Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi, baş vergi xidməti müşaviri İlham Əmirəliyev dövlət büdcəsinə vergi ödənişlərinin təşkili sahəsində vergi orqanlarının həyata keçirdiyi tədbirlər barədə söhbət zamanı demişdir: -Operativ vergi nəzarəti tədbirləri mütəmadi xarakter daşıyır, Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır və müvafiq təhlillər aparılır. Təhlillər nəticəsində ortaya çıxan problemlər, nöqsanlar vaxtaşırı araşdırılır, gələcəkdə bu cür halların baş verməməsi üçün təsirli addımlar atılır.
İlham Əmirəliyev vurğulamışdır ki, dövlət cari ilin 9 ayı ərzində operativ vergi nəzarəti aparılmış obyektlərin sayı artaraq 43756-ya çatmışdır. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 13093 sayda artım deməkdir. Bu göstəricidə vergi orqanlarında uçota durmadan sahibkarlıqla və “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi məsələləri istisna təşkil edir. Bir sıra vergi orqanlarıında - 3 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) 526, 11 saylı Ərazi Vergilər Departamentində (ƏVD) 136, 14 saylı ƏVİ-də 150, 4 saylı ƏVİ-də 33 sayda azalma müşahidə edilmişdir.
Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması ilə bağlı operativ vergi nəzarəti keçirilmiş, qanun pozuntusu aşkar edilmiş obyektlərin sayı 7989 ədəd artmışdır. Təhlillər göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə vergi orqanları üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə tətbiq edilmiş və ötən dövrlərdən ödənilməmiş 13 milyon 108,9 min manat məbləğində maliyyə sanksiyalarından 10 milyon 178,1 min manatının (77,6 faiz) ödənilməsi təmin edilmişdir. Ayrı-ayrı vergi orqanları üzrə isə bu göstərici 66,1 faiz-97,4 faiz arasında olmuşdur.
İ. Əmirəliyev aksiz markaları ilə markalanmalı olan alkoqollu içkilərin və tütün məmulatlarının markalanmadan satışı hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışarkən diqqətə çatdırmışdır ki, alkoqollu içkilərə və tütün məmulatına aksiz markalarının tətbiqinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Təhlilər göstərir ki, bununla bağlı 2013-cü ilin 9 ayı ərzində 1295 və ya 2012-ci ilin müvafiq göstəricisinə nisbətən 56 sayda çox obyekt əhatə olunmuşdur. Bu göstərici 3 saylı ƏVİ üzrə 4,6 dəfə azalmış, 5 saylı ƏVİ üzrə isə nəzarət aparılmış obyektlərin sayı 5 ədəd artsa da, qanun pozuntusu aşkar edilmiş obyektlərin sayı 18 vahid azalmışdır. 3 saylı ƏVİ üzrə nəzarət aparılmış 91 obyektin 34-də (37,4 faiz), 5 saylı ƏVİ üzrə 62 obyektin 6-da (9,7 faiz), 6 saylı ƏVİ üzrə 72 obyektin 8-də (11,1 faiz), 8 saylı ƏVİ üzrə 87 obyektin 17-də (19,5 faiz), 10 saylı ƏVİ üzrə 53 obyektin 11-də (20,8 faiz), 13 saylı ƏVİ üzrə 103 obyektin 14-də (13,6 faiz) aksiz markalarının tətbiqi qaydalarının pozulması faktları aşkar edilmişdir.
İ.Əmirəliyev daha sonra valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi məsələsinə toxunaraq qeyd etmişdir ki, sözügedən dövrdə vergi orqanları tərəfindən 3008 və ya ötən ilin müvafiq dövrü üzrə bu göstəriciyə nisbətən 1131 çox obyektdə, valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericilklə müəyyənləşdirilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi məsələsi üzrə isə 2491 obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Hər iki məsələ üzrə qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati xəta haqqında ümumilikdə 5529 protokol tərtib edilmişdir. Göstərilən məsələlər üzrə nəzarət tədbirləri zamanı aşkar edilmiş qanun pozuntularına görə təhlil olunan dövrdə tətbiq edilmiş və ötən dövrlərdən qalmış 318,9 min manat məbləgində inzibati cərimədən 179,2 min manatı və ya 56,2 faizi ödənilmişdir.
İ. Əmirəliyev söhbətinin sonunda işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılmaması hallarına qarşı mübarizə tədbirləri haqqında danışmışdır. Diqqətə çatdırmışdır ki, əmək müqaviləsi (kontraktı) bağlanılmadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə 8266 obyekt nəzarətlə əhatə olunmuşdur. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1207 ədəd çoxdur. Bu məsələ üzrə ümumilikdə vergi orqanları tərəfindən operativ vergi nəzarəti aparılmış obyektlərin 49,6 faizində (4101-də) qanun pozuntusu aşkar edilmişdir.
Nəzarət tədbirləri nəticəsində 2140 nəfər şəxsin əmək müqaviləsi (kontraktı) bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Aşkar edilmiş qanun pozuntularına görə ümumilikdə vergi orqanları üzrə vergi ödəyicilərinə tətbiq edilmiş (7 milyon 290 min manat) və ötən dövrlərdən qalıq qalmış (1 milyon 944,6 min manat) 9 milyon 234,6 min manat maliyyə sanksiyalarının 7 milyon 325,1 min manatı (79,3%-i) ödənilmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.