Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında böyük uğurlar əldə edilmişdir.
Hazırkı mərhələdə başlıca vəzifə qeyri-neft sektorunun həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının reallaşdırılmasından, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir...".
Azərbaycanda qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti qeyri-neft sektorunun, regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Azərbaycanda iş adamlarının fəaliyyətinə xüsusi diqqətlə yanaşılır, onların qarşılaşdıqları problemlərin həllinə mühüm önəm verilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların qeyri-neft sektorunun inkişafına yönəldilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına qeyri-neft sektoruna investisiyaların qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir.
İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında demişdir: "Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.Bu gün isə maliyyə imkanlarımız məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm də dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır".
Qeyri-neft sektorunun inkişafında dövlət əmlakının səmərəli idarə edilməsi də mühüm rol oynayır. Bununla əlaqədar 2010-cu ilin birinci yarısında dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət məqsədilə bir sıra zəruri işlər görülmüşdür. Bu işlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli müvafiq sərəncamına əsasən, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində səmərəliliyin artırılması məqsədi ilə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı, Almaniyanın KfW Bankı ilə birgə aidiyyəti tədbirlər həyata keçirilmişdir.
2010-cu ilin birinci yarısında 360 kiçik müəssisə və obyekt, habelə 260 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılmışdır. Səhmlərin satışı üzrə keçirilmiş 30-a yaxın hərracda 20-yə yaxın səhmdar cəmiyyətin səhmləri satılmışdır. 2010-cu ilin ilk altı ayında 3 səhmdar cəmiyyətin ("Məişət Malları", "Biləsuvar Quşçuluq" və "Masallı Konserv") səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilmiş və müsabiqələrin qalibi müəyyən edilmişdir.
Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 70-ə yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dividendlər ödənilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-iyun aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 18,9 milyon manat məbləğində investisiya qoyulmuşdur. Bu investisiyalar müəssisələrin istehsal potensialının daha da artırılması və genişləndirilməsi məqsədi ilə müasir avadanlıq və mütərəqqi texnologiyaların tətbiqi, habelə ekoloji problemlərin aradan qaldırılması və işçilərin sosial təminatının daha da yaxşılaşdırılmasına yönəlmişdir.
Hesabat dövründə dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarlaşdırma aktlarının alınması işləri həyata keçirilmişdir.
Hesabat dövründə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı"na uyğun olaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə müvafiq işlər görülmüşdür. Qeydiyyat prosesində vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə operativliyin təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirilmişdir.
Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi başa çatdırılmış, bu sistem daha da təkmilləşdirilmiş, əhaliyə xidmət göstərən ərazi idarələrinin maddi-texniki təminatı gücləndirilmişdir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilmiş, layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsinin vahid informasiya sisteminin qurulması, ölkə üzrə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması istiqamətində səmərəli işlər görülmüşdür.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi və KfW arasında Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində ekspert xidmətlərinin maliyyələşdirilməsi ilə bağlı Qrant Sazişi imzalanmışdır.
2010-cu ilin birinci yarısında respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bunlardan 9196-sı fərdi yaşayış və bağ evi, 18500-ü mənzil, 14802-si torpaq sahəsi, 2295-i qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binası, 397-si çoxillik əkmə təşkil etmişdir.
"Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli fərmanına əsasən bələdiyyələrin xəritələrinin hazırlanması üzrə işlər davam etdirilmişdir.
Ölkə ərazisində daşınmaz əmlakın vahid kadastrının, habelə ünvan reyestrinin tərtibi, aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi işinin daha da təkmilləşdirilməsi, ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan müvafiq icra hakimiyyəti orqanlarının işinin əlaqələndirilməsi istiqamətində də işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlara çıxarışların verilməsi istiqamətində işlər görülmüşdür.
Bununla yanaşı, qabaqcıl informasiya-kommunikasiya texnologiyalardan istifadə edilməklə müasir şəraitə uyğunlaşdırılmış respublikanın Daşınmaz Əmlakının Milli Qeydiyyat Sisteminin, habelə dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin inkişafı ilə bağlı zəruri işlər görülmüşdür. Belə ki, ölkə üzrə daşınmaz əmlaka dair vahid məlumat bazasının yaradılması, bu sahədə əldə edilmiş informasiyaların ümumiləşdirilməsi, emalı və təhlil edilməsi, habelə daşınmaz əmlakla bağlı müqayisəli, analitik və statistik materialların hazırlanması işi davam etdirilmişdir.
2010-cu ilin ilk yarısında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər də diqqət mərkəzində saxlanılmışdır.
BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) dəstəyi ilə "Daşınmaz əmlakın idarə olunmasında səmərəlilik və şəffaflıq", "Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi", Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə "Daşınmaz əmlakın kadastrı və qeydiyyatı" mövzularında seminarlar keçirilmişdir.
Dövlət əmlakının özəlləşdirilməsində, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı prosesində şəffaflığın təmin edilməsinə, idarəetmə proseslərinin avtomatlaşdırılmasına da mühüm əhəmiyyət verilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.