Qlobal maliyyə böhranı: iqtisadi tənzimləmə mexanizmlərindən səmərəli istifadənin Azərbaycan təcrübəsi

1. Dünya maliyyə böhranını doğuran səbəblər və onun nəticələri haqqında

{nl}

2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji daşıyıcılarının və ərzağın qiymətinin sürətli artımı aşağı gəlirli ipoteka borclularını ağır vəziyyətlə üzləşdirdi və onların ödəmə qabiliyyətinin olmadığı üzə çıxdı. Elə 2008-ci ilin ilk aylarından banklar ipoteka altında olan evləri təkrar satış bazarına qaytarmağa başladı. Artıq iyun ayında ümumi dəyəri 1 trln. dolları ötən 4 mln. mənzil yeni sahibini axtarırdı. Əmlak bazarında qiymətlərin düşməsi nəticəsində ABŞ-ın mənzil bazarı artıq 3,3 trln. kapital itirdiyini bildirir.
Hazırkı qlobal böhranın ən zəif nöqtəsi sayılan banklar, müxtəlif ölkələrdən depozit şəklində gələn və ilbəil artmaqda davam edən pullarla davrana bilmədilər. Çox da uzaq olmayan keçmişdə həmin pullar qısa müddətə və yüksək faizlərlə ticarət və xidmət sektoruna yönəldilirdi. Nisbətən sərfəli şərtlərlə borc götürüb köhnə borcları qaytarmaq təcrübəsi də kifayət qədər geniş yayılmışdı. Son illərdə isə həmin kreditlərin axını Şanxay, Nyu-York, London, Frankfurt kimi iri şəhərlərdə mənzillərin ipoteka ilə alınmasına yönəlməyə başladı. Hətta İngiltərə və İsveçrənin kifayət qədər konservativ bank sistemi də bu maliyyə piramidasının tələsinə düşdü - müştərilərin etibarlılığını diqqətlə öyrənmədən on milyardlarla dolları ipotekaya yönəltdi.
İpotekanın belə geniş vüsət almasına 2000-2001-ci illərdə informasiya və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərin (məsələn, "Ebron") səhmlərinə qoyulan vəsaitlər hesabına maliyyə sisteminin 5 trln. dollar itirməsi də təkan verdi. Belə şəraitdə investorlar öz kapitallarını real mülkiyyətə - mənzilə və digər daşınmaz əmlak növlərinə yönəltməyə başladılar. İpoteka bazarında izafi maliyyə daşınmaz əmlakın qiymətinin artmasını qaçılmaz edirdi. Əvvəllər ipoteka alınan mənzilin dəyərinin 70 %-indən yüksək verilmirdi (yerdə qalan 30 %-i müştəri ödəyirdi). Sonralar ilkin ödəniş 80, az sonra 90, bir qədər keçdikdən sonra isə 100 %-i həcmində verilməyə başladı. Hətta banklar evin dəyərinin 105-110 %-i həcmində kredit verirdi. Bu, müştəri gətirmək üçün cəlbedici bir metod idi - əlavə 5-10 % mənzili mebellə təmin etməyə hesablanmışdı.
İpoteka bumu dövründə maaş və gəlirlər də yüksək idi. Amma heç kim nəzərə almırdı ki, iri dövlətlərdə, ilk növbədə ABŞ və Böyük Britaniyada büdcənin xərcləri gəlirləri, idxal isə ixracı davamlı olaraq üstələyirsə, bu cür inkişaf bir gün dayanacaqdı. Kolumbiya Universitetinin tədqiqatlarına görə, səhmlərin və mənzillərin dəyərinin azalmasından dünya iqtisadiyyatı 40 trln. dollar itirə bilər.
Hazırda bütün dünya 64 ilin ən ağır iqtisadi böhranı ilə üzləşib. Proqnozların əksinə olaraq, dünyanın əksər ölkələrində iqtisadi inkişafın səviyyəsi daha da aşağı düşüb. Qlobal iqtisadi böhranın artıq ikinci mərhələsi başlayıb. Mütəxəssislərin fikrincə, vəsait çatışmazlığı ilə müşahidə olunan maliyyə böhranı səngiyir və öz yerini daha ağır olan istehsal böhranına verir.
Başqa sözlə, böhran maliyyə sektorundan istehsala keçib. Böhranın bu mərhələsi daha ciddi problem yaradır. Son vaxtlar dünyanın əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında baş verən durğunluq kütləvi işsizliyə gətirib çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox əməktutumlu sahələrə təsir edir və kütləvi işsizlik qeydə alınır. Dünyada istehlakın azalma proseslərini daha da ağırlaşdırır.
2008-2009-cu illər dünya iqtisadiyyatında davamlı yüksək artımın dayanması ilə tarixə düşdü. Dünya iqtisadiyyatının taleyini həll edən, dünya üzrə ÜDM-in təxminən 70 %-i, əhalinin təxminən yarısını əhatə edən - ABŞ, Yaponiya, Çin, Böyük Britaniya, Hindistan, Almaniya, Fransa, İtaliya, Rusiya kimi nəhəng ölkələrin heç biri qlobal böhranın təsirindən yaxa qurtara bilmədi. Dünya üzrə orta illik artım tempi 2 dəfəyədək azalaraq 2007-ci ildəki 5 %-dən 2,5 %-ə endi.
Müasir iqtisadi böhranın elmi təhlili ancaq onun öncədən verilmiş hərtərəfli xarakteristikası əsasında mümkündür. Bu böhranın səbəblərinin, ümumiyyətlə maliyyə və iqtisadi böhranın qarşılıqlı təsir mexanizmlərinin təhlili, onun maliyyə və iqtisadi nəticələrinin aradan qaldırılması üzrə ilk növbədə həyata keçirilməli olan tədbirlər, bu tədbirlərlə bağlı risklər, həmçinin böhranın doğuracağı uzunmüddətli problemlərin vaxtında həlli çox əhəmiyyətlidir. Böhranın ilkin təzahürləri göstərir ki, inkişaf etməkdə olan ölkələr gözlənilməz iqtisadi sarsıntılara daha həssasdırlar, çünki onların problemləri inkişaf etmiş iqtisadiyyatlardan köklü şəkildə fərqlənir.
Böyük iqtisadi sarsıntıların təbiəti və mexanizmləri haqqında iqtisadi ədəbiyyatda çox yazılsa da, buna birmənalı cavablar yoxdur. Hətta 1930-cu illərin böyük depressiya (durğunluq) fenomeni də öz həllini, elmi izahını indiyədək sonacan tapmamışdır. Təsadüfi deyil ki, onun meydana gəlməsinin səbəbləri haqqında həmin dövrdə F.D. Ruzveltin böhrandan çıxmaq üzrə tədbirlərinin nə dərəcədə adekvat olması barədə mübahisələr bu gün də davam edir. Həm də nəzərə almaq lazımdır ki, keçmişin təcrübəsini öyrənmək qarşıdakı böhranın bütün təzahürlərini aydın təsvir etməyə heç bir təminat vermir.
İlk baxışdan, yaxın keçmişdə indiki resessiya üçün heç bir əsas görünmürdü, dünyanın aparıcı ölkələrində əhəmiyyətli yüksəliş başlamışdı - 2003-2008-ci illərdə dünya üzrə ÜDM üçdəbir qədər artmışdı. Halbuki bunun üçün kifayət qədər uğurlu sayılan XX əsrin 90-cı illərində səkkiz il lazım gəlmişdi. Dünya dərin tsiklik sarsıntıları yadırğamış, aparıcı ölkələrin əhalisi son iyirmi ildə (keçid iqtisadiyyatlı ölkələrdən savayı) işsizlikdən əhəmiyyətli dərəcədə ziyan çəkməmişdi. Məhz 90-cı illərdə, bəşəriyyət ətraf mühitin və iqlimin mühafizəsi; yoxsulluqla mübarizə; informasiya cəmiyyətinin yaradılması; inkişaf edən ölkələrdə kütləvi orta sinfin formalaşdırılması kimi iri qlobal vəzifələrin həllini qarşıya qoymuşdu.
Əgər köhnə marksist nəzəriyyəyə əsaslansaq, onda "ziddiyyətlərin yığılmasını" gözləmək lazım idi. Doğrudan da, 2007-ci ilin əvvəlinə tsiklik böhran üçün ilkin şərtlər intensiv yüksəlişin gedişində yığım artıqlığı, sahələr arasında disbalansın güclənməsi, inflyasiyanın yüksəlməsi və s. özünü büruzə verirdi. Sürətlə yayılan böhranın 2007-ci ilin avqustunda ABŞ-ın mənzil tikintisi sektorunda ipoteka böhranına çevrilməsi və maliyyə sektoruna yayılması ilə yüksəliş öz dayanıqlığını itirdi. Məhz bu dövrdə neft, metal və ərzağa qoyulan qiymətlər sıçrayışla qalxmağa başladı. Getdikcə dünya iqtisadiyyatının gələcək inkişafı ilə bağlı verilən proqnozlar daha da bədbinləşdi. 2008-ci ilin birinci yarımilində bir sıra müflisləşmə və qovuşmalardan sonra özünəməxsus " yay fasiləsi" yarandı. Təəssüf ki, o vaxt bu hadisə təkcə biznes tərəfindən yox, həm də ABŞ Maliyyə Nazirliyi və FRS, hətta BVF kimi ciddi beynəlxalq maliyyə qurumu və s. daxil olmaqla, stabilləşmənin sübutu kimi qəbul edildi. Amerika kimi dövlətdə kifayət qədər peşəkar auditorlar, analitiklər və tənzimləyicilər çoxluğuna baxmayaraq, böhran gözlənilmədən, yenidən başladı. ABŞ-ın maliyyə böhranı tədricən bütün dünyaya yayılmağa başladı. Amerika korporasiyaları aktivlərini təcili satmağa və digər ölkələrdən pulları çıxarmağa başladı.
Hazırda elmi və kütləvi ədəbiyyatda dünya maliyyə böhranını doğuran əsas səbəb kimi ABŞ-da ipoteka kreditinin geniş vüsət alması, onun həcminin əhalinin alıcılıq qabiliyyətindən üstün olması verilən kreditlərin vaxtında qaytarılmaması və s. ilə izah edirlər. Böhranın yaranmasına fond bazarlarında cərəyan edən spekulyativ amillər də az təsir etməmişdir, belə ki, kompaniyaların və bankların fond bazarına çıxarılan səhmlərinin satış qiymətləri onların kapitalının bərpa dəyərindən qat-qat çox olmuşdur. Müasir qloballaşmanın nəticəsi olaraq, dünyanın ən nəhəng iqtisadiyyatını sarsıdan böhranın sürətlə digər inkişaf etmiş ölkələrə yayılmasının səbəbi isə həmin ölkələrin ABŞ iqtisadiyyatına güclü inteqrasiyasıdır. Bundan əlavə, ABŞ-ın iqtisadi cəhətdən dünyanın lider dövləti kimi daxili bazarın alıcılıq qabiliyyəti də çox yüksəkdir və təsadüfi deyil ki, digər ölkələrdən idxal edilən mallar onun ixracından təxminən iki dəfə çoxdur. Böhranın başlaması ilə ölkənin daxili bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsi birbaşa idxalın azalmasına, deməli, digər ölkələrdə müvafiq istehsalatların ixtisar olunmasına, bununla da həmin ölkələrdə iqtisadi böhranın yaranmasına gətirib çıxarmışdır.
İndiki maliyyə böhranı həm dərinliyinə, həm də əhatə dairəsinə görə əvvəlkilərdən fərqlənir. Amma onun əsasında daha fundamental makroiqtisadi səbəblər dururdu. ABŞ iqtisadiyyatında likvidliyin ifrat dərəcədə şişməsi "bazar köpükləri"nin formalaşmasına - müxtəlif növ aktivlərin təhrif edilərək, süni surətdə yüksək qiymətləndirilməsinə gətirib çıxardı. Ayrı-ayrı dövrlərdə bu köpükcüklərin daşınmaz əmlak, səhm və xammal bazarları da formalaşdı ki, bu da böhran mexanizminin vacib tərkib hissəsi oldu.
Mikroiqtisadi aktivlərin - yeni maliyyə alətlərinin, ilk növbədə strukturlaşdırılmış törəmə istiqrazların inkişafı da böhranın bu fonda meydana gəlməsinə şərait yaratdı. Törəmə maliyyə alətlərinin strukturu o dərəcədə mürəkkəbləşmiş və qeyri-şəffaflaşdırılmış oldu ki, maliyyə şirkətlərinin portfellərinin real dəyərinin qiymətləndirilməsi - praktikada qeyri-mümkün oldu. Maliyyə sferasındakı situasiyanın inkişafı iqtisadiyyatın real sektoruna da ciddi təsir göstərdi. Hesab edilirdi ki, onlar investorlar arasında paylanaraq və düzgün qiymətləri təmin edərək, riskləri aşağı salmağa imkan verəcəkdir. Əslində isə törəmə alətlərin istifadəsi, risklərin və onların geniş investorlar dairəsində qeyri-şəffaf bölüşdürülməsinin faktiki pərdələnməsi ilə nəticələndi. Nəhayət, risklərin həm tənzimləyicilər, həm də reytinq agentlikləri tərəfindən lazımi səviyyədə qiymətləndirilməməsini institusional səbəb saymaq olar.
İqtisadçılar cari iqtisadi böhranın səbəblərini üç qrupa - ABŞ iqtisadiyyatının spesifik problemləri, dünya iqtisadi inkişafının fundamental problemləri və milli iqtisadiyyatların spesefik şəraitləri və durumlarına ayırırlar. Onlar, eyni zamanda, 2000-ci illərin əvvəllərindən başlayaraq, dünyada iqtisadi artımın - əmanətlər və yığım sferasındakı kəskin disbalansın mövcudluğunu, inkişaf etmiş ölkələrdə real faiz dərəcələrinin mənfiliyini, maliyyə sektorunun tənzimlənməsində yeni maliyyə alətlərindən istifadənin zəifləməsini, həmçinin neftin qiymətinin onun istehsalçılarından asılı olmamağını, başqa sözlə, bu xammalın real hərəkətinə heç bir aidiyyatı olmayan brokerlərin başlarında formalaşdırılan törəmə maliyyə alətlərinin rolunun güclənməsini və s. də fundamental səbəblərə aid edirlər.
Böhranın spesifik səbəbləri arasında milli fond bazarlarının "rüşeym halında" olması, xaricdən korporativ satınalmaların artımı və ixrac strukturunun qeyri-səmərəliliyi və s. də vurğulanır. İxracda xammal və investisiya əmtəələrinin dominantlıq etməsi, ölkənin tədiyyə balansını diversifikasiya olunmuş iqtisadiyyatdakına nisbətən tsiklik tərəddüdlərdən daha sərt asılılığa salır. İdxalçı ölkələrdə artımın azalması isə xammal iqtisadiyyatının kəskin tormozlanmasına gətirib çıxarmağa qabildir.
Ümumiyyətlə, dünya iqtisadiyyatında baş verən böhran hallarını birmənalı qiymətləndirmək olmaz. Böhrandan uduzanlarla bərabər, müəyyən mənada qazananlar da oldu. Fikrimizcə, əsas nəticə odur ki, qloballaşma proseslərinin gücləndiyi şəraitdə milli iqtisadiyyatın sarsıntılara dözməsi üçün möhkəm zəmin yaradılmalıdır. Böhranı doğuran səbəblərin dərindən araşdırılması və onlara qarşı müvafiq tədbirlərin görülməsi - ölkəmizdə belə bir böhranın baş verməsi ehtimalına qarşı etibarlı sipər yaratmağa sözsüz ki, kömək edə bilər.
Bizi irəlidə dünyanın sosial-siyasi durumunda fövqəladə dərəcədə təhlükəli dövr gözləməsini də istisna etmək olmaz. Belə ki, son iyirmi ilin iqtisadi artımı və onun xarakterinin özü dünyanı nəhəng dərəcədə dəyişdirmişdir. OESR ölkələri və inkişaf edən ölkələrin çoxu hər 5-7 ildən bir baş verən kütləvi işsizliklə üzləşməmiş və hətta soyuq müharibəsiz, geniş büdcə imkanları şəraitində yaşamağa alışmış bütöv bir nəsil yetişmişdir. Böhranın sosial nəticələrinin əhali tərəfindən nə dərəcədə sərt müqavimətlə üzləşməsini biz son günlər Yunanıstanın timsalında da gördük. Bu bir daha onu göstərir ki, müasir dünyanın inkişafı prioritetlərinə həm dövlət, həm də əhali tərəfindən mahiyyətcə yenidən baxılmalı, böhran şəraitində yaşamanın ən vacib problemlərinin həllində dönüş yaratmaq üçün qarşılıqlı anlaşma olmalıdır.
Qloballaşma müasir dövrün obyektiv inkişaf prosesidir. Bu, transmilli və milli iqtisadi strukturların birgə fəaliyyəti və beynəlxalq ticarət əlaqələri və istehsal kooperasiyası ilə, başqa sözlə, dünya və milli bazarın, dünya və milli istehsalın optimal şəkildə əlaqələndirilməsini tələb edən inteqrasiya prosesləri ilə bağlıdır. Lakin bu prosesdə hər bir ölkənin milli xüsusiyyətləri, sənayenin inkişaf meylləri, dünya iqtisadiyyatına daxilolma imkanları nəzərə alınmalıdır. Burada ölkədaxili və ölkəxarici amillər, müxtəlif strateji istehsal, maliyyə, qiymət tənzimləmə mexanizmləri, rəqabətdə qeyri-bərabərlik halları, beynəlxalq ticarət təşkilatları və gömrük təşkilatlarının qoyduqları məhdudiyyətlər də öz təsirini göstərmiş olur.
Müasir dünyada qloballaşma proseslərin təsiri altında elə yeni dünya siyasəti və sistem formalaşır ki, onları hökmən milli iqtisadiyyatın təşəkkülü gedişində nəzərə almaq lazımdır. Birincisi, ayrı-ayrı ölkələrin daxili və xarici fəaliyyət mexanizmi arasındakı fərqlər getdikcə aradan qalxır, ikincisi, iqtisadi problemlərin həllində milli iqtisadi mühitə nisbətən geoiqtisadi mühit daha həlledici xarakter alır, üçüncüsü, dəyişən miqyaslar və tələblər şəraitində bir sox ölkələr özlərinin strateji milli maraqlarının reallaşdırılmasını dünyada qlobal sahibkar rolunu oynayan beynəlxalq maliyyə-kredit, bank strukturlarına, transmilli şirkətlərə həvalə edirlər. Bütün bunları nəzərə alaraq respublikamızda milli iqtisadiyyatı formalaşdırarkən elə obyektiv və çevik iqtisadi siyasət yeritmək lazımdır ki, o, qloballaşan dünyada qlobal-regional və milli səviyyədə baş verən proseslərə vaxtında uyğunlaşmağa və mənafelərin tarazlığının təmin olunmasına imkan versin.
İqtisadi qloballaşma prosesləri və parametrlərinin hərtərəfli təhlili və burada ölkələrarası ikitərəfli əlaqələrdə, habelə dünya iqtisadiyyatının müxtəlif sferalarında, ayrı-ayrı istiqamətlər üzrə, bütövlükdə dünya bazarında baş verə biləcək dəyişiklikləri əvvəlcədən görmək vacibdir. Qloballaşma prosesləri çoxcəhətli, mürəkkəb və ziddiyyətlidir. Ona görə də qloballaşma prosesləri həm əməkdaşlığı, həm də kəskin rəqabəti əhatə edən çoxsaylı problemləri özündə birləşdirir. Bu səbəbdən, qlobal bazarda üstünlük əldə etmək heç də asan olmur, bu obyektiv və subyektiv amillərlə şərtləşir. Məhz bu səbəbdən qlobal proseslərdə ölkələr, şirkətlər, alyanslar arasında iqtisadi mənafelərin düzgün əlaqələndirilməsi, gəlirlər və risklərin birgə həlli, rəqabətqabiliyyətli məhsul istehsalının potensial səviyyəsi, iqtisadi informasiyaların açıqlığı, iqtisadi əlaqələrdə sağlam oyun qaydalarının tətbiq edilməsi, diskriminasiya hallarının aradan qaldırılması və s. mühüm əhəmiyyət kəsb edir.
Aparıcı ölkələrin iqtisadiyyatında baş verən proseslər onların maliyyə bazarlarının indikatorlarında öz əksini tapmışdır. İl ərzində ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutalarına nəzərən əsasən bahalaşmaq istiqamətində dəyişmişdir. Belə ki, 2008-ci ilin yekunu üzrə ABŞ dollarının məzənnəsi avroya nəzərən 4.5%, rus rubluna nəzərən 20.3%, ingilis funt sterlinqinə nəzərən 35.8% bahalaşmış, İsveçrə frankına nəzərən 7%, yapon yeninə nəzərən isə 17.2% dəyərdən düşmüşdür. Qeyd edək ki, dövr ərzində Federal Ehtiyat Sistemi uçot dərəcəsini 6 dəfə dəyişərək 4.25%-dən 0.25%-ə endirmiş, Avropa Mərkəzi Bankı isə 3 dəfə dəyişərək 4%-dən 2.5 %-ə salmışdır.
İl ərzində əsas fond indekslərinin səviyyəsi azalmışdır. Belə ki, Nyu- York Fond Birjasında hərraca çıxarılan 30 ən iri sənaye şirkətinin orta qiymətini əks etdirən Dou Cons indeksi 33.9%, ABŞ-ın 100 ən iri yüksək texnoloji şirkətinin səhmlərinin qiymətləri əsasında hesablanmış Nasdaq indeksi 39.6%, Avropanın 100 ən iri şirkətinin səhmlərinin qiymətləri əsasında hesablanmış FTSE eurotop 100 indeksi 43.4%, Almaniya Fond Birjasında hərraca çıxarılan 100 ən iri şirkətin səhmlərinin orta qiyməti DAX indeksi 39.8%, Tokio Fond Birjasında hərraca çıxarılan 225 ən iri şirkətin səhmlərinin qiymətləri əsasında hesablanmış Nikkey indeksi isə 38.5% zəifləmişdir.
Böhranın ilk dövrlərində Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankı böhranın aradan qaldırılması üçün kommersiya banklarına külli miqdarda maliyyə dəstəyi versələr də lazımi nəticələr verməmişdir. Hətta Mərkəzi Bankın səlahiyyətləri genişləndirilmişdir. 8 noyabr 2008-ci ildə hökumət "Maliyyə sektorunda və iqtisadiyyatın ayrı-ayrı sahələrində vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş fəaliyyət planı"nı təsdiq etmişdir. Bu planda geniş həcmdə mallara gömrük rüsumlarının artırılması nəzərdə tutulmuş, biznesə olan vergilərin azaldılması təklif edilmişdir. 2008-ci ilin 1 dekabrından Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini 12 faizdən 13 faizə qaldırmışdır. Qiymətlər sentyabrda 5 faiz, oktyabrda isə 6,6 faiz aşağı düşmüşdür. Buna səbəb tələbin kəskin azalması olmuşdur.
Dünya bazarında neftin qiymətinin düşərək aşağı səviyyədə qalmasının davamlı xarakter alması dünyada ən böyük neft ixracatçılarından olan qonşu Rusiya Federasiyasının iqtisadiyyatına daha çox təsir göstərməkdədir. Böhran prosesində Rusiyada xarici valyuta ehtiyatları tədricən itirilməkdə davam edir. Rusiyada 2008-ci ilin avqust ayından, yəni böhran başlayandan 2009-cu ilin iyul ayınadək olan dövrdə valyuta ehtiyatları 32,6 faiz azalsa da (beynəlxalq ehtiyatlar 597 milyard dollardan 402 milyard dollara enmişdir) rublun dəyərini saxlamaq mümkün olmamış, dolların rublla məzənnəsi 23,45-dən 31,76-ya qalxmış, rubl təxminən 35,4 faiz dəyərdən düşmüşdür. Bu onu göstərir ki, qlobal maliyyə böhranı Rusiya iqtisadiyyatına güclü şəkildə təsir etmişdir.
Qazaxıstan isə valyuta ehtiyatlarının cəmi 5 faizini itirmiş (21 milyard dollardan 20 milyard dollara enmişdir), qazax tengesi 25 faiz dəyərdən düşmüşdür. Ümumiyyətlə, böhran MDB ölkələrinin demək olar ki, hamısına müxtəlif səviyyələrdə təsir etmişdir. ÜDM-in həcminin azalma səviyyəsinə görə ən çox ziyan çəkən ölkə Ukraynadır. Belə ki, BVF ekspertlərinin rəyinə görə, Ukraynada ÜDM-in həcmi 2009-cu ilin yekunlarına görə 14 faiz azalıb. Bu rəqəm Moldovada 7,5-8,5 faiz, Gürcüstanda 4,0 faiz, Qazaxıstanda 2,5 faiz, Rusiyada 8,5 faiz proqnozlaşdırılırdı.
Böhran Türkiyəyə də təsirini göstərmişdir. Bu, əsasən iqtisadi artımda, daxili istehsalda hiss olunur. Məlum olduğu kimi, Türkiyədə istehsal olunan məhsulların 60 faizə qədəri Avropa ölkələrinə ixrac olunur. Əgər mal satılan ölkələr sıxıntılı dönəm yaşayırsa, demək, onlara əvvəlki kimi məhsul ixrac etmək mümkün deyil. Bu səbəbdən, Türkiyədə işsizliyin səviyyəsi bir qədər artdı. Əgər əvvəllər Türkiyədə 100 nəfərdən 10-u özünə iş tapa bilmirdisə, qlobal iqtisadi böhrandan sonra bu rəqəm 13-ə yüksəldi. Böhrandan az zərərlə çıxmaq üçün Türkiyədə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir və onun bəzi müsbət nəticələri az da olsa, hiss olunur.
Türkiyə iqtisadiyyatı daha çox sənaye və turizmə bağlıdır. Təbii ki, Türkiyə iqtisadiyyatındakı geriləmə birinci növbədə sənaye sahələrini əhatə etmişdir. Turizmə gəldikdə isə əsasən avropalılar Türkiyədə istirahətə üstünlük verirlər. Amma bu böhran avropalılara daha çox təsir etdiyi üçün yəqin ki, bundan Türkiyənin turizm sektoru da zərər çəkəcəkdir.
Hazırda milli hakimiyyətlərin, iri biznesin və beynəlxalq təşkilatların dünya maliyyə və iqtisadi böhranı ilə mübarizə apardığı üç əsas sahə vardır:
- vacib kredit institutlarının dağılmasının "yumşaq milliləşdirmə"nin köməyi ilə aradan qaldırılması;
- əmanət təsisatlarına "əmanətçi hücumu"nun qarşısının alınması;
- dünya ticarətindəki proteksionizmin qarşısının alınması.
2008-ci ilin sonundan dünyanın əksər inkişaf etmiş ölkələrində (həmçinin Çində) iqtisadiyyatı vergiləri azaltmaq və büdcə xərclərini artırmaq, biznesə birbaşa kömək göstərmək (ABŞ-ın avtomobil sənayesi), ilkin proteksionist tədbirlər görmək (xüsusən Rusiyada) yolu ilə stimullaşdırmağa cəhdlər göstərilir. Hazırda böhran risklərinə və onların daha da böyüməsinə qarşı tədbirlərin beynəlxalq miqyasda koordinasiya olunmasına olduqca böyük tələbat mövcuddur. Ayrı-ayrı ölkələr müxtəlif siyasət yeritməklə, böhranın dəf edilməsində müxtəlif yanaşmaları dəstəkləyirlər. Bu isə böhranın yayılma sürətinə və miqyasına xeyli təsir göstərir.
Böhran dövründə çətinliklərlə üzləşən banklara aid tədbirlərin bir-birinə uyğunlaşdırılması da faydalı olardı. İndi aparıcı ölkələrin əsas səyləri böhranın təbiətini və onu dəfetmə yollarını eyni cür anlamağa əsaslanan qərarların işlənib-hazırlanmasına istiqamətlənmişdir. Belə mövqe - şəffaf tənzimləmə mexanizminə malik, aydın balanslaşdırılmış maliyyə sisteminin yaradılmasında maraqlı olan inkişaf edən ölkələrin də mənafeyinə uyğundur.
Böhranlar dövründə stimullaşdırıcı iqtisadi siyasətin həyata keçirilməsinin tarixi təcrübəsinin göstərdiyi kimi, əksər hallarda pul-kredit siyasəti tədbirləri - böyük operativliyi və nisbətən daha yüksək effektivliyi sayəsində böhranla mübarizədə əsas rol oynamışdır. Bu məqsədlə ayrı-ayrı ölkələrdə, xüsusən də iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə bir qədər məhdudiyyətlərlə diskresion-fiskal siyasət də istifadə oluna bilər.
Stimullaşdırıcı fiskal siyasət iqtisadiyyatı inkişaf edən ölkələrdə kəsirin və deməli, dövlət borcunun artmasına gətirib çıxarır. Əgər böhran dövründə vergilər aşağı salınmışsa və ya dövlət öz üzərinə yeni xərc öhdəlikləri götürmüşsə, onda hətta yüksəliş mərhələsinə keçilməsi zamanı belə dəyişiklikləri ləğv etmək hətta siyasi cəhətdən də çətin olur. Odur ki, siyasətin bu və ya digər stimullaşdırıcı tədbirləri barədə qərar qəbul edilən hallarda, hökumətin gələcəkdə onların aradan qaldırılması imkanlarını diqqətlə təhlil etməsi vacibdir. Antiböhran fiskal siyasətin ən səmərəli amillərindən biri - qəbul edilmiş qərarların (istər sosial dəstək, istərsə də real sektorun müəssisələrini stimullaşdırmaq tədbirləri) ünvanlılığıdır.
Son illərdə dünya iqtisadiyyatının inkişaf tendensiyalarından biri də beynəlxalq səviyyədə qeyri-sabit valyuta sisteminin mövcudluğudur. Beynəlxalq Valyuta Fondunun bütün cəhdlərinə baxmayaraq valyuta məzənnələrinin vaxtaşırı dəyişməsi, buna müvafiq olaraq da iqtisadiyyatda kəskin dəyişikliklərin baş verməsi müşahidə olunur. Fikrimizcə, böhran şəraitində bu gün dünyanın əsas valyutaları sayılan - dollar və avronun sabitləşməsinə də xüsusi diqqət yetirilməlidir. Yeni bir valyutanın meydana çıxması indiki beynəlxalq valyuta sistemini iflasa gətirib çıxara bilər. Məlum olduğu kimi son illər Rusiya, Çin və s. ölkələr özlərinin yaratdıqları bəzi regional ittifaqlar çərçivəsində milli valyutalarının belə rol oynamasına təşəbbüslər göstərməkdədirlər. Ayrı-ayrı ölkələrdə milli valyutaların sabitliyi təmin olunarsa, onda sabitləşdirmə problemlərinin regional səviyyədə həlli inflyasiyanın hədəflənməsindən daha asan olur. Məhz bu baxımdan, ayrı-ayrı region ölkələri arasındakı ittifaqlar (birliklər) yalnız iqtisadi prinsiplərə yox, həm də həmin ölkələrin təhlükəsizliyini təmin edəcək meyarlara söykənməlidir.
Antiböhran proqramlarının işlənib-hazırlanması zamanı böhranla mübarizədə toplanmış dünya təcrübəsini nəzərə almaq zəruridir. Bu, o deməkdir ki, yardım yalnız elə şirkət və banklara edilməlidir ki, onlar müvəqqəti çətinliklər çəkir, lakin tədiyə qabiliyyətini də saxlayır. Təcrübə sübut edir ki, müəssisə və banklara onların balanslarını nəzərə alınmadan dövlət dəstəyi verilməsi nə böhrandan çıxmağı sürətləndirir, nə də onun nəticələrini yumşaldır . Əksinə, seçimsiz siyasət cari böhranın itkilərini çoxaldır və gələcəkdə yeni böhranın meydana gəlməsi ehtimalını gücləndirir. Bundan savayı, göstərilən dəstəklərin dəyəri dövlət və xilas edilən şirkətlərin sahibləri arasında bölünməlidir. Əgər dövlət dəstəyi bütünlüklə öz üzərinə götürsə, onda bu halda o, vergi ödəyicilərinin vəsaitlərini şirkət sahiblərinə faktiki olaraq özünü doğrultmayacaq şəkildə verir.
Dövlət mülkiyyətinin maliyyə sektorunda payının dünya miqyasında artırılması haqqında məsələ ayrıca müzakirəyə layiqdir. Onun xeyli hissəsi antiböhran proqramları çərçivəsində xüsusi sahibkarlardan alınaraq dövlətin nəzarəti altına keçmişdir. İnkişaf etmiş ölkələrin çoxunda hökumətlər 2008-ci ilin sonuna yaxın maliyyə institutlarının ən iri mülkiyyətçisinə çevrilmişdir: bu sektorun təxminən dörddəbiri onların nəzarəti altına keçmişdir.
Beləliklə, dövlət sistem böhranı təhlükəsi yarananda, maliyyə sektorunun fəaliyyətinə daha aktiv qarışmağa məcburdur, amma o, bu mərhələdə yalnız ötəri təhlükələri dəf etmək barədə düşünməməli, həm də aparıcı rolun özəl sektora qaytarılmasının uzunmüddətli planına malik olmalıdır.

{nl}

(ardı var)

{nl}

 Tanrıverdi PAŞA, AMEA İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında