Prezident İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu və “Xalq qəzeti”nin birgə təşkil etdikləri “dəyirmi masa” ətrafında söhbət

Azərbaycan Prezidenti cənab İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10  ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

   Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab  İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Son 10 ildə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi  uğurların bir qisminə nəzər salaq. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. İqtisadiyyata bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir.

   Bu və digər uğurlar barədə AMEA-nın İqtisadiyyat İnstitutu və “Xalq qəzeti”nin birgə təşkil etdikləri “Prezident İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir” mövzusunda “dəyirmi masa”da ətraflı danışılmışdır. “Dəyirmi masa”da AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru,  iqtisad  elmləri doktoru, professor İsa Alıyev, AMEA-nın müxbir  üzvü,  iqtisad   elmləri doktoru,  professor Ağasəlim Ələsgərov, iqtisad elmləri doktoru, baş elmi işçi Tofiq Hüseynov, institutun direktor müavini, iqtisad  üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, iqtisad elmləri  doktoru  Gülşən Yüzbaşıyeva, iqtisad elmləri  doktoru, professor Rəna Sultanova, Tanrıverdi Paşa, iqtisad  üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı, iqtisad  üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov və iqtisad  üzrə fəlsəfə doktoru Əbdülsəməd Həsənov iştirak edirdilər.

İsa ALIYEV:

-Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri miqyaslı yerli və regional layihələr nəticəsində dövlətimiz öz iqtisadi uğurları ilə dünyanın dinamik və sürətlə inkişaf edən ölkələri sırasına daxil olmuşdur. Təbii ki,  bütün bunlar möhtərəm Prezidentimizin ardıcıl və qətiyyətli addımlarının real nəticəsidir. On il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” deməklə fəaliyyətə başlayan dövlət başçımız ötən dövr ərzində, sözün əsl mənasında, öz düşünülmüş fəaliyyəti ilə hər bir kəsin Prezidenti olduğunu sübut etmişdir. Ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən iqtisadi kursun qorunub saxlanılması, onun beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxsaylı mühüm, bənzərsiz və analoqu olmayan addımlar atılmışdır. Məhz  bütün  bunlara görə, cənab İlham Əliyev xalqımız tərəfindən üçüncü dəfə Prezident seçilmişdir. 

“Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir...” söyləyən cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin  düzgün iqtisadi strategiyasının inamla həyata keçirilməsini reallaşdırmış və bunun  nəticəsində Azərbaycan dövləti dünyanın ən sürətlə inkişaf edən ölkəsinə, eyni zamanda beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir.

Keçən müddət ərzində əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin olunması, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, bu sahədə stimullaşdırıcı addımların atılması, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi və digər bu kimi çoxsaylı məsələləri aid etmək olar.

Bütün bunlar belə deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərin, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmızin iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə edir.  Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi şəkildə hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar. Göründüyü kimi, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən atılmış qətiyyətli addımların, bünövrəsi qoyulmuş iqtisadi strategiyanın cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi ölkəmizin müasir davamlı və dinamik inkişafının əsasını təşkil edir.

Ağasəlim ƏLƏSGƏROV: -İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsi 2011-2013-cü illərdə “Qloballaşma şəraitində rəqabətqabiliyyətli iqtisadiyyatda  Avropanın Fransa, Böyük Britaniya, Almaniya və İtaliya ölkələri timsalında beynəlxalq iqtisadi əlaqələrin formalaşması və inkişafı” mövzusunu tədqiq etmişdir. Tədqiqat zamanı xarici iqtisadi əlaqələrin amilləri, prosesin qiymətləndirilməsi meyarı müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, ölkəmizin dünya dövlətləri ilə xarici iqtisadi əlaqələri əsrlər boyu davam etmişdir. Məlum olduğu kimi, Azərbaycan 1918-ci il mayın 28-də dövlət müstəqilliyini  bəyan etmiş,  23 aydan sonra, 1923-cü il aprel ayının 27-də sovet hakimiyyətinin qurulması nəticəsində süqut etmişdir. Beləliklə, Azərbaycan Respublikası 1920-1990-cı illərdə praktiki olaraq dünya inteqrasiyasından təcrid olunmuşdur. Çünki sosialist istehsal münasibətləri iqtisadi inkişafın bazar modelini rədd edirdi.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində bütün başqa respublikalarla bərabər Azərbaycan da dövlət müstəqilliyinə qovuşdu. Bizim bütün uğurlarımız bu müstəqilliyin nəticəsidir. Ölkəmiz keçmiş SSRİ-nin tərkib hissəsi kimi mövcud olduğu dövrdə dünya iqtisadiyyatında baş vermiş keyfiyyət dəyişikliklərindən demək olar ki, istifadə edə bilməmişdir. Sovet İttifaqı dağıldıqdan sonra bütün bu və ya digər müvafiq çətinlikləri aradan qaldırmaqla yanaşı, yenicə müstəqilliyini bərpa etmiş ölkəmiz xarici dövlətlərlə və həmçinin keçmiş ittifaq respublikaları ilə daha əlverişli və mükəmməl iqtisadi əlaqələr yaratmağa başladı. Bu əlaqələrin arealı daim genişlənmişdir. Faktlara diqqət yetirək. 1991-2003-cü illərdə iqtisadi əlaqələrin coğrafiyası genişlənərək 2003-cü ildə 120 dövləti əhatə etmişdir. Bu müsbət proses sürətlənərək 2012-ci ildə 158 dövlətlə həyata keçirilmişdir.

Məlum olduğu kimi, respublikamız xarici iqtisadi əlaqələri idxal-ixrac, investisiya qoyuluşu, elmi-texniki əməkdaşlıq, birgə və birbaşa müəssisələrin təşkili, işçi qüvvəsinin miqrasiyası, istehsalın beynəlxalq kooperasiyası, valyuta-maliyyə əlaqələrinin təkmilləşdirilməsi, turizm, azad ticarət zonalarının yaradılması və dövlət tənzimlənməsi ilə bağlı sahələrdə uğurla reallaşdırır. Ötən  21 ildə əmtəə dövriyyəsi 10,9 dəfə, o cümlədən idxal 5,1 dəfə, ixrac isə 16,1 dəfə artmışdır. Göründüyü kimi,  ixrac idxalı üstələmişdir.

Qeyd etmək lazımdır ki, idxalın və ixracın strukturunda dəyişikliklər baş vermişdir. Eyni zamanda, idxalın quruluşunda ərzaq məhsullarının nisbi və mütləq çəkisinin  azalması və iqtisadi inkişafın əsasını təşkil edən maşın, avadanlıq, müvafiq texnika və yeni texnologiyalı mal qruplarının artması təmayülü diqqəti cəlb edir. Keçən dövr ərzində idxal edilən ərzaq məhsullarının payı cüzi artdığı halda, texniki avadanlığın xüsusi çəkisi sürətlə yüksəlmişdir. Hazırda respublikamız, hətta bir sıra ərzaq məhsullarını ixrac edir.

Tofiq HÜSEYNOV:

— Mən ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişafla bağlı konseptual baxışlarını 13 ildən çoxdur ki, izləyirəm. Moskvada nəşr olunan “Nezavisimaya qazeta”nın 5 oktyabr 2000-ci il tarixli nömrəsində işıq üzü görmüş bir yazıda deyilir: “Mən istəyirəm ki, mülkiyyətçilərin yeni nəsli meydana gəlsin, onda insanlar iqtisadi cəhətdən azad olacaqlar. Bu halda onlar məmurdan, böyük adam deyilən adamdan asılı olmayacaqlar, bu halda onlar hər bir qərarı müstəqil surətdə qəbul edəcəklər. Əgər ayrı-ayrı götürülmüş bir adamın iqtisadi azadlığı yoxdursa, o, fəaliyyət azadlığından məhrumdur - insanın azadlığı barədə mənim əsas prinsipim belədir”.

Bu əminliyi o şəxs bəyan edə bilər ki, o, həyatı, onun reallıqlarını tələb olunan səviyyədə bilsin. 2009-cu ildə nəşr etdirdiyim və 2010-cu ildə dövlət mükafatına təqdim olunmuş “Azərbaycanda investisiyalar” adlı  kitabıma bu konsepsiyanı epiqraf seçmişəm. Həmin kitabda cənab İlham Əliyevə 35 dəfədən  çox istinad olunub. Məqsədim də Prezidentin konseptual baxışlarının həyatiliyini və apardığım elmi tədqiqatların nəticələri ilə üst-üstə düşdüyünü nümayiş etdirməkdən ibarət olmuşdur.

2003-cü ildə keçirilmiş prezident seçkilərində qələbə qazanmış cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlaması ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması sahəsində görülmüş işlərə yeni təkan verdi. Birinci regional inkişaf proqramını təsdiq edən cənab İlham Əliyev bu mühüm sənədi iqtisadi baxımdan görülən işlərin yeni bir istiqaməti kimi müəyyənləşdirmişdir. Proqramda hökumətin iqtisadi siyasətində yeni istiqamətlər və yeni keyfiyyət dəyişiklikləri təsbit olunmuşdur. Ölkə başçısı tərəfindən irəli sürülən “insanların iqtisadi cəhətdən azad olması”, “tarazlı iqtisadi inkişaf”, “idxalı əvəz edən iqtisadi siyasət”, “neftdən və neftin qiymətindən asılı olmayan iqtisadiyyat”, “xarici amillərdən asılılığın azaldılması” kimi konsepsiylar Azərbaycanın iqtisadi inkişaf modelini müəyyən etmişdir. Bu konseptual baxışlar iqtisadi islahatları yeni-yeni ideyalarla zənginləşdirmiş, yeni iqtisadi siyasətin formalaşmasını təmin etmişdir. Ölkə Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin məqsədini təkcə maksimum istehsalın deyil, eyni zamanda, əhalinin maksimum məşğulluğunun və maksimal alıcılıq qabiliyyətinin təmin edilməsi təşkil edir. Yeni konsepsiya üzərində qurulan hökumət siyasəti yaxın gələcəkdə Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr sırasına daxil ola bilməsinə maddi-texniki əsas yaradır.

Bu konseptual hədəflərə nail olunma səviyyəsini xarakterizə edən bir neçə statistik informasiyanı diqqətinizə çatdırmaq istəyirəm. Birinci olaraq “insanların iqtisadi cəhətdən azad olması” hədəfimə aid qeyd edim ki, əhalinin ev əmlakı 2000-ci ildəki 1,6 milyard manatdan 2011-ci ildə 15,4 milyard manata qədər, onların minimal gəlirləri 3,5 milyard manatdan 2012-ci ildə 35 milyard manatadək artmışdır. Əhalinin banklardakı depozitləri 2003-cü ildə 252 milyon manat, 2011-ci ildə 4,1 milyard manat, ötən il isə 5,1 milyard manat olmuşdur. Əgər 2000-ci ildə ölkədə 332 min minik avtomobili (avtobuslar daxil deyil) vardısa, ötən il onların sayı 959 minə çatmışdır. Hər min nəfərə düşən minik avtomobillərin sayı 2,5 dəfə artmışdır.

“Tarazlı iqtisadi inkişaf” konsepsiyası sahəvi və regional aspektlərdə həyata keçirilmişdir. Sahəvi tarazlıq inkişaf konsepsiyası ölkənin qeyri-neft sektorunun prioritet inkişafını ehtiva edir. 2003-cü ildə bu sektorda 5,2 milyard manat ümumi daxili məhsul yaradılmışdısa, ötən il bu göstərici 30 milyard manata qədər artmışdır. Regional aspektə gəlincə isə, 2003-2010-cu illərdə ölkə üzrə 154 sənaye obyekti tikilib istifadəyə verilmişdir ki, onun da 92 faizi bölgələrin payına düşür. Həmin obyektlərin 118-i qeyri-neft emal sənaye sektoruna aiddir. Birinci regional Dövlət Proqramı çərçivəsində regional inkişafa (Bakı şəhəri istisna olmaqla) 13,2 milyard manat, ikinci proqram çərçivəsində isə 14,3 milyard manat (2004-2012-ci illər ərzində cəmi 27,5 milyard manat) əsas kapitala investisiya yönəldilmişdir ki, bu da ölkə üzrə investisiyaların üçdə birindən çoxdur.

2013-cü il prezident seçkilərindən sonra andiçmə mərasimində cənab İlham Əliyevin çıxışında gələcək dövr üçün yeni hədəflər müəyyən edilmişdir. Onların cərgəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun iki dəfə artırılması, sənyeləşmə siyasətinin davam etdirilməsi,  kənd  təsərrüfatının və ağır sənayenin prioritet inkişafı və iqtisadi inkişafın  demoqrafik  amillə uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində siyasətin davam etdirilməsi və s. mühüm yer tutur. Bütün bu hədəflər son nəticədə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcəkdir.  Elə dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan - 2020:  Gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla yerinə yetirilməsi cənab İlham Əliyevin bəyan etdiyi bu hədəflərə nail olunacağına təminat verir. 

Yeri gəlmişkən, fürsətdən istifadə edib demək istəyirəm ki, cənab Prezidentin  konseptual baxışlarının vaxtında və tam məzmunda yerinə yetirilməsi üçün mərkəzi idarəetmə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsinə, bütövlükdə dövlət idarəetmə sisteminin keyfiyyətinin yüksəldilməsinə ciddi ehtiyac vardır. Ömrünün əlli ilindən çoxunu ölkəmizin iqtisadi sektorundakı problemlərin elmi və praktiki həllinə həsr etmiş bir alim  kimi qənaətim ondan ibarətdir ki, inkişaf etmiş ölkə olmaq istəyən Azərbaycanda 2020-ci ildə adambaşına ÜDM-in istehsalı 13 min dollar yox, ən azı 25 min dollar təşkil etməlidir.

Allahyar MURADOV:

-Qloballaşma və inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsədlə ölkəmizdə yaxın və uzaq gələcək üçün fəaliyyət proqramları işlənib hazırlanır və həyata keçirilir.  Ölkənin həm regionda inkişafı, həm də dünya iqtisadiyyatının subyektindən biri kimi fəaliyyət strategiyası vahid konseptual baxış mövqeyindən həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi, siyasi, mədəni və s. əlaqələrini də əhatə edir. Son illərdə ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyası daha da genişləndirilmişdir. Belə geniş miqyaslı iqtisadi siyasət və bu sahədəki  fəaliyyət proqramı Azərbaycanın təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasiya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.

Azərbaycanda biliyə əsaslanan yeni iqtisadi inkişaf modelinin qurulması üçün elm və təhsilin, elmtutumlu sənaye sahələrinin inkişaf etdirilməsi, insan kapitalının formalaşması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.Bilik iqtisadiyyatı modelinə keçidin zəruriliyini şərtləndirən bir sıra amillər vardır. Bilirsiniz ki, hazırda dünya bazarında kəskin rəqabət gedir və bu rəqabətdə bilik aparıcı yer tutur. Bu baxımdan hesab edirik ki, ölkəmizdə bilik iqtisadiyyatı modelinin qurulması günün və zamanın tələbidir. İlk növbədə diqqətə çatdırım ki, bilik iqtisadiyyatının formalaşdırılması daxili bazarın qorunmasını təmin edəcək, yerli istehsalın stimullaşdırılması üçün şərait  yaranacaq, iqtisadi və sosial təhlükəsizlik təmin olunacaq, intellektual potensial formalaşacaqdır.

 Gülşən YÜZBAŞIYEVA:

-Son dövrlər ölkə Prezidenti İlham Əliyev  tərəfindən dəstəklənən layihələr nəticəsində böyük müəssisələr  açılır, qeyri-neft potensialı daha da artır. Sahibkarlığın inkişafı üçün bütün imkanlar yaradılır. İnkişaf, abadlıq, sosial layihələrin icrası prosesi sürətlə gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Artıq neft və qazın hesabına bunu artırmaq mümkün olmayacaqdır. Çünki biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik”.

Qeyd olunanların fonunda müasir dövrdə iqtisadi inkişafın təmin olunması üçün strukturun regional faktorları daha dərindən öyrənilməlidir. Regional strukturun sahə quruluşunun   dəyişdirilməsi, əmək bölgüsünün daha da dərinləşməsi, istehsal və sosial infrastrukturun inkişaf səviyyəsindən asılı olaraq əmək və təbii resurslardan istifadə və yerləşdirilməsində  irəliləyişlərlə müşayiət olunur.  Təkrar istehsal əhəmiyyətli dərəcədə demoqrafik situasiya, əsas istehsal və qeyri-istehsal fondlarının təkrar istehsal strukturu  ilə müəyyənləşdirilir. Bütün bunlar məhz regionlar səviyyəsində,  qarşılıqlı əlaqə də daha çox hiss olunur.

Regional strukturun xüsusiyyətlərindən biri də odur ki, az və ya çox dərəcədə təsərrüfatın inkişafında paya görə regionları bir-birindən fərqləndirmək olar. Baş verən proseslərin gerçək məzmununun dərk edilməsi regionların idarə olunmasında daha məqbul sayılacaq idarəetmə qərarlarının qəbuluna  imkan yaratmaqla burada həmçinin işçi qüvvəsi resursları və əsas fondlar nəzərə alınır. Bütün bunlar isə öz növbəsində regionda əmtəələrin təkrar istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, istehsalın səmərəliliyinin yüksəldilməsi üçün iş qüvvəsi resursları ilə əsas fondlar arasındakı pozulmuş tarazlığın yenidən  bərpa edilməsi də tələb olunur. Məqsədli qərarlardan asılı olaraq regional strukturun səmərəliliyini iqtisadi və sosial-iqtisadi aspektlərdə nəzərdən keçirmək olar.

Regional inkişaf dedikdə, region əhalisinin daha yüksək keyfiyyətli  həyat standartları ilə təmin olunması, dayanıqlılıq xüsusiyyətləri olan və konkret əhatə dairəsində inkişaf etmək bacarığı başa düşülür. Regionların tipoloji təsnifatı onların rəqabətqabiliyyətliliyi və iqtisadi potensialı baxımından da əhəmiyyət kəsb edir, çünki regionların inkişaf etdirilməsi baxımından bir sıra əhəmiyyətli faktorlar mövcuddur. Bunlar aşağıdakılardır: regionun formalaşması baxımından ixtisaslaşdırılması; regiondaxili və milli ixrac bazarlarının həcmi və münasibliyi; regionda resurs təminatı və qiymətlərin münasibliyi; regiondakı istehsal güclərin texnoloji səviyyəsi, vəziyyəti və istismar müddəti; regionun  investisiya, innovasiya, intellektual və iş qüvvəsi potensialı; regionda infrastrukturun inkişaf səviyyəsi.

Bu səbəbdən də regionda mənfəətlərin artmasına imkan yaradan rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi məqsədəuyğundur, çünki, rəqabət üstünlükləri istifadə olunmaqla hər hansı bir digər yerdə əldə olunması mümkün olmayan üstünlükləri reallaşdıraraq mənfəət əldə etmək mümkündür. İndiki dövrdə regionların inkişaf səviyyəsindəki bərabərsizliklərin aradan qaldırılması yerinə makroiqtisadi regional  klaster modelinə keçid xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, innovasiya klasterləri, regionların səmərəli innovasiyalı inkişafının təmin edilməsinin də əhəmiyyəti var.  İqtisadiyyatın sahələr üzrə quruluşunun (istehsal və real kapital)   bazar makrostrukturu sisteminə daxil olması formalarından biri kimi regional iqtisadiyyat çıxış edir. Regional kapitalın bütövlüyü sahələr üzrə texnoloji zəncirlər həlqası ilə deyil, klaster-ərazi investisiya qovşaqları vasitəsi ilə müəyyənləşdirilir. Bu isə ən əhəmiyyətli məsələ kimi diqqəti cəlb edir. Müasir dövrdə mövcud şərait regionların yeni tipoloji təsnifatının verilməsinə tələb edir.

Rəna SULTANOVA:

– “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına müvafiq olaraq  2012-ci ildə ölkədə yeni yaradılmış və fəaliyyət göstərmiş müəssisələrin 61,5 faizi Bakı şəhəri, 10,3 faizi Aran, 7,6 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax, 5,2 faizi Lənkəran, 3,6 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının, qalanları isə digər regionların payına düşmüşdür. Ümumilikdə, 2012-ci ildə  ölkə üzrə 100-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir.

Əvvəlki dövrlərdə olduğu kimi, ötən ildə də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sənayeləşmə siyasəti aparılmışdır.  Bu zaman əsas hədəf isə istehsalın və ixracın diversifikasiyasının sürətləndirilməsi istiqamətinə, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ əsaslı texnologiya və malların istehsalına yönəldilmişdir. Belə ki, 2012-ci ildə sənayedə fəaliyyət göstərən müəssisələr və sahibkarlıq subyektləri tərəfindən 33,9 milyard manatlıq, o cümlədən, mədənçıxarma sənayesində 25,6 milyard manatlıq (75,4 faiz), emal bölməsində 6,4 milyard manatlıq (18,9 faiz), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 1,7 milyard manatlıq (5,1 faiz), su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 191,2 milyon manatlıq (0,6 faiz) məhsul istehsal olunmuşdur.  Ötən il qeyri-neft sənayesi üzrə istehsal 6,5 milyard manat təşkil etmişdir. Aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunda 9,7 faiz o cümlədən, qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınmışdır. Bu dövr ərzində sənayenin inkişafına yönəldilən investisiya qoyuluşu 5,6 milyard manat, o cümlədən, qeyri-neft sənayesi üzrə 2 milyard manat olmuşdur. Ölkədə rəqabətqabiliyyətli məhsul istehsalının təşkili isə əsasən  Sumqayıt Texnoparkında yerləşən 17 müəssisədə həyata keçirilir.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  sərəncamı əsasında təsdiq olunmuş “Azərbaycan 2020-ci ildə: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkə sənayesində klasterlərin yaranması və bu istiqamətdə rəqabətqabiliyyətli məhsul istehsalının təşkili tədbirlərinin həyata keçirilməsi öz əksini tapmışdır. Onu da vurğulamaq lazımdır ki, texnoloji parkların yaranması regional innovativ zonalar çərçivəsində həyata keçirilir, bu da öz növbəsində kiçik və orta sahibkarlığın stimullaşdırılmasını nəzərdə tutur.

Bu gün istehsal olunan məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, müəssisələrin yeni texnika və texnologiya ilə təchiz olunması ölkəmizdə belə texnoloji parkların yaranmasını ön plana çəkir. Belə ki, dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və bununla bağlı imzaladığı fərmanlara əsasən, Bakı şəhərində Balaxanı Sənaye Parkı və Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Bu da yeni yaranmış sənaye müəssisələrində innovativ fəallığın sürətlənməsinə səbəb olacaq.

Hazırda ölkə regionlarında sənayenin davamlı inkişafının təmin edilməsi, sənaye məhsullarının rəqabətqabiliyyətinin artırılmasında beynəlxalq standartların tətbiq olunması, bu sahədə rəqabət mühitinin inkişaf etdirilməsi, daxili bazarın qorunmasının stimullaşdırılması, sənaye fəaliyyəti üçün müəyyən edilmiş dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi və sənaye kompleksinin inkişafı, ilk növbədə, qanunvericilik bazasının təkmilləşdirilməsindən asılıdır.

Beləliklə, sənayedə struktur siyasəti istehsalın texniki cəhətdən modernləşdirilməsinə, regionlararası təsərrüfat əlaqələrinin təkmilləşdirilməsinə və yeni sənaye komplekslərinin yaradılmasının stimullaşdırılmasına yönəldilməlidir. Hesab edirəm ki, bu, regionların sosial-iqtisadi inkişafının təmin olunmasının əsasını təşkil edir. Bu baxımdan iqtisadi rayonlarda rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında keyfiyyət göstəricilərinin əldə olunması vacib şərtlərdən biri hesab olunur ki, bu da daxili bazarın tələbatını ödəyən və ixracı mümkün olan innovasiya əsaslı məhsul və texnologiyaların yaradılmasında vacib şərtlərdəndir.

 

(ardı var)

Hazırladılar:

Əlipənah BAYRAMOV,

Vaqif BAYRAMOV,

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında