Ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb

{nl}

Müasir mərhələdə dünyanın ərzaq bazarında təhlükəsiz və keyfiyyətli məhsullara tələbat getdikcə artmaqdadır. Bunu nəzərə alaraq ölkəmizdə milli istehsalın səviyyəsinin həm keyfiyyət, həm də kəmiyyətcə artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması əsas hədəf kimi qarşıya qoyulmuşdur. Azərbaycanın mövcud kənd təsərrüfatı potensialı imkan verir ki, milli istehsal beynəlxalq standartların tələblərinə uyğunlaşdırılsın və qlobal ərzaq bazarı bu seqmentində özünəməxsus yer tutsun. Azərbaycanın inkişaf etmiş və rəqabətqabiliyyətli kənd təsərrüfatı sisteminin yaradılması üçün əlverişli imkanları vardır.
Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün çeşidləmə, qablaşdırma, saxlama, reklam, nəqliyyat məsələləri həll olunmalı, istehsala və ixraca stimul yaradan məsələlər həll edilməlidir. Ölkədə bəzi kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin olmaması və bəzilərinin də müasir tələblərə cavab verməməsi kənd təsərrüfatı məhsulları istehsalının artım səviyyəsinin ləngiməsinə, məhsulların müəyyən hissəsinin itkisinə səbəb olur, istehlakçıların çeşidli yerli məhsullarla təminatına mənfi təsir göstərir.
Xüsusilə, qış aylarında ölkəmizə idxal edilən meyvə-tərəvəz məhsullarının xarici ölkələrdəki soyuducu anbarlarda bir neçə ay saxlandığı və sonra yüksək qiymətlə ölkəmizə gətirildiyi bir həqiqətdir. Azərbaycanda istehsal olunan meyvə-tərəvəz qış aylarında da əhalinin istehlak səviyyəsinin ödənilməsi üçün kifayət qədərdir. Ancaq bu məhsullar yay və payız mövsümlərindən etibarən uyğun şəraitdə saxlanılmalıdır. Bu isə müasir tələblərə cavab verən soyuducu anbar kompleksləri sayəsində mümkündür.
Respublikamızda adambaşına il ərzində 71 kq meyvə və giləmeyvə istehlak edildiyi halda, dünyanın əksər inkişaf etmiş ölkələrində bu göstərici 190 kq-a çatır. İnkişaf etmiş ölkələrdə göstəricilərin belə yüksək olmasının əsas səbəblərindən biri də onların ilboyu meyvə və giləmeyvə ilə təmin oluna bilmək imkanıdır. Bu imkanı da heç şübhəsiz, həmin ölkələrdə olan on minlərlə iri tutumlu soyuducu anbar kompleksləri yaradır.
İxracatçı müəssisələr əsasən ilin isti aylarında meyvə-tərəvəzin uyğun şəraitdə saxlanması problemi ilə üzləşirlər. Onlar əllərində olan faraş meyvə-tərəvəzi uyğun şəraitdə saxlaya bilmədiklərinə görə xarici ölkələrə ucuz qiymətə satırlar. Bununla yanaşı, meyvə-tərəvəz istehsalçıları məhsulların xarab olmasından çəkinərək öz məhsullarına qiymət güzəştləri edirlər ki, bu da onların ucuz satılmasına gətirib çıxarır. Nəticədə həmin məhsulların istehsalına maraq azalır, istehsal səviyyəsi aşağı düşür, ixrac imkanları zəifləyir və mənfəət götürmək imkanları məhdudlaşır. Ona görə də ölkədə bu sahədə həyata keçirilən tədbirlər səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəldilmişdir.
Respublikanın iqtisadi rayonlarında ixraca və daxili bazarda etibarlı meyvə təminatına dəstək vermək məqsədilə görülən tədbirlər həm ölkəmizə daxil olan valyutanın artımına, həm də əhalinin rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaqdır. Bu məsələdə soyuducu anbar komplekslərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Soyuducu anbarlar sadəcə ixracatçıların deyil, eyni zamanda, Azərbaycan daxilində məhsul satan iş adamlarının da istifadə edə biləcəyi müəssisələrdir.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın regionlarında meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması üçün müasir soyuducu anbarların, taxıl məhsullarının təmizlənməsi və saxlanılması üzrə müasir anbar komplekslərinin yaradılması ilə əlaqədar verdiyi göstərişə uyğun olaraq regionlarında bu istiqamətdə tikinti-quraşdırma işlərinə start verilmişdir. Bununla əlaqədar İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il rayonlarda hər birinin tutumu 2 min ton olan meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması üçün müasir soyuducu anbar və hər birinin tutumu 10 min ton olan taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün müasir anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır. Bu məqsədlə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu ilə bağlı kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Sahibkarlar üçün yaradılan bu əlverişli imkandan yararlanmaq məqsədilə biz də 5 min ton tutumu olan soyuducu anbar kompleksinin tikintisi üzrə investisiya layihəsi hazırlayaraq Sahibkarlığa Kömək Milli Fonduna müraciət etdik. Fonda təqdim olunmuş layihənin reallaşdırılması məqsədilə güzəştli kredit vəsaitinin ayrılması barədə müsbət qərar qəbul olundu. Qısa müddətdə layihənin icrasına başladıq. Artıq soyuducu anbar kompleksi üzrə tikinti-quraşdırma işləri başa çatdırılmış, müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı çıxışında regionlarda soyuducu kameraların, taxılın təmizlənməsi və saxlanması üzrə komplekslərin yaradılması məsələsinə toxunaraq demişdir: "2009-cu ildə kənd təsərrüfatının inkişafında önəmli addımlar atılmışdır. 2010-cu ildə bütün müsbət meyillər davam etməlidir. Həm kreditlər, həm "Aqrolizinq"in xətti ilə alınan texnikalar, gübrələr, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Yəni, bu iki istiqamət 2009-cu ildə cox sürətlə inkişaf etdi. Bu il də bu, davam etməlidir".
