Vətənimizin mürəkkəb və kəşməkəşli bir dönəmində xalqının imdadına çatan ulu öndər Heydər Əliyev ölkəmizin inkişaf tarixində silinməz izlər qoydu. Ümummilli liderin titanik səyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı, radikal islahatlara başlanıldı, iqtisadi inkişafın əsasları yaradıldı. Onun müdrik siyasəti nəticəsində ölkəmiz dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrildi. Başqa xalqların, millətlərin yüz illərdə etdiyini Azərbaycan xaqlı ümummilli liderin rəhbərliyi altında bir neçə ilə başa vurdu, dahi rəhbər dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin əbədiləşməsində müstəsna xidmətlərə imza atdı.
Ümummilli liderimizin Azərbaycan qarşısında ən böyük xidməti həm də xalqımızın xoşbəxt gələcəyi haqqında düşünməsi idi. Elə buna görə də ölkəmizin xoş, firavan sabahı naminə özünün siyasi kursunu uğurla davam etdirəcək müdrik siyasi lider kimi cənab İlham Əliyevi görürdü. Dahi öndər bu əminliyini xalqımıza müraciətində belə ifadə edirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Cənab İlham Əliyev xalqımızın dəstəyilə prezidentlik fəaliyyətinə başladığı ilk gündən bu ümidi doğrultmaq üçün sosial-iqtisadi, siyasi islahatları uğurla həyata keçirməyə başladı, qanunun aliliyinə, insan haqlarının təmininə mühüm önəm verdi. Burada diqqətçəkən məqam həm də o oldu ki, möhtərəm İlham Əliyev müasir dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanın sosial-iqtisadi və demokratik islahatlar prosesini paralel şəkildə reallaşdırdı. Dövlət başçısı fəaliyyətində əsas götürdüyü bu məqamla bağlı belə deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın-nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir”.
Azərbaycan ötən on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi-iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi, demokratik dəyərlərə yiyələndi, liberal prinsiplərə əsaslanan unikal iqtisadi inkişaf modelini yaratdı. Sözügedən dövrdə respublikamız iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrildi. İctimai həyatın bütün sahələrində hökm sürən inkişaf misilsiz vüsət aldı. Milli ərzaq təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın valyuta ehtiyatlarının daim davamlı şəkildə artması və maliyyə imkanlarının genişlənməsi respublikamızın daha böyük həcmdə investisiyalar qoyuluşuna geniş şərait yaratdı.
Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bununla bağlı deyirdi: “Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və biz xarici maliyyə qurumlarına donor kimi vəsait ayırırıq. Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində, əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaqdır”.
Hazırda Azərbaycanda iqtisadi potensialın insan kapitalına çevrilməsi qarşıda duran əsas prioritetlərdən biri elan edilib. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, Azərbaycan xalqı öz maddi dəyərlərini, iqtisadi potensialını insan kapitalına çevirməli, gənc nəslin sağlam, savadlı yetişməsini təmin etməlidir. Məhz elə buna görə də son on ildə təhsilə yönəldilən xərclərin həcmi 7 dəfə çoxaldılıb, təhsil sisteminin maddi-texniki bazası, demək olar ki, yenidən qurulub. Respublikada 1100 ümumtəhsil məktəbi, 100 məktəbəqədər təhsil müəssisəsi tikilib, ölkə məktəblərinin kompyuterləşdirilməsi əsasən başa çatdırılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən ölkəmizin peşəkar mütəxəssis potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb.
Əhalinin sağlamlığı da ölkə rəhbərinin daimi diqqət mərkəzindədir. Sözügedən dövrdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi on dəfədən çox yüksəlib. Həmin müddətdə respublikada 15 müalicə-diaqnostika və bərpa mərkəzi, 93 xəstəxana, 119 ambulatoriya-poliklinika müəssisəsi istifadəyə verilib.
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi yönündə önəmli tədbirlər reallaşdırılıb. Respublikamızın ayrı-ayrı bölgələrində mövcud idman qurğularının sayı 10 minə çatdırılıb, 38 olimpiya idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi tikilib. Məhz elə bunun nəticəsidir ki, idmançılarımız mötəbər beynəlxalq yarışlarda Azərbaycanı şərəflə təmsil edərək Vətənə 735 medal gətiriblər.
Son illərdə elm və təhsil sahələrinin kompyuterləşməsi, informasiya texnologiyalarının modernləşməsi istiqamətində böyük uğurlar əldə edilib. Ölkəmizdə kosmik sənayenin təməli qoyulub. Bu ilin fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Yer orbitinə çıxarılıb. Gələn il Yer səthinin müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə ulu öndərin siyasi kursuna sadiqliyini göstərərək, ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini ardıcıl şəkildə davam etdirib. Son on ildə dövlət başçısının 22 əfv fərmanı imzalaması və 4000-dən artıq məhkumun əfv edilməsi bunun bariz ifadəsidir. Bu, eyni zamanda, ölkə rəhbərinin həyata keçirdiyi siyasətdə humanizm və insanpərvərlik ideyalarının önəmli yer tutmasını göstərir.
İqtisadi sferada əldə olunan böyük uğurlar, şübhəsiz, həm də siyasi sahədə yeni-yeni qələbələrin təməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən ötən müddətdə həyata keçirilən xarici siyasət strategiyası böyük uğur və nailiyyətlərlə müşahidə olunmaqdadır. Azərbaycan həmişə tarazlı xarici siyasətə xüsusi əhəmiyyət verərək, regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışıb. Nəticədə İran və Rusiya kimi iri qonşu dövlətlərlə ikitərəfli əlaqələrdə münasibətlər yüksələn xətlə inkişaf edib, çoxşaxəli əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənib.
Möhtərəm Prezidentimiz dövlətlərarası regional və beynəlxalq əlaqələrin yaradılması və gücləndirilməsinə, ölkəmizin dünya birliyinə daha sıx inteqrasiya olunmasına xüsusi diqqət yetirir. Bu siyasət Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artıraraq ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bax, elə buna görə də hazırda respublikamız təkcə regionda deyil, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Fikrimizin təsdiqi kimi diqqəti bir fakta yönəltmək istərdim. Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanıb, bu möhtəşəm təşkilata qeyri-daimi üzv seçilib. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ölkəmizin diplomatiya tarixində ən böyük uğurlarından biri olmaqla Azərbaycanın dünya miqyasında artan siyasi nüfuzunun bariz təsdiqidir. Bu, həm də respublikamızın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması deməkdir. Bu, müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı nüfuza, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymətdir.
Cənab İlham Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının, uğurlu siyasi kursun sayəsində Azərbaycan son illər onlarla irimiqyaslı beynəlxalq tədbirə evsahibliyi edib. Hər iki ildənbir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəniyyət, səhiyyə və təhsil sahəsində gördüyü böyük işlərlə artıq bütün dünyada tanınan Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi ilə reallaşan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər bunun bariz ifadəsidir.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçımızın xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Dövlət başçısının bu il oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimində dediyi bir fikrə diqqət yetirək: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir. Dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır”.
Bəli, xalqımız yaxın gələcəkdə məhz İlham Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində Dağlıq Qarabağın geri qaytarılacağına inanır. Artıq Ermənistan, necə deyərlər, küncə sıxışdırılıb, beynəlxalq aləmdə nüfuzu olmayan bir ölkəyə çevrilib. Artıq Ermənistan iqtisadiyyatı çökmək üzrədir, ölkə kənardan gələn yardımlar hesabına yaşayır. Azərbaycanın isə iqtisadiyyatı ilə yanaşı, hərbi potensialı da getdikcə güclənir. Bunu faktlar da göstərir. Belə ki, son on ildə hərbi büdcəmiz 20 dəfədən çox artıb, güclü hərbi sənaye kompleksi yaradılıb. Hazırda fəaliyyət göstərən hərbi müəssisələrimizdə 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bütün bu deyilənlər isə Azərbaycan Ordusunun bu gün dünya miqyasında güclü ordular sırasında olmasından xəbər verir. Bu, eyni zamanda, xalqımızda bir az əvvəl qeyd etdiyim kimi, düşmən tapdağında qalan torpaqlarımıza tezliklə sülh, əmin-amanlıq gələcəyi qənaəti yaradır.
Möhtərəm İlham Əliyevin andiçmə mərasimində dediyi sözlər isə bu qənaəti daha da möhkəmləndirir: “Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır”.
Son on ildə ölkəmizin dinamik inkişafı, insanların rifahının davamlı olaraq yaxşılaşması, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində həlledici rola malik dövlət kimi dünyada özünü təsdiq etməsi xalqımızın cənab İlham Əliyevə olan inam və etimadını, xalq-iqtidar vəhdətini günü-gündən gücləndirir. Xalqımız əmindir ki, növbəti illərdə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ictimai-siyasi həyatın bütün sahələrində neçə-neçə uğurlara imza atacaq, güclü və inkişaf edən Azərbaycan dövlətində hər bir vətəndaş bundan sonra da sülh, əmin-amanlıq və sabitlik şəraitində rahat yaşayacaq.
Hacı İBRAHİMOV,
“DH-Hüquq Consulting” Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.