslarının ixracında çoxvariantlı marşrutlara sahib olan rəsmi Bakı  Avropa Birliyinin enerji təhlükəsizliyinə mühüm  töhfələr verəcəkdir. Göründüyü kimi, qaz ixracatı ilə bağlı imzalanan sazişlər Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır.

bp-nin məlumatına görə, nisbətən daha yaxın zaman üçün isə Şahdəniz konsorsiumunun tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri artıq ARDNŞ ilə razılaşdırıblar. Hazırda hasilatın artırılması istiqamətində işlər aparılır və bu tədbirlərin 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir. Yeri gəlmişkən, ARDNŞ və Şahdəniz konsorsiumunun tərəfdaşları, həmçinin hasilatın pay bölgüsü haqqında sazişin  müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri razılaşdırıblar. Bununla yanaşı, tərəfdaş şirkətlər hasilatın pay bölgüsü üzrə sazişin sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa da gəlmişlər. Göründüyü kimi, “Şahdəniz” layihəsinin tammiqyaslı işlənməsi layihəsi Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.

Mirbağır YAQUBZADƏ,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında