(əvvəli qəzetin 1 dekabr 2013-cü il tarixli sayında)
Nazirliyin fəal iştirak etdiyi beynəlxalq əməkdaşlıq proqramlarından biri də üzv dövlətləri Azərbaycanla yanaşı Əfqanıstan, Pakistan, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan dövlətləri ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramıdır.
2012-ci ilin may ayında Proqrama üzv ölkələrin Enerji sektoru üzrə Koordinasiya Komitəsinin Bakıda keçirilən 10-cu iclasında nazirliyin təklifi ilə enerji səmərəliliyi, təmiz inkişaf mexanizmi, enerji sistemlərinin idarə olunmasında proqram təminatına dəstək verilməsi kimi məsələlər Energetika üzrə Koordinasiya Komitəsinin növbəti iki il üzrə fəaliyyət planına daxil edilmiş və bu istiqamətdə işlərə başlanılmışdır.
Enerji sektorunun aparıcı qüvvəsi olan ARDNŞ hazırda 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini layiqincə təmsil edir və onun fəaliyyəti ölkə hüdüdlarından kənara da müvəffəqiyyətlə inteqrasiya etməkdədir. Bu gün ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəlik fəaliyyət göstərməkdədir. 1995-2013-cü illər ərzində həmin sazişlər çərçivəsində Azərbaycanın neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur və proqnozlara görə bu sazişlər üzrə ümumi sərmayə qoyuluşu perspektivdə 60 milyard ABŞ dollarına çatacaqdır.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.
Bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətə çevrilmiş və özünə dünya enerji sektorunda layiqli yer tutmuş ARDNŞ Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi olan “PetkimPetrokimyaHoldinq A.Ş.”-nin səhmlərinin yetmiş faizinə sahib törəmə şirkəti olan “SOCAR Turkey Enerji A.Ş”-nin uğurlu idarəçiliyi sayəsində Türkiyənin termoplastik məhsullar bazarının tələbatının 25 faizini ödəyir, gələcəkdə isə istehsal potensialının təxminən iki dəfə artırılaraq 6 milyon tona çatdırılması və təchizat səviyyəsinin 40 faizə qaldırılacağı planlaşdırılır.
ARDNŞ özünün törəmə şirkətləri vasitəsilə Gürcüstan Respublikası ərazisində neft və təbii qazla bağlı olan və Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən regional əhəmiyyətli layihələr həyata keçirir. Onun tərəfindən Azərbaycanın neft məhsullarının Gürcüstan bazarında satışının təşkili məqsədilə “SOCAR Energy Georgiya Holding” təsis olunmuş, “SOCAR Georgiya Petroleum” törəmə şirkəti yaradılmış, Azərbaycan və Mərkəzi Asiya mənşəli neft məhsullarının Avropaya ixracına şərait yaradılması üçün Gürcüstanın Qara dəniz sahilində illik neftaşırma imkanı 10 milyon ton olan (gələcəkdə 20 milyon tona çatdırılacaq) Kulevi neft və neft məhsulları terminalı tikilib istifadəyə verilmiş, Gürcüstan Respublikasının qaz təchizatı sisteminin idarəçiliyə götürülməsi məqsədilə “SOCAR Georgiya Gaz” törəmə şirkəti yaradılmış, onların fəaliyyəti təşkil edilmiş və ötən il Külevi terminalında propilenin qəbulu və yüklənməsi üçün yeni bir kompleks tikilərək istifadəyə verilmişdir.
Əsas fəaliyyəti yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və digər neft məhsullarının topdansatışını həyata keçirmək olan “SOCAR Energy Ukraine” MMC-nin hazırda Kiyev, Lvov, Odessa və Xarkov şəhərlərində 4 neft bazası və 40-a qədər yanacaqdoldurma məntəqəsi istismardadır.
2011-ci ildə təsis edilmiş “SOCAR PETROLEUM SA” şirkəti isə ona məxsus olan iki neft bazası və çoxsaylı yanacaqdoldurma məntəqələri vasitəsilə Rumıniya əhalisini Avropa standartlarına uyğun neft məhsulları və qaz yanacaqları ilə təmin edir.
Azərbaycanın tarixində ilk treyder şirkəti olan və ölkəmizə məxsus neft və neft məhsullarının son istehlakçılara birbaşa satışını təşkil edən və artıq beynəlxalq nüfuz qazanmış “SOCAR Trading” şirkəti fəaliyyət dairəsini genişləndirmiş, Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Moskva və Qahirədəki ofisləri vasitəsilə dünya xam neft və neft məhsulları bazarında özünə mühüm yer tutmuşdur. Hazırda Azərbaycan nefti İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla dünyanın 24 ölkəsinə ixrac edilir, Gürcüstan, Türkiyə, Rusiya, İran və reeksport yolu ilə Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadırlar.
Ölkəmizin davamlı inkişaf yolunda olan elektroenergetika sektorunda da beynəlxalq əlaqələr genişlənməkdədir. Elektroenergetika sisteminin generasiya gücü 18 yeni elektrik stansiyasının tikintisi hesabına 2122 MVt artaraq 7282 MVt-a çatdırılmış və nəticə etibarı ilə son on ildə energetika sisteminin generasiya gücü 40 faiz artmış və yenilənmiş, ötürücü sistemin yenidən qurulması, yanacaq sərfiyyatının və itkilərin azaldılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Bu işlərin yerinə yetirilməsində və elektrik enerjisinin ötürücü sisteminin bərpası, mövcud elektrik verilişi xətlərinin yenidən qurulması və yenilərinin tikintisi, Azərbaycan istilik-elektrik stansiyasının və Mingəçevir su elektrik stansiyaları silsiləsinin yenidən qurulması, Cənub enerji qovşağının, Sumqayıt İES-in, Şimal ES-in tikintiləri və digər bu kimi layihələrin həyata keçirilməsində “Azərenerji” ASC Qərbi Avropa, ABŞ, Çin Xalq Respublikası və Yaponiya dövlətlərinin dünya miqyasında tanınmış olan beynəlxalq səviyyəli “Alstom Grid”, BHEL, ABB, CNEEC, AREVA, General Electric, Siemens, Atlas Copco, Toyo Engineering Corporation və Mitsubishi Heavy İndustries kimi şirkətləri ilə səmərəli əməkdaşlıq etmiş və elektrik enerjisinin mübadiləsi və ixracı üzrə qonşu dövlətlər olan Gürcüstan, Türkiyə, Rusiya və İranın aidiyyatı şirkətləri ilə işgüzar əlaqələr qurmuşdur.
Azərbaycan və Rusiya enerji sistemləri vahid sinxron zonada paralel iş rejimində fəaliyyət göstərirlər və hazırda ölkələrimiz arasında elektrik enerjisi dəhlizinin texniki imkanlarının mövcud 350 MVt-dan 700 MVt-a qədər artırılması üzrə işlər aparılmaqdadır. Bu məqsədlə 6 iyun 2013-cü il tarixində keçirilən “IV Rusiya-Azərbaycan regionlararası forum” çərçivəsində Azərbaycanın Energetika naziri Natiq Əliyev və Rusiyanın energetika nazirinin müavini Anton İnyutsın tərəfindən “Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Rusiya Federasiyasının Vahid enerji sistemi ilə Azərbaycan Respublikasının enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanmışdır.
Elektrik enerjisinin ixracı üzrə regional əməkdaşlıq çərçivəsində həyata keçirilən ən əsas layihələrdən birinin də başa çatdırılması 2013-cü ilin sonuna planlaşdırılan və ölkələrimiz arasında yüksək gərginlikli elektrik verilişi xətlərinin birləşdirilməsini nəzərdə tutan “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsidir. Artıq tərəflər arasında tranzit şərtləri barədə razılaşma əldə edilmişdir və yaxın zamanlarda respublikamızdan Türkiyəyə elektrik enerjisinin tranziti üzrə müqavilə imzalanacaqdır.
Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilsin. Bu potensial nəzərə alınaraq bərpa olunan enerji mənbələrindən istifadə olunması dövlətimizin hazırda enerji siyasətinin prioritetlərindən birinə çevrilmişdir və bu sahəyə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərilməkdədir. Məsələnin böyük iqtisadi və ekoloji əhəmiyyəti nəzərə alınaraq 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı” qəbul edilmiş, onun icrasının təşkili və bu sahədə dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Hazırda Agentlik tərəfindən ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadə üzrə 2020-ci ilədək dövrü əhatə edən və bu sahədəki hədəflərimizi müəyyənləşdirən Dövlət Strategiyasının layihəsi hazırlanmış və Hökumətə təqdim edilmişdir.
Qısa zaman kəsiyində Agentlik tərəfindən bu sahədə qabaqcıl təcrübə və texnologiyalara malik Almaniya, Norveç, İsveçrə, Yunanıstan və digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlıq çərçivəsində əhəmiyyətli işlər görülmüş və bir sıra layihələr həyata keçirilmişdir.
Ölkə ərazisində bərpa olunan enerji mənbələri potensialının müəyyənləşdirilməsi və müvafiq kadastrların hazırlanması məqsədilə müşahidə-ölçü stansiyaları quraşdırılmış, Qobustan eksperimental poliqonu və tədris mərkəzində gücü 5,5 MVt olan hibrid elektrik stansiyası tikilmiş, Sumqayıtda gücü 30,0 MVt olan günəş panellərinin istehsalı müəssisəsi isrismara verilmiş, bir sıra sosial təyinatlı obyektlərin bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təchizatı layihələri həyata keçirilmişdir, enerji qənaətli lampaların istehsalı zavodunun tikintisi isə başa çatmaq üzrədir. Bu günlərdə Qobustan Hibrid Stansiyasında istehsal olunan ilk 1,0 milyon kvt.saat elektrik enerjisinin ümumi enerji sistemə ötürülməsi təntənəli bir hadisə kimi qeyd olunmuşdur.
Göründüyü kimi, artıq bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də önəmli addımlar atılmaqda və səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilməkdədir. Bu sahədə qarşımızda duran ən vacib vəzifə sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanunların qəbul edilməsi, cəlbedici investisiya mühitinin yaradılması və maliyyə stimullaşdırıcı mexanizmlərin tətbiqi ilə özəl sektorun bu işlərə marağının artırılmasından ibarətdir və hazırda bu istiqamətdə məqsədyönlü işlər aparılmaqdadır.
Energetika sektorunda beynəlxalq əməkdaşlığın möhkəm hüquqi əsasları vardır və bu əməkdaşlığın inkişafında Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişin(TƏS), Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Avropa İttifaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarı, 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış və əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyinə, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsinə, enerjidən səmərəli istifadəyə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəyə nail olmaq olan “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2009-cu ildə Avropa İttifaqı tərəfindən irəli sürülən və Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsü və 2012-ci ilin yanvar ayında Avropa Komissiyasının prezidenti cənab Joze Manuel Barozzonun ölkəmizə səfəri zamanı imzalanmış və enerji sahəsində əməkdaşlığın hər iki tərəf üçün prioritet sahə olduğunu bir daha təsdiq edən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” kimi direktiv sənədlərin böyük rolu olmuşdur.
Göstərilənlər ona dəlalət edir ki, müstəqil Azərbaycanın Avropaya, ümumiyyətlə Qərbə inteqrasiyası ölkənin xarici siyasətinin prioritetinə çevrilmişdir, enerji sektorunda beynəlxalq əməkdaşlıq dövlətçiliyimizin möhkəmlənməsinə və xalqın rifah halının yaxşılaşmasına yönəlmiş və uğurla həyata keçirilməkdə olan, eyni zamanda respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqinə şərait yaratmış, respublikamızda makroiqtisadi sabitliyə nail olunmasının və iqtisadiyyatımızın davamlı inkişafının təməlini qoymuş məqsədyönlü siyasətə əsaslanmışdır və bu əməkdaşlıq davamlı inkişafdadır.
Dünya siyasətində söz sahibi olan böyük dövlətlərin Azərbaycanı özlərinin ən etibarlı tərəfdaşı hesab etməsi təsadüfi deyildir. Belə münasibət Prezident İlham Əliyevin son on il ərzində yürütdüyü uğurlu xarici siyasətin, enerji sektorunda qurduğu beynəlxalq əməkdaşlığın və atdığı cəsarətli addımların məntiqi nəticəsidir. Onun qeyd etdiyi kimi, bu gün enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivədən çıxıb. Bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı və ciddi bir tərəfdaş kimi tanınır. Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır və dünyanın enerji xəritəsində müsbət dəyişikliklərə səbəb olur.
Müdrik və uzaqgörən xalqımız öz xoşbəxt gələcəyini bu günkü siyasi kursun davamında görərək uğurlu bir seçim etmişdir. Ölkə vətəndaşlarının 9 oktyabr Prezident seçkilərində etdiyi tarixi seçimi obyektiv reallıqlarla şərtlənmişdir və xalqımız onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə əks etdirən siyasətə, ümummilli lider Heydər Əliyev kursunun şərəfinə, təntənəsinə və bu siyasətin uğurlu və mətin davamçısı, böyük ümidlər doğrultmuş və on il əvvəl verdiyi sözlərə sadiq olmuş Prezident İlham Əliyevə səs vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində bu siyasətin davam edəcəyini bir daha təsdiq edərək demişdir: “Növbəti beş il ərzində biz strateji layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı layihələrdir. Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur. Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eini zamanda, bu layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın çox gözəl münasibərləri vardır, işgüzar, bir-birinə hörmət əsasında münasibətlər qurulubdur. Bu iki layihəni biz növbəti beş il ərzində icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.”
Göründüyü kimi, bu gün Azərbaycanın xarici siyasətində böyük önəm verilən hərtərəfli beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsi nəinki gündəlikdən düşmür, əksinə, daha yeni çalarlar alır, yeni variantlarla zənginləşir. Bu isə ölkəmizin beynəlxalq aləmdə nüfuz və qüdrətinin artmasına, dünya iqtisadiyyatına güclü inteqrasiyasına, hər bir azərbaycanlının ölkədəki mövcud siyasi kursa inam və rəğbətinin, eləcə də həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq onun həyatında əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə əminliyinin artmasına və ən əsası müstəqil Azərbaycanın qüdrətlənməsinə növbəti zəmin yaradır.
Ramiz RZAYEV,
Azərbaycan Respublikası Energetika Nazirliyinin
şöbə müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.