Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində dekabrın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə birinci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, neft-kimya, tikinti, qida, təhsil, ticarət, İKT, maliyyə və digər sahələri təmsil edən 100-dən çox şirkətin nümayəndələri iştirak etmişlər. Forumdan əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgiyə baxmışlar.
Nümayəndə heyətinə ölkəmizin iqtisadiyyatı, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilmiş, həmçinin Azərbaycan haqqında videoçarx nümayiş olunmuşdur.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulamışdır. Biznes forumun iş adamları tərəfindən maraqla qarşılandığını qeyd edən nazir Şahin Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Qeyd edilmişdir ki, hazırda iki ölkə arasında mehriban dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın inkişafını və onun hüquqi bazasının formalaşdırılmasını təmin edir. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiya sahəsində əməkdaşlığa dair 10-dan çox sənəd imzalanmışdır.
Məlumat verilmişdir ki, biznes əlaqələri üçün vacib olan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş də artıq razılaşdırılmışdır və imzalanmaya hazırdır. Hazırda ölkəmizdə ticarət, sənaye, xidmət, bank və sığorta sahəsində Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırılmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafında növbəti iclası dekabrın 11-də Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verən nazir Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit məkan, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafının daim diqqət mərkəzində saxlanılması investisiya cəlbediciliyini artıran amillərdəndir. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür etmiş, ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından razı qaldığını vurğulamışdır. O, Azərbaycanda müşahidə edilən dinamik iqtisadi artımın əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu baxımından faydalı olduğunu diqqətə çatdırmışdır. Səudiyyə Ərəbistanının Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən qonaq ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıqdan da söz açmışdır. Bildirilmişdir ki, iqtisadi sahədə, xüsusilə də investisiya sahəsində imzalanmış sənədlər iş adamları arasında əlaqələrin inkişafı baxımından faydalıdır. Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri ölkəsinin iqtisadiyyatı barədə də məlumat vermiş, azərbaycanlı iş adamlarını Səudiyyə Ərəbistanına dəvət etmişdir.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Muhammad Al-Başir ölkəsinin iqtisadiyyatına, “Azersun Holdinq” şirkətinin baş direktoru Savaş Uzan isə şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə yol açan ikitərəfli görüşlərlə başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.