Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq səviyyədə də etiraf edilir

Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional inkişf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Uğurların mənzərəsini görmək üçün təkcə son bir ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Xatırladım ki, sözügedən dövrdə ölkə əhalisinin sosial vəziyyəti daha da yaxşılaşmış, bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra edilmişdir. Ötən ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxmışdır. Ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. İnflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. İqtisadiyyata 9,2 milyard dollar investisiya qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları 20,4 milyard dollar təşkil etmişdir. Keçən il 74 min yeni iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir.
Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Belə ki, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, yataqxanalarda yaşayan xeyli sayda məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.
İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifahına müsbət təsir göstərmişdir. Ötən il ölkə üzrə işçilərin orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8,6 faiz artaraq 298 manata çatmış, inflyasiya səviyyəsini 7 faiz üstələmişdir.
Prezident İlham Əliyev demişdir ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda möhkəm siyasi sistem yaradılmışdır, qanunun aliliyi və cəmiyyətin demokratikləşməsi təmin edilmişdir. Bütün bunlar, o cümlədən də iqtisadi islahatlar bu gün də diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda iqtisadi və siyasi islahatlar son illər paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Məhz elə bunun nəticəsidir ki, ölkədə davamlı iqtisadi inkişafa nail olunmuşdur.
Azərbaycanda son illər infrastruktur və xidmət sahəsinə böyük həcmdə investisiya cəlb edilmişdir. Sahibkarlığa diqqət daha da artırılmışdır. Özəl sektorun dəstəklənməsinə ayrılan vəsait ildən-ilə artırılır. Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsinə və onun dinamik inkişafına öz müsbət təsirini göstərir.
Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək. Bəzən belə bir fikir yürüdürlər ki, Azərbaycanda iqtisadi artım neft və qaz amili ilə bağlıdır. Burada müəyyən həqiqət var. Amma əslində, dövlət başçımızın dediyi kimi, ölkədə, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyulur. Başqa sözlə, neft və qaz amili bizim üçün hədiyyə deyil. Azərbaycanda bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə mühüm uğurlar əldə edilmişdir. Neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.
Ötən il maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsirinin şahidi olduq. Amma bu mənfi meyl Azərbaycana o qədər də ciddi təsir göstərmədi. Prezident İlham Əliyev bu barədə demişdir: "... Neftin qiymətləri üç-dörd dəfə aşağı düşdü. Buna baxmayaraq iqtisadiyyatımız inkişaf etdi. Milli valyutamız sabit qaldı. Qeyri-neft sektorunda tərəqqi dayanmadı. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir...".
Ümumiyyətlə, həyata keçirilən düşünülmüş siyasət nəticəsində ölkəmizdə böhranın acı fəsadları müşahidə edilməmişdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti "Doinq-Business" hesabatında Azərbaycan öz yüksək mövqeyini saxlamışdır.
Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Bu da ölkədə neft amilinin oynadığı rolla bağlıdır. Belə ki, Azərbaycanda neft hasilatı getdikcə artır. Ötən il ölkəmizdə 50,4 milyon tona yaxın neft hasil edilib. Qaz istismarında da uğurlar əldə olunub. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan enerji siyasətində əsas məqsədə çatmışdır. Ümumiyyətlə, ölkəmizin enerji siyasəti bu gün uğurla həyata keçirilir. Ötən əsrin 90-cı illərinin ortalarından bu günə kimi sözügedən sahənin dinamik inkişafı məqsədilə müxtəlif tədbirlər reallaşdırılmışdır. Bununla əlaqədar bir məqama diqqət yetirək.
2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdır. Avropa İttifaqı bu baxımdan ölkəmizin strateji tərəfdaşıdır. Elə buna görə də hazırda Azərbaycan bu nüfuzlu təşkilatla birgə təchizatın şaxələndirilməsini əngəlləyən məsələlərin həlli üzərində işləyir.
Yuxarıda xatırlatdım ki, Azərbaycanda neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsi də diqqət mərkəzində saxlanılır. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını şərtləndirir.
Onu da deyək ki, makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Hazırda ölkədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqinə mühüm əhəmiyyət verilməsidir. Belə ki, ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunması məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsipləri diqqət mərkəzində saxlanacaqdır.
Kənd təsərrüfatının daha da inkişafı prioritet istiqamətlərdən biridir. Aqrar bölmənin normativ hüquqi bazası, elmi-metodik təminatı və kadr hazırlığı sistemi təkmilləşdirilir. Sözügedən sahənin xammal istehsalı stimullaşdırılır. Aqrar bölməyə maliyyə dəstəyi artırılır, kənd təsərrüfatında suvarma və meliorasiya təminatı yaxşılaşdırılır.
Azərbaycanın nəqliyyat sistemində də böyük uğurlar əldə edilmişdir. Belə ki, ötən il bütün nəqliyyat vasitələri ilə əvvəlki illə müqayisədə 3,7 faiz çox daşınmış, sərnişin daşınması isə 6,9 faiz artmışdır. İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 930 yeni avtobus, 15 metro vaqonu alınaraq istismara buraxılmışdır. "Azadlıq prospekti" stansiyası, "28 May" stansiyasının ikinci çıxışı istifadəyə verilmişdir.
Respublikamızın 700 kilometrdən artıq avtomobil yollarında tikinti və təmir işləri aparılmışdır. 4 yol ötürücüsü, 5 yol qovşağı, 7 körpü tikilmişdir. Ucar-Yevlax və Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması başa çatmışdır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, onu da vurğulamaq istərdim ki, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində görülən işlər daha geniş miqyas almışdır. Prezident İlham Əliyev cari ili "Ekologiya ili" elan etməsi ilə əlaqədar Azərbaycanın bütün bölgələrində yaşıllaşdırma tədbirləri uğurla həyata keçirilir.
Sonda onu deyə bilərəm ki, bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Bu yol xalqımızı daha xoşbəxt gələcəyə, firavan həyata aparır.
Xeyrulla HÜMBƏTOV, Yeni Azərbaycan Partiyası "Azərbaycan Dəmir Yolları" QSC ilk təşkilatının sədri{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında