Noyabrın 22-də “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri 18384 milyon manat, xərclər isə 20063 milyon manat nəzərdə tutulur. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1679 milyon manat və yaxud proqnozlaşdırılan ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcəkdir.
Dövlət büdcəsinin xərclərinin 54,2 faizi cari xərclərə, 41,9 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Müvafiq olaraq 2013-cü illə müqayisədə 2014-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi 3,9 faiz azalmış, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə dəyişməz olaraq qalmışdır.
2014-cü il dövlət büdcəsinin xərclərinin artımı 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışan işçilərin əmək haqlarının və ölkə üzrə bir sıra sosial ödənişlərin artırılması, yeni təşkilatların fəaliyyətə başlaması, bəzi təşkilatlarda ştat sayının artırılması, yeni dövlət proqramlarının təsdiqi və yeni fondların təsis edilməsi və digər zəruri məsələlərin həlli üçün vəsaitin ayrılması hesabına olmuşdur.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü il dövlət büdcəsi xərclərində sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artmışdır.
2014-cü ildə dövlət büdcəsi xərclərinin 9525,7 milyon manatı və ya 47,5 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 26,6 faiz, mütləq ifadədə isə 5337,3 milyon manat təşkil edəcəkdir.
2013-cü ilin sentyabrından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq mühafizə orqanlarında çalışanların əmək haqları, müavinət və təqaüdlərinin orta hesabla 10 faiz, o cümlədən şəhid ailəsi və milli qəhrəman adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin müvafiq olaraq 21,2 faiz və 66,7 faiz, minimum əmək haqqının 12,3 faiz, baza pensiyasının məbləğinin 17,6 faiz artımının maliyyə təminatı üçün 2014-cü ilin dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur.
2014-cü ildə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1649 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222 milyon manat vəsait yönəldiləcəkdir.
2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,3 milyard manat vəsait ayrılacaqdır. İnvestisiya xərclərindən (əsasən 2014-cü ilə keçid obyektləri üçün) ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının və bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması nəzərdə tutulur.
2014-cü ilin dövlət və icmal büdcələri barədə daha ətraflı məlumatla “2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda tanış ola bilərsiniz.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.