Şriftin ölçüsü:
04.08.2010 05:38 | Oxunma sayı: 646
Yeni əsrin ilk illərindən etibarən, xüsusən, 2003-cü ilin payızından sonra Azərbaycan Respublikası regionda və dünyada hərtərəfli inkişaf üzrə böyük göstəricilər əldə etmişdir. Ölkəmiz yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, adambaşına düşən ümumi daxili məhsul istehsalının artım tempi və başqa göstəricilər üzrə mühüm nailiyyətlərə imza atmışdır. Bu tərəqqinin əldə edilməsində prinsipial və elmi şəkildə idarəetmənin xüsusi rolu olmuşdur. Bütün sahələrin inkişafını təmin edəcək xüsusi Dövlət Proqramlarının təsdiq və icra edilməsi isə nailiyyətlərimizin əsas səbəblərindən biridir.
Yuxarıda qeyd etdiyimiz göstəricilərin reallığa çevrilməsini təmin etmiş əsas proqram da elə 2003-cü ilin payızından sonra tərtib edilmiş, 2004-cü ilin fevralında dövlət başçısının fərmanı ilə təsdiqlənmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" sözün həqiqi mənasında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin edə bildi. Həmin dövlət sənədinin 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsi də böyük uğurla icra edilir. Mən bu dövlət proqramlarını ona görə yada salıram ki, çalışdığımız sahənin əsas vəzifələri elə regionların sosial-iqtisadi inkişafına xidmət etməkdən ibarətdir. Həmin dövlət proqramlarının Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən hissəsinin müvafiq bölmələrində taxılçılığın, meyvəçiliyin və maldarlığın inkişaf etdirilməsini, daşqın və sel sularının qarşısının alınmasını təmin edəcək xüsusi bəndlər vardır. Suvarma sistemləri idarəsinin həyata keçirdiyi tədbirlər isə bilavasitə həmin sahələrlə əlaqədardır.
Qeyd etdiyimiz kimi Azərbaycan iti sürətlə inkişaf edir və böyük fəxrlə yada salaraq cəsarətlə deyə bilərəm ki, Zaqatala rayonu da həmin prosesin fəal iştirakçılarından, öndə gedən rayonlardan biridir. Bu gün Zaqatalada rayon həyatının elə bir sahəsi yoxdur ki, orada inkişafın respublika səviyyəsinə cavab verəcək göstəricilər əldə edilməsin. Məmnunluqla qeyd etmək istəyirəm ki, həmin uğurlarda bizim də payımız var. Belə ki, Zaqatala Suvarma Sistemləri İdarəsi rayonumuzun bugünkü inkişafında özünəməxsus rol oynayır. Fikrimi əsaslandırmaq üçün idarəmizin cari ildə həyata keçirdiyi tədbirlərin bir neçəsini yada salaq.
İdarəmiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi istismar planına uyğun olaraq rayonumuzda meliorasiya və irriqasiya işlərini həyata keçirir. Əsas vəzifələrimiz Zaqataladakı 15 min 562 hektar suvarılan torpaq sahələrini suvarma suyu ilə təmin etmək, rayon ərazisindəki meliorasiya və su təsərrüfatı sistemlərinin istismarını təşkil etmək və bu sahələrin inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsidir. Keçən müddət ərzində 11 min 700 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılmasını təmin edərək, bu məqsədlə su mənbələrindən 16 min 600 kubmetr həcmində suyu su istifadəçilərinə çatdırmışıq.
Təbii ki, bütün sərvətlər kimi su da tükənməz deyildir. Ona görə də bu sərvətdən qənaətçilliklə istifadə edilməsi mühüm şərtlərdən biridir. Odur ki, əkin sahələrini suvarma suyu ilə itkisiz təmin etmək məqsədi ilə hər biri 80 kilometr uzunluğunda olan 20 ədəd təsərrüfatlararası, ümumilikdə 417 kilometr uzunluğunda isə torpaq suvarma kanallarımız vardır. Suvarma şəbəkələri vasitəsilə fermer və təsərrüfatların normal su ilə təmin edilməsi məqsədilə 61,4 min manatlıq iş görülmüş, 126 min kubmetr həcmində lildən təmizləmə tədbirləri həyata keçirilmişdir. Bununla yanaşı suvarma kanalları üzərində olan 8 ədəd hidrotexniki qurğu və 6 hidropost cari təmir edilmişdir ki, bu məqsədlə də 1735 manat vəsait xərclənmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi Zaqatala sel sularının təsirinə ən çox məruz qalan rayonlardan biridir. Rayon ərazisindən 4 iri dağ çayı axır. Yaz və payız yağışları zamanı daşan və böyük təhlükə yaradan bu çaylar əkin sahələrinə və yaşayış məntəqələrinə xeyli miqdarda ziyan vurur. Həmin ziyanı minimuma endirmək, sel sularının qarşısını almaq məqsədiylə ayrı-ayrı çaylarda 37 kilometrdən artıq sahil və mühafizə daş-beton bəndləri qurulmuşdur. Son illərdə rayon ərazisindən axan çaylarda əsaslı daş-beton bəndlərin tikintisi genişlənmiş, mövcud bəndlərin təmirinə diqqət artırılmışdır.
Bu ilin ilk yarısında Muxax çayının sağ sahilində Əliabad kəndinin yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq məqsədilə dövlət vəsaiti hesabına 100 metr uzunluğunda olan (1050 kubmetr) daş-beton bənd tikilmişdir. Bu işlərə 97 min manat vəsait xərclənmişdir. Eyni zamanda Makov və Suvagil kədlərinin hərəsində bir artezian quyusu qazılmışdır.
İdarənin istismar tədbirləri planına uyğun olaraq sahil-mühafizə bəndlərinin təmir edilməsi məqsədilə Bəkməz çayında 1742 kubmetr həcmində (146 min manatlıqdan çox) Tala çayında 842 kubmetr (86 min 500 manatlıq), Qaraçayda 1229 kubmetr (151 min manatlıq) təmir işləri aparılmışdır. Bunlarla yanaşı təmir-tikinti işləri də davam etdirilmişdir ki, bütün bunların reallaşdırılması üçün 394 min manatdan çox vəsait xərclənmişdir. Muxax, Tala və Bəkməz çaylarında çay yatağının təmizlənməsi işləri də daim diqqət mərkəzində olmuşdur. Muxax çayının ən təhlükəli hissəsində 200 kubmetr həcmində qabion qurğuları quraşdırılmışdır.
Bütün bunlar bizim gördüyümüz işlərin bir hissəsidir. Əsas işimiz isə ölkənin sosial-iqtisadi inkişafına xüsusi töhfələr verən Zaqatala rayonunun qarşısında duran vəzifələrin icrasında cani dildən iştirak etməkdir. Gördüyümüz işlərin reallaşdırılmasında rayon icra hakimiyyəti rəhbərliyinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhidar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin qayğısını daim hiss edirik. Həm tabeçiliyində olduğumuz cəmiyyətin, həm də rayon rəhbərliyinin qayğı və diqqətinə daim nümunəvi xidmətimizlə cavab verəcəyik.
{nl}
Fikrət ŞƏRİFOV, Zaqatala Rayon Suvarma Sistemləri İdarəsinin rəisi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.