Azərbaycan və Çin arasında növbəti texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanmışdır

 Dekabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuinin görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın inkişafı məqsədi ilə Çin hökumətinin Azərbaycana 30 milyon yuan (4.477.611 ABŞ dolları) məbləğində növbəti qrant yardımının ayrılması ilə bağlı texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanmışdır. Sayca 10-cu olan bu saziş Azərbaycana Çin istehsalı olan müxtəlif təyinatlı texnikanın gətirilməsini nəzərdə tutur.

Danışıqlar zamanı Baş nazirin müavini Abid Şərifov iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmiş, qarşılıqlı ticarət dövriyyəsinin artdığını vurğulamışdır. O qeyd etmişdir ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 900 milyon dollardan artıq olmuşdur. Baş nazirin müavinin demişdir: “Bu göstəricini daha da artırmaq üçün hər iki ölkənin böyük potensialı vardır. Azərbaycanda bir sıra Çin şirkətləri uğurla fəaliyyət göstərir və iqtisadi əlaqələr inkişaf edir”.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimiz arasında münasibətlərin sıx dostluq və tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd etmişdir. Səfir demişdir ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmindən artıqdır. Diplomat belə müsbət göstəricilərin ölkələrimizin əlaqələri üçün daha geniş perspektivlər açdığını demişdir.

Bu günə qədər Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında ümumi məbləği 245 milyon Çin yuanı (36.567.164 ABŞ dolları) olan 9 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanmışdır. Bu sazişlər çərçivəsində 2012-ci ildə Azərbaycana Çin istehsalı olan kommunal təyinatlı 160-dan artıq texnika gətirilmişdir. Hazırda tikinti sahəsində istifadə etmək üçün 155 ədəd texnikanın ölkəmizə gətirilməsi məqsədi ilə danışıqlar aparılır. Eyni zamanda, Azərbaycan əlavə olaraq kommunal təyinatlı 50 texnikanın alınması üçün Çin hökumətinə müraciət etmişdir. Bundan əlavə, iki ölkə arasında imzalanmış texniki-iqtisadi sazişlər çərçivəsində “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-nin toxumçuluq təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üçün tələb olunan maşın, aqreqat və avadanlığın alınaraq muxtar respublikaya çatdırılması məsələsi ilə bağlı müzakirələr aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında