Qəbələdə İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna həsr olunmuş beynəlxalq forum keçirilir

 

 

 

 

 

Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna dair VI Beynəlxalq forum keçirilir. AzərTAc xəbər verir ki, forum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.

Forumda 11 ölkənin - Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin 5 beynəlxalq təşkilatın - Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (BANİ), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 33 nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov çıxış etmişlər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda ikinci dəfə keçirilən bu beynəlxalq forumun ölkələr arasında gömrük və ticarət dövriyyəsi ilə bağlı yeni əlaqələrin yaranmasına səbəb olacağını bildirmişdir. İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin asanlaşdırılması və əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin zəruriliyini vurğulayan komitə sədri İpək Yolunun Şərqlə Qərb arasında ticarətin tarixi marşrutu kimi ölkələrin iqtisadi, mədəni həyatına müsbət təsirindən və əhəmiyyətindən danışmışdır.

Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıçı ötən il bu mövzuda İstanbulda təşkil olunan V beynəlxalq forumun davamı kimi “Karvansara” layihəsinin İpək Yolu ölkələri arasında ticarətə dəstək olacağını və onun asanlaşdırılmasına xidmət edəcəyini diqqətə çatdırmışdır. O, bildirmişdir ki, ilk dəfə olaraq foruma iş adamları da dəvət edilmişdir və burada gömrük və biznes dialoqunun təqdimatı olacaqdır.

Daha sonra forum öz işini sessiyalar üzrə davam etdirmişdir. İpək yolu ölkələri arasında gömrük sərhəd - keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi məsələləri müzakirə edilmiş, Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları (İnteqrəedilmiş sərhəd idarəçiliyi) bölmələri üzrə məruzələr dinlənilmişdir.

TRASECA hökumətlərarası komissiyasında Azərbaycanın milli katibi, Daimi Katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASECA) imkanları və perspektivləri”, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşəbbüsləri”, Türkiyənin Ticarət və Gömrük Nazirliyinin nümayəndələri Didem Dirlik “Karvansara” layihəsi, Önder Göçmen “Ümumi tranzit”, Eser Çengel “İƏT ölkələrində nəqliyyat dəhlizi”, Asiya İnkişaf Bankının Azərbaycandakı rezident nümayəndəsi Olly Norojono  “İnteqrəedilmiş ticarətin sadələşdirilməsi”, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Avrasiyadakı daimi missiyasının baş eksperti Mixail Pokrovski “Magistral modeli təşəbbüsü - BANİ layihəsi”, Xəzər-Avropa İnteqrasiya Biznes Klubunun baş icraçısı Telman Əliyev “İpək Yolu çərçivəsində biznes-hökumət dialoqunun inkişafı və perspektivləri” mövzularında çıxışlar etmişlər.

Noyabrın 15-də işini davam etdirəcək forumun sonunda Qəbələ Bəyənnaməsi qəbul ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında