Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclası keçirilmişdir

 

 

 

Noyabrın 26-da Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə həmsədr xarici ticarət naziri xanım Nikol Brikdir.

İclasda qeyd olunmuşdur ki, Hökumətlərarası Komissiya Azərbaycan Prezidentinin 1997-ci ildə imzaladığı müvafiq sərəncamla yaradılmışdır. Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə komissiya indiyədək altı iclasını keçirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə böyük töhfə verir, iqtisadi münasibətlər uğurla inkişaf edir. Azərbaycan MDB ölkələri arasında Fransanın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. İndiyədək iki ölkə arasında müqavilə-hüquq bazasını təşkil edən 42 sənəd imzalanmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan və Fransa arasında əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən ticarət və investisiya, şəhərsalma, enerji sektoru, bərpa olunan enerji, mülki aviasiya və aeronaftika, maliyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat, idman, ətraf mühit sahələrini əhatə edir.

İclasda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasının protokolu imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Fransa tərəfdən isə xarici ticarət naziri Nikol Brik imzalamışlar.

Daha sonra Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət naziri xanım Nikol Brikin mətbuat konfransı keçirilmişdir.

Maliyyə naziri Samir Şərifov demişdir ki, iclasın protokolunda müzakirələr zamanı əldə edilən nəticələr əksini tapmışdır. Burada müəyyən razılaşmalar və hər bir tərəfi razı salan müddəalar əks etdirilmişdir. Protokol hər iki tərəfi təmsil edən qurumların gələcək işini istiqamətləndirir. Azərbaycan Fransa maliyyə institutlarının iri layihələrin maliyyələşdirilməsindəki rolunu yüksək qiymətləndirir.  Ölkələrimizin çox geniş əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edir.

Ölkəmizin Fransa ilə kosmik sahədə sıx əməkdaşlığının mövcud olduğunu bildirən nazir demişdir: “Azərbaycanın ilk kosmik peykini Fransanın “Arianespace” şirkəti orbitə çıxarmışdır. Bu əməkdaşlıq davam etdirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci peykin orbitə buraxılması ilə bağlı Fransa tərəfi ilə danışıqları davam etdirir. Yaxın gələcəkdə bu danışıqlar konkret müqavilə ilə yekunlaşacaqdır”.

S.Şərifov qeyd etmişdir ki, “Azərbaycan Hava Yolları” QSC hava nəqliyyatının təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Fransa şirkətləri ilə də geniş əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə hava gəmilərinin alınması ilə məhdudlaşmır. Eyni zamanda, hava təhlükəsizliyi, hava nəqliyyatının idarə edilməsi sahəsində də əməkdaşlıq əlaqələri qurulmuşdur.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi Fransanın “Sistra” şirkəti ilə Bakı Metropoliteninin inkişaf etdirilməsi layihəsi üzrə əməkdaşlıq edir. Bakı Metropoliteninin inkişaf sxemi mövcuddur və Fransa şirkətləri ilə əməkdaşlıq üçün potensial vardır. Fransanın müvafiq şirkətləri Azərbaycana yeraltı nəqliyyat üçün müvafiq texnoloji avadanlıq, metro vaqonları təklif edirlər və bu məsələlərə baxılmaqdadır. Azərbaycanın Fransa ilə əməkdaşlığının digər bir istiqaməti dəmir yol nəqliyyatının inkişaf etdirilməsi layihəsidir. Fransa şirkətlərinin Azərbaycan Nəqliyyat Nazirliyinə, “Azərbaycan Dəmir Yolları” QSC-yə təklifləri vardır. Bu təkliflər, eyni zamanda, fransız banklarının kreditləri ilə müşayiət olunur. Kreditlər Fransanın kredit-sığorta agentliyi tərəfindən sığortalanır. Kənd təsərrüfatı və ekologiya sahəsi vacib sahələrdəndir. Bakının ekoloji problemlərinin həlli üçün geniş tədbirlər görülməkdədir. Fransa tərəfini əsasən “Ağ şəhər” layihəsinin reallaşması maraqlandırır. Artıq Azərbaycanda müəyyən ekoloji problemlər öz həllini tapmışdır. Odur ki, Fransa şirkətləri bu sahədə aparılan işlərdə yaxından iştirak etməyə böyük maraq göstərir. Fransa digər ekoloji məsələlərdə də Azərbaycan tərəfi ilə öz təcrübələrini bölüşmək niyyətindədir.

Nazir qeyd etmişdir ki, Azərbaycan və Fransanın birgə əməkdaşlığının əsas istiqaməti enerji əməkdaşlığıdır. Fransa tərəfi Cənub enerji dəhlizinin yaradılması istiqamətində Azərbaycanın səylərini çox yüksək qiymətləndirir. “Şahdəniz” layihəsində Fransanın “Total” şirkəti payçı kimi iştirak edir.

S.Şərifov vurğulamışdır ki, Fransa şirkətləri Azərbaycanda yaradılan texnoloji və sənaye parklarında da iştirakda maraqlıdır. Belə ki, Azərbaycan tərəfi Fransa şirkətlərini Sumqayıt Kimya Parkında və Sumqayıt Texnoparkında iştiraka dəvət etmişdir.

Maliyyə naziri daha sonra demişdir: “Azərbaycan ilə Fransanın ticarət dövriyyəsinin həcmi cari ilin 9 ayında təxminən 1,2 milyard dollar olmuşdur. Hesab edirik ki, bu göstərici iki ölkənin iqtisadi əlaqələrinin potensialını tam əks etdirmir. Gələcək illərdə ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, bir sıra potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaqdır.   

Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasının vacibliyinə toxunan Fransanın xarici ticarət naziri Nikol Brik ölkəsinin yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulamışdır.

Xanım Nikol Brik diqqətə çatdırmışdır ki, Fransa Azərbaycan ilə ticarət və investisiya, şəhərsalma, enerji sektoru, maliyyə, təhsil, kənd təsərrüfatı, idman, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafında, habelə fransız şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır.

Fransalı nazir demişdir: “Apardığımız müzakirələr imkan verir ki, əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirək və eyni zamanda, komissiyanın 2014-cü ildə keçiriləcək növbəti iclasında görülən işlərə və qarşıda duran məsələlərə yenidən baxaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında