Prezident İlham ƏLİYEV: 2010-cu ildə müsbət meyillər davam etmişdir, iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var

Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatı öz inkişaf meyillərini qoruyub saxlamışdır. Ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi indikator olan ümumi daxili məhsul (ÜDM) istehsalı 3,7 faiz artmışdır. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi tikintidə, 3,4 faizi aqrar kompleksdə yaradılmışdır. Altı ayda adambaşına düşən ümumi daxili məhsulun həcmi 2,5 faiz artaraq 2210,6 manat olmuşdur. Ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi əhalinin banklardakı əmanət və depozitlərinin həcminin də yüksəlməsinə imkan yaratmışdır. İlin birinci yarısında vətəndaşların banklardakı əmanətlərinin məbləği 2,5 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz artmışdır.
2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215 manata) çatmışdır. Gəlirlərin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artmışdır.
Bu ilin birinci yarısında daxili və xarici maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 3,8 milyard dollar həcmində investisiya qoyulmuşdur. Xarici investisiyaların strukturunda Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, Fransa və Cənubi Koreyanın yönəltdiyi vəsaitlər əsas üstünlüyə malikdir.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan vermişdir. Dövlət Proqramı çərçivəsində yeni obyektlər işə salınmış, yeni iş yerlərinin açılması geniş vüsət almışdır. Belə ki, bu ilin birinci yarısında Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik avtomobil zavodu, Lənkəran rayonunda konserv zavodu, çay və dondurma fabrikləri, Cəlilabad rayonunda şərab istehsalı sexi və Göytəpə su anbarı, Biləsuvar rayonunda konserv zavodu, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ rayonunda "Gilan" piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, avtovağzal binası, ölkənin müxtəlif bölgələrində 123,4 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 705,5 min kvadratmetr olan yeni yaşayış evləri, 135 çaprayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 260 şagird yerlik ümumtəhsil məktəbi, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Ağdaş və Göyçay rayonlarında olimpiya idman kompleksləri, Cəlilabad rayonunda Müalicə-Diaqnostika Mərkəzi və şahmat məktəbi, Biləsuvar rayonunda Regional Ana və Uşaq Mərkəzi, Bakı şəhərində "Dalğa Plaza" iş və sərgi mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələ rayonunda "Qafqaz Resort" mehmanxanası və "Fitnes" Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
Ümumiyyətlə, ilin əvvəlindən inşaat kompleksində 3,8 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 65,9 faizi və ya 2,5 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2009-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 10,9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78,7 faizini və ya 3 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 5,9 faiz artmışdır.
2010-cu ilin birinci yarısında təbiəti mühafizə obyektlərinin inşasına 62,4 milyon manat məbləğində investisiya yönəldilmiş, onun 44,6 milyon manatı su mənbələrinin mühafizəsinə və istifadəsinə, 17, 8 milyon manatı torpaqların mühafizəsinə və səmərəli istifadəsinə sərf edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə maliyyə və bank bazarının inkişafında hökumətin banklara dəstək siyasəti də müstəsna rol oynayıb. Azərbaycan hökuməti hələ postböhran dövründə bankların kifayət qədər pul bazasına malik olması, eləcə də onların likvid fəaliyyət göstərməsi üçün Mərkəzi Bankın daxili resurslarından istifadə edərək bankların pul bazasının möhkəmlənməsinə yardım edib. Hökumətin bu strateji planı bankların likvidliyinin artmasına səbəb olub və iqtisadiyyatın kreditlərlə təmin edilməsinə impuls verib. Bu siyasət, eyni zamanda, iqtisadiyyatda dinamizmin yüksəlməsinə zəmin yaradıb. Nəticədə bu ilin altı ayında real sektorun bütün bölmələrinin maliyyə vəsaitləri ilə kifayət qədər "qidalanması" ümumi iqtisadi inkişafı stimullaşdırıb. Xüsusilə də qeyri-neft sektorunda pozitivlik artıb. Yeri gəlmişkən, hökumətin dəstək siyasətinin bir istiqaməti də tikinti- ipoteka bazarının canlanmasına yönəlib ki, bu da öz effektiv təsirini göstərmiş olub.
Bank sistemində pozitiv meyillər vətəndaşların banklara qoyduğu əmanət portfelinin ümumi həcminin artmasında da mühüm rol oynayıb. 2009-cu ildə əhalinin banklardakı depozit və əmanətlərin ümumi həcmi 2008-ci illə müqayisədə 24 faiz yüksəlib. Ötən il ümumilikdə vətəndaşların banklara yerləşdirdiyi əmanətlərin həcmi 4,5 milyard manat təşkil edib.
Cari ilin iyun ayının 1-i vəziyyətinə isə ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz və ya 2,4 milyard manat artaraq 8,7 milyard manat təşkil etmişdir. Kreditlərin 46 faizi dövlət, 51,9 faizi özəl banklar, 2,1 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən təqdim edilmişdir. Verilmiş kreditlərin 73,1 faizi uzunmüddətli olmuş, 4,4 faizinin isə ödənilmə vaxtı keçmişdir.
2010-cu ilin birinci yarısında bank sistemində həyata keçirilən əsas istiqamətlər isə bu sektorda maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin artırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, risk potensialının artırılması ilə bağlı olmuşdur. Mərkəzi Bankın hələ bu ilin əvvəlində ölkəmizin pul-kredit siyasətinin başlıca istiqamətlərinə dair bəyanatında da qeyd olunub ki, bu il iqtisadiyyatın kapitalizasiya tələbatına uyğun olaraq maliyyə resurslarına çıxışın yeni mexanizmlərinin təşviqi təmin ediləcək. Xüsusilə də regionlarda bu prosesin sürətlənməsinə diqqət veriləcək.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında