Hər bir dövlət öz müstəqilliyini qorumaq və daha perspektivli gələcəyə zəmin yaratmaq üçün güclü iqtisadiyyat qurmalı və mükəmməl xarici siyasət kursu yürütməlidir. 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi faktiki olaraq süqutun bir addımlığında olduğu zaman üzləşdiyimiz ictimai-siyasi proseslər və bizə olan beynəlxalq münasibət deyilənləri bir daha sübut etmış oldu. Nə yaxşı ki, xalqımız bu sınaqdan üzü ağ çıxdı, dövlətçiliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yalnız xalqımıza qurtuluş, dövlətçiliyimizə nicat gəlmədi, həm də gələcək nəsillərimiz üçün bir dövlətçilik məktəbi yarandı, siyasi idarəetmə kursu formalaşdı.
Əsrlər boyu zəngin təbii sərvətlərə malik olması ilə bağlı dünyanın müxtəlif iqtisadi maraq dairələrində olan Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərə sahiblik hüququnu təsdiqləmiş oldu, onun irəli sürdüyü mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsində və mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə uyğun istifadə edilməsində ciddi əsasa çevrildi.
Bu günkü Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Tarixdə neftlə zəngin bir çox dövlətlərin uğursuz siyasətin nəticəsi kimi müstəqilliklərini itirməsi, qeyri-stabillik şəraitində yaşaması, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşməsi ilə bağlı çoxsaylı misallar mövcuddur. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənməyin nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi təcrübə də olmuşdur.
Azərbaycan da dövlət müstəqilliyinə nail olduqdan sonra təbii sərvətlərinə sahib çıxmaq, Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək kimi əsaslı problemlərlə üzləşmişdi. O zamanlar yürüdülən uğursuz siyasət nəticəsində ölkə daxilində ictmai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla əməkdaşlıqdan çəkindirirdi.
Həmin dövrdə ölkəmizin çox ciddi iqtisadi çətinlikləri var idi və bu problemlər məngənəsində sıxılan Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsini ilk növbədə ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə olmasında görən və Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev bu məsələdə çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü.
1993-cü ilin iyunundan etibarən ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun möhkəmləndirilməsi, əhalinin dövlətçiliyin qorunmasına səfərbər edilməsi, diplomatik və siyasi imkanların dövlət müstəqilliyimizə qarşı yönələn təhlükələrin aradan qaldırılmasına istiqamətləndirilməsi, aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığa edilən cəhdlər və xarici sərmayələrin qorunmasına dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin dəyişməsinə gətirib çıxardı.
Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürdü, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti İlham Əliyev isə aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu.
Nəticə etibarı ilə 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli şirkətləri ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla Azərbaycan MDB məkanında Qərbin nəhəng neft şirkətləri ilə iri miqyaslı saziş imzalayan ilk dövlət oldmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini və region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının başlanğıcını qoymuş oldu.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu enerji müqaviləsi eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmağa, milli mənafelərini sonadək müdafiə etməyə qadir olduğunu göstərmiş oldu. Bununla digər beynəlxalq enerji və kommunikasiya layihələrin gerçəkləşdirilməsi baxımından da müsbət təcrübə yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda yeni mərəhlənin başlanğıcı qoyuldu.
Bu müqavilənin reallaşması və yeni neft strategiyasının uğurları Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesini sürətləndirdi və respublikamıza sərmayə qoyulması sahəsində dönüş yaranmasına səbəb oldu.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübarizə predmetinə çevirmişdi və bununla əlaqədar irəli sürülən fərqli təklif və ideyalar layihənin iştirakçısı olan dövlətlərin yalnız iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi.
Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin əsas mövzusuna çevrilmişdi və o zaman ulu öndər Heydər Əliyevın iradəsi, prinsipial və qətiyyətli mövqeyi, habelə cənab İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət və tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edildi.
“Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında” hökumətlərarası sazişin imzalanması, neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa ixrac boru kəmərinin və Supsa ixrac terminalının tikintisi aparılan siyasətin əməli nəticələri idi.
Bununla belə, həmin kəmərlər də Azərbaycanın getdikcə artan ehtiyaclarını tam ödəmək iqtidarında deyildi və “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatının çoxalması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını tələb edirdi. Ulu öndər Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ 90-cı illərin ortalarında vermiş və Bakı-Tbilisi-Ceyhan neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdi. Azərbaycan xalqının mənafelərini daim uca tutan ümummilli lider sonrakı mərhələdə də böyük diplomatik ustalıqla həmin kəmərin alternativsizliyini “Əsrin müqaviləsi”ndə iştirakçı olan şirkətlərə, habelə onların təmsil etdikləri dövlətlərə qəbul etdirə bilmişdi.
Azərbaycanın istehsal etdiyi milyonlarla ton neftin dünya bazarlarına çıxarılmasında əvəzsiz rola malik BTC ixrac neft boru kəməri bu gün Xəzərdə zəngin ehtiyatlara malik Qazaxıstan neftinin Qərb bazarlarına nəqli baxımından da müstəsna əhəmiyyət daşıyır. Bunun ardınca dünyanın ən iri qaz yataqlarından biri olan “Şah Dəniz” yatağının işlənməyə cəlb olunması və burada hasil olan qazın dünya bazarlarına çıxarılması məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşası və istismara verilməsi Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu əhəmiyyətli dərəcədə artırmış oldu.
Avrasiya regionunun analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilən gündən indiyədək bu kəmərə 230,0 milyon tona yaxın neft vurulmuş, Ceyhan limanından təxminən 225 milyon ton civarında Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. BTC Xəzər hövzəsinin digər ölkələrində də hasil olunan neftin nəqlində də mühüm rol oynamış və indiyədək bu kəmər vasitəsilə 8,6 milyon ton Türkmənistan nefti nəql olunmuşdur. Qazaxıstan və Rusiya şirkətlərinin də bu məsələyə marağı artmaqdadır və 2014-cü ildə 4,0 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixrac edilməsi barədə verilmiş qərar belə münasibəti təsdiqləmiş oldu.
Son illərdə “Abşeron” yatağında “Total” şirkəti ilə birlikdə aparılan uğurlu kəşfiyyat işləri və “Ümid” yatağının açılması, bp ilə imzalanmış hasilatın pay bölgüsü sazişi çərçivəsində “Şəfəq-Asiman” yatağında seysmik tədqiqat proqramının başa çatdırılması, Almaniyanın RWE şirkəti ilə “Naxçıvan” perspektiv strukturu üzrə əsas kommersiya prinsiplərinin razılaşdırılması, ARDNŞ və “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı və işlənməsinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanması, mövcud layihələr üzrə görülən işlər və perspektiv strukturlardan gözləntilərimiz Xəzərin Azərbaycan sektorunda potensialın bizim proqnozlarımızdan çox olacağına dəlalət edir.
Hesablamalara görə deyə bilərik ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan həcm istisna olunmaqla 20 milyard kubmetrə çatdırmaq, 2025-ci ilə qədər isə bu həcmi təxminən iki dəfə artırmaq üçün real imkanlar vardır.
“Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsini və 16 milyard kubmetrdən çox Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə və Türkiyəyə tədarük olunması barədə razılığa gəlinməsini bu ilin mühüm hadisələrindən hesab etmək olar.
Azərbaycan və Türkiyə arasında planlaşdırılan TANAP-Transanadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həllinə şərait yaratmışdır.
Azərbaycanın hasil etdiyi təbii qazın mümkün qədər müxtəlif və şaxələndirilmiş nəqliyyat marşrutları ilə ixracının və diversfikasiya kursunun tərəfdarı olan ölkə başçısı İlham Əliyev Azərbaycan qazını dünya bazarına çıxaracaq 4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında həyata keçirilməsi və bu işlərdə qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədilə xüsusi sərəncam imzalamışdır. Bu layihələrin gerçəkləşməsi regionumuzun və ölkələrimizin nəhəng iqtisadi və enerji potensialından səmərəli istifadə olunmasına şərait yaradacaq, seçimlərimiz Azərbaycanın həyata keçirdiyi regional və transmili enerji layihələrinin yerinə yetirilməsi ilə nəticələnəcək və Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da yüksəltməyə imkan yaradacaqdır. “Cənub qaz dəhlizi”nin etibarlı və səmərəli işlənməsi gələcəkdə Transxəzər layihəsinin gercəkləşməsinə şərait yaradacaq və digər strukturlarda nəhəng işlərin tezliklə başlanmasına, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artmasına və ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradacaqdır.
Avropa İttifaqı ölkələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məsələləri ilə əlaqədar olaraq Azərbaycanla müxtəlif səviyyədə danışıq və müzakirələr aparılmasında davamlı fəallıq göstərməkdədirlər. Bir sıra ölkə rəhbərlərinin, Avropa Komissiyasının, ABŞ-ın, ümumiyyətlə 30-dan çox dövlətin yüksək vəzifəli nümayəndə və diplomatlarının iştirak etdiyi IV Beynəlxalq enerji sammitinin 2008-ci ilin noyabrında Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Mahiyyətcə Xəzər dənizi, Qara dəniz və Baltik dənizi hövzəsində enerji təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq formatının yarandığına dəlalət edən bu sammit Azərbaycanın xüsusi diqqət yetirilməli ölkə olduğunu bir daha sübut etmiş oldu.
Azərbaycanın geocoğrafi vəziyyəti, müasir dünyadakı nüfuzu, iqtisadi qüdrəti, zəngin karbohidrogen ehtiyatlarına malik olması, yanacaq-enerji sektorunda son iki onillikdə əldə olunmuş nəticələr və bu sahədə mənsub olduğu infrastruktur şəbəkə ölkənin hazırkı enerji siyasətinin əsasını təşkil edir və bu siyasətin önündə daxili enerji təhlükəsizliyinin tam təmin olunması, növbəti mərhələdə isə regional və qlobal enerji təhlükəsizliyinə maksimum töhfə vermək durur.
Dövlətimizin enerji siyasətinin əsas icraçılarından olan Energetika Nazirliyi bu çərçivədə Azərbaycanın Avropa Birliyi və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələrini yaradan Cənub dəhlizi strategiyası çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılmasını Avropa qaz bazarının sabitliyinə təsir edə biləcək mühüm amil kimi qiymətləndirir və bu strategiyanın həyata keçirilməsi ilə bağlı üzərinə düşən vəzifələri vaxtında həyata keçirməkdədir.
Enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün nazirlik tərəfindən 2009-cu ilin noyabr ayında Bolqarıstan Respublikasının İqtisadiyyat, Energetika və Turizm Nazirliyi və 2010-cu ilin fevral ayında Rumıniyanın İqtisadiyyat, Turizm və Biznes Mühiti Nazirliyi ilə “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumları imzalanmışdır.
Energetika sahəsində ikitərəfli əməkdaşlıq sayəsində gerçəkləşməsi nəzərdə tutulan və Azərbaycan qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsi ilə tankerlərlə Rumıniyanın Konstanta limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisindəki mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa dövlətlərinin tələbatçılarına çatdırılması məqsədini daşıyan AGRİ layihəsi ilə bağlı Anlaşma Memorandumunun (qaz tədarükü sahəsində əməkdaşlıq haqqında) imzalanması da respublikamızın neft və qaz kəmərlərinin şaxələndirilməsi sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin tərkib hissəsidir.
Energetika Nazirliyi qeyd olunan məsələlərdə fəal iştirak etməklə yanaşı enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra digər beynəlxalq səviyyəli təşkilatlarda və proqramlarda tərəfdaş kimi çıxış edir.
“Avropa İttifaqı, Qara dəniz ətrafı və Xəzər dəniz ətrafı ölkələr arasında energetika sahəsi üzrə beynəlxalq əməkdaşlıq layihəsi” olan İNOGATE proqramı enerji sektorunda beynəlxalq əməkdaşlığa xidmət edən bir proqramdır və onun inkişafı və genişlənməsində 2004-cü ildə Azərbaycanda keçirilən və iştirakçı dövlətlərin regional enerji bazarının inkişafına dəstəkdə, enerjidaşıyıcılarının dayanıqlı və təhlükəsiz nəqlində, yeni enerji infrastrukturlarının yaradılmasına investisiyaların cəlb olunmasıda, enerji səmərəliliyi siyasəti və proqramının yerinə yetirilməsində və onların enerji bazarlarının Avropa İttifaqı bazarına inteqrasiyasında ümumi maraqlarının olduğu təsdiq edilən nazirlər konfransında qəbul edilmiş “Bakı təşəbbüsü” mühüm rol oynamışdır
Proqramın inkişafı üzrə digər mühüm addım 2006-cı ilin noyabr ayında Qazaxıstanda keçirilmiş Nazirlər Konfransında qəbul edilən “Astana Bəyannaməsi” və proqramın bundan sonrakı fəaliyyət istiqamətlərini müəyyən edən, regional enerji əməkdaşlığının məqsədlərini müəyyənləşdirən və uzun müddətli indikativ fəaliyyətlərini planlaşdıran Enerji Yol Xəritəsinin qəbul edilməsi olmuşdur. Bu sənəddə Avropa İttifaqı, Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri arasında enerji sektorunda əməkdaşlığın iştirakçı ölkələrin xüsusiyyətləri və Avropa İttifaqının daxili enerji bazarının prinsipləri nəzərə alınmaqla enerji bazarlarının yaxınlaşdırılması, enerji təhlükəsizliyinin və etibarlılığının yüksəldilməsi, enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə və ümumi maraq kəsb edən enerji layihələrinin investisiya təminatına dəstək istiqamətlərində inkişaf etdiriləcəyi müəyyənləşdirilmişdir.
İndiyədək İNOGATE proqramı çərçivəsində göstərilən məqsədlərə nail olunması istiqamətində 56 layihə həyata keçirilmiş və onların 30-unda Azərbaycan iştirakçı dövlət kimi çıxış etmişdir. Bu Proqram çərçivəsində: sərhəd məntəqələri olan Qazax və Şirvanovkada qazölçmə stansiyasının quraşdırılmasına maliyyə dəstəyi verilmişdir, Xəzər dənizinin neft-qaz resurslarının Avropaya və beynəlxalq bazara çıxarılması layihələrinə texniki dəstək göstərilmişdir, müxtəlif mövzulara həsr edilmiş təlimlərin keçirilməsi və mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi yolu ilə “Əməkdaşa investisiya qoyuluşu layihəsi” həyata keçirilmiş, təcrübə mübadiləsinin aparılması və yeni texnologiyaların mənimsənilməsi fəaliyyətləri həyata keçirilmişdir. Azərbaycan mütəxəssisləri İNOGATE proqramı tərəfindən təşkil olunmuş 100-dən çox təlim və seminarlarda iştirak etmiş və bununla da öz professional səviyyələrini artırmışlar.
Bu proqram çərçivəsində Energetika Nazirliyinin təklifi ilə “Xəzər dənizinin Azərbaycan sektorunda külək enerji potensialının müəyyənləşdirilməsi”, “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin potensialının artırılması”, “Energetika sektorunda fəaliyyətlərin lisenziyalaşdırılması”, “Energeitika sektorunun tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin yiyələnməsinə texniki dəstək”, “Bərpa olunan enerji mənbələrindən istifadə etməklə alınan elektrik enerjisinə dəstək, tariflərin hesablanma metodologiyası üzrə tövsiyələr”, “İstehlakçıların elektrik şəbəkəsinə qoşulması qaydaları, proseduru və ödənişlər barədə tövsiyələr”, “Azərbaycan şəhərlərinin ”Merlər Sazişi"nə qoşulmasına hazırlanması" və “Binalarda enerjiyə qənaət olunmasına texniki köməklik” kimi 8 texniki dəstək layihəsi yerinə yetirilmiş, bu kimi məsələlərlə bağlı vacib əhəmiyyətə malik digər 13 layihə isə icraya qəbul edilmişdir.
2010-2012-ci illərdə Nazirliyin Enerji Xartiyası ilə əməkdaşlığı çərçivəsində xartiyanın ekspertləri ilə birlikdə “Azərbaycanda investisiya mühiti və enerji sektorunda bazarın strukturu” mövzusunda araşdırmalar aparılmış, geniş icmal hazırlanmış və bu sahədə irəliləyişlərə nail olunması üçün tövsiyələr verilmişdir.
Nazirlik tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində davamlı müzakirə edilən məsələlərdən biri də hazırkı enerji siyasətimizin əsas prioritetlərindən olan enerji resurslarından səmərəli istifadə olunması məsələsidir. Bu məqsədlə Enerji Xartiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda enerji resurslarından istifadənin vəziyyəti təhlil edilmiş, onlardan səmərəli istifadə olunmasına şərait yaradılması üçün beynəlxalq təcrübəni də nəzərə alaraq nə kimi hüquqi normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti norma qaydalarının təkmilləşdirilməsi, institusional tədbirlərin həyata keçirilməsi, tarif siyasətinin təkmilləşdirilməsi, əhalinin maarifləndirilməsi, enerji auditinin tətbiqi və sair məsələlər üzrə nə kimi tədbirlərin görülməsinə ehtiyac olduğu müəyyənləşdirilmişdir.
Binalarda enerjiyə qənaət potensialının dəyərləndirilməsi məqsədilə Buzovna qəsəbəsində uşaq bağçasında və Binəqədi rayonunda 9 mərtəbəli yaşayış evində enerji auditi aparılmış və belə nəticəyə gəlinmişdir ki, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi sayəsində bu kimi binalarda istehlak olunan enerji resurslarının təxminən 40 faizinə qənaət etmək olar. Ümumrespublika miqyasında götürüldükdə bunun nə qədər böyük əhəmiyyətli iqtisadi, sosial və ekoloji məsələ olduğunu görürük.
Hazırda bu sahədə işlərin sistemli və məqsədyönlü şəkildə aparılması məqsədilə nazirlik tərəfindən “Azərbaycan Respublikasında enerji səmərəliliyi üzrə Milli Proqram (2014-2020-ci illər)” hazırlanmaqdadır və bu işdə bir sıra Avropa dövlətlərinin təcrübələrindən yararlanmaq məqsədilə müvafiq əməkdaşlıq əlaqələri qurulmuşdur.
Bu il həyata keçirilən əhəmiyyətli təşəbbüslərimizdən biri də respublikamızda ilk “Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti”nin yaradılmasıdır. İNOGATE Proqramı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış bu cəmiyyətin təşkilində məqsəd binaların özünüidarəetmə prinsipində fəaliyyət göstərməsi təcrübəsini respublikamızda tətbiq etməkdən ibarətdir.
Nazirlik beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizin energetika sektorunun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də mühüm ilşər aparmaqdadır. Bu məqsədlə Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları” adlı Tvinninq layihəsi həyata keçirilmiş və bu layihə çərçivəsində respublikamızda enerji bazarında rəqabət şəraitinin, yüksək xidmət standartlarının, təchizat təhlükəsizliyinin və davamlılığın təmin edilməsi məqsədilə yeni “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunlarının və “Elektrik şəbəkə”, “Qaz şəbəkə” Məcəllələrinin layihələri hazırlanmış və müzakirəyə təqdim edilmişdir.
Avropa Komissiyasının “Azərbaycan Respublikasına Energetika sektorunda İslahatlara Dəstək Proqramı” çərçivəsində “Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə haqqında” və “Enerji səmərəliliyi haqqında” Azərbaycan Respublikası Qanunlarının və onların icrasına yönəlik çoxsaylı ikinci dərəcəli qanunvericilik aktlarının layihələri hazırlanmış və müzakirəyə təqdim olunmuşdur.
Ramiz RZAYEV,
Azərbaycan Respublikası Energetika Nazirliyinin
şöbə müdiri
(ardı növbəti sayımızda )
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.