Cənab Prezidentin bu sözləri bir daha onun sübut edir ki, respublikada soyuducu və taxıl anbarı komplekslərinin tikilməsi vacibdir və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
Müəssisəmizin fəaliyyət göstərdiyi Aran iqtisadi regionu mühüm kənd təsərrüfatı rayonudur. Burada kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılq bu regionda kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Ölkədə istehsal olunan meyvə və üzümün 26 faizi Aran iqtisadi rayonunun payına düşür.
Müəssisəmiz 2005-ci ildə yaradılmışdır və əsas fəaliyyət sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və satışından ibarətdir. MMC fəaliyyət göstərdiyi müddət ərzində Salyan rayonunun Xələc, Yenikənd və Həsənli ərazi vahidliklərində Sahibkarlığa Kömək Milli Fondunun 1 milyon manat güzəştli kredit vəsaiti hesabına ümumi sahəsi 287 hektar olan meyvə bağları salmış və əkin işləri həyata keçirmişdir. 2008-ci ildə meyvə və tərəvəz məhsullarının qablaşdırılması üçün polipropilen yeşik (5-10 kq-lıq) istehsalını təşkil etmişik. Hazırda MMC-nin 113 hektar üzüm, 78 hektar nar, 5 hektar ərik, 6 hektar gilas, 10 hektar şabloy və 10 hektar kivi bağları, 30 hektar buğda, 45 hektar yonca sahəsi var.
Bununla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun 2,5 milyon manat güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 5 min ton olan soyuducu anbar kompleksi tikilmiş və müasir tələblərə cavab verən avadanlıqlarla (Almaniya və İtaliya istehsalı) təchiz olunmuşdur. Layihə çərçivəsində 39 nəfər işlə təmin edilmişdir. Layihə çərçivəsində soyuducu anbar kompleksinin tərkibində meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması üçün yardımçı sexlərin də tikilməsi nəzərdə tutulmuşdur.
Layihənin reallaşdırılması MMC-nin və ümumiyyətlə, regionun iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olacaqdır.
İstismara veriləcək meyvə-tərəvəz anbarı MMC-nin daxili imkanlarını genişləndirməyə, mövcud bağ sahələrindən yığılmış məhsulları uzun müddət faraş saxlamağa və əhalinin bu məhsullarla təmin edilməsinə və ixrac olunmasına şərait yaradacaq.
Soyuducu anbar kompleksi magistral nəqliyyat yollarının yaxınlığında yerləşir. Bu anbarın işə salınması həm MMC-yə, həm də regiondakı digər kənd təsərrüfatı məhsulları istehsalçılarına öz fəaliyyətlərini genişləndirməyə imkan verəcək.
Regionda fəaliyyət göstərən meyvə-tərəvəz istehsalçıları öz məhsullarının topdansatışını reallaşdıra biləcəklər ki, bu da onların məsrəflərinin azalmasına səbəb olacaq. İxracatçı müəssisələr də soyuducu anbar kompleksinin xidmətlərindən istifadə etməklə məhsullarını daha əlverişli qiymətlərlə xarici bazarlara çıxara biləcəklər.
Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, alça, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi qərarını vermişdir. Artıq meyvə emalı müəssisəsinin yaradılması üzrə layihələndirmə işlərinə başlanılmışdır. Biz də meyvə emalı müəssisəsinin yaradılması üzrə investisiya layihəsində iştirak etmək fikrindəyik, tezliklə layihə sənədlərini hazırlayıb Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitinin alınması üçün müvəkkil kredit təşkilatına təqdim edəcəyik.
Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, dövlət başçısının respublikada sahibkarlığın inkişafını ən yüksək səviyyədə dəstəkləməsi biz sahibkarları öz fəaliyyətimizdə daha da məsuliyyətli olmağa və onu genişləndirməyə həvəsləndirir. Dövlətin güzəştli kreditlərindən faydalanan və bu kreditlər hesabına iri infrastruktur layihəsini reallaşdıran bir sahibkar kimi regionumuzun iş adamları adından bizə yaradılan bu münbit şəraitə görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qayğıya əməli işimizlə cavab verəcək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

{nl}

Ələddin FƏRƏCOV, Salyan rayonunda fəaliyyət göstərən "Ələddin Fermer" MMC-nin direktoru

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında