Türkiyədə Xəzər Strateji Araşdırmalar Mərkəzinin “Enerji birjası hesabatı”nın təqdimatı

Türkiyədə Xəzər Strateji Araşdırmalar Mərkəzinin (HASEN) “Enerji birjası hesabatı”nın təqdimatı olmuşdur.

Hesabatı jurnalistlərə təqdim edən HASEN-nin ekspertləri, dosent Fatih Macit və Cəmil Ertem enerji birjasının əhəmiyyətindən, Cənub qaz dəhlizinin bu birjaya inteqrasiyası və bölgənin siyasi-iqtisadi inkişafında rolundan danışmışlar. 

HASEN-nin elm və ekspertlər qrupunun sədri, professor Bülent Aras jurnalistlərə bildirmişdir ki, son bir neçə ildə Azərbaycanla birgə həyata keçirilən enerji layihələri, Ceyhan terminalı və İzmirin Aliağa bölgəsində SOCAR-ın reallaşdırdığı sərmayə proqramları bölgənin enerji sektorunda mühüm dəyişikliklərə səbəb olmuşdur. Türkiyədə yaradılacaq enerji birjası bütün bu dəyişikliklər üçün yaxşı perspektivlər vəd edir. Bu birja sərmayələrin təşviq edilməsi, ölkənin mühüm enerji dəhlizi olması baxımından zəruri amil olacaqdır. Hazırda BTC neft kəmərinin səmərəli fəaliyyəti, gələcəkdə TANAP boru xətti ilə Azərbaycan təbii qazı ilə yanaşı İraqdan da mavi yanacağın nəqli perspektivləri də nikbinlik üçün əsas verir. Bundan başqa, elektrik enerjisi istehsalının 43 faizini təbii qaz hesabına təmin edən Türkiyənin özünün də tələbatının ödənməsi baxımından bu birjanın önəmini qeyd etmək lazımdır.

Təqdimat mərasimində vurğulanmışdır ki, son illər Azərbaycan və Türkiyə böyük iqtisadi inkişaf yolu keçmişlər. Enerji daşıyıcılarını idxal edən Türkiyədə istehlak 60 faiz artmışdır. TANAP, TAP layihələri, habelə atom elektrik stansiyasının inşasına dair Ankaranın Tokio ilə imzaladığı saziş enerji birjasını canlandırmaqla bərabər, tenderlərdə iştirak etməyə şərait yaradacaqdır.  

Ekspertlər onu da vurğulamışlar ki, Türkiyənin qonşuluğunda, xüsusilə İraq və Azərbaycanda böyük təbii qaz ehtiyatları vardır. Ankara istehlakçı və istehsalçı coğrafiyalar arasında enerji körpüsü rolunu oynayacaqdır. Bu perspektiv TANAP, TAP və Cənub qaz dəhlizi ilə daha real olmuşdur. İraq və İsrail təbii qazının da TANAP boru xətti ilə Avropa bazarına çıxarılması müzakirə edilir. Türkmənistan və İran da bu kəmər vasitəsi ilə qaz nəql edə bilərlər.   Hesablamalara görə, Türkiyə ərazisindən Avropaya 100 milyard kubmetr təbii qaz nəql oluna bilər.

HASEN-in ekspertləri daha sonra bildirmişlər ki, birjanın və enerji daşıyıcılarının qiymətlərinin müəyyən edildiyi yer Ceyhan limanı olacaqdır. Bu birjanın daha bir missiyası isə xam neft və təbii qazın qiymətlərində spekulyativ hərəkətlərin qarşısının alınmasından ibarətdir. Bundan başqa, istər enerji birjasının perspektivi, istərsə də Cənub qaz dəhlizinin səmərəliliyi tələb edir ki, Azərbaycan təbii qazı ilə yanaşı, İraq və İran qazı da Türkiyə üzərindən nəql olunsun. Bu, regional sabitliyə də töhfə verəcəkdir.   

Toplantıda vurğulanmışdır ki, gələn ilin əvvəlində TANAP layihəsini  təməlinin atılacağı barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı verilən müjdə, iki qardaş ölkə arasında konstruktiv əməkdaşlığın inkişaf perspektivləri regionun və Avropanın enerji təhlükəsizliyi baxımından nikbinliyi artırmışdır.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